Şəhid yadigarı 3 yaşlı Sahibənin doğum günü qeyd edildi - FOTO + VİDEO
24 Dekabr 2022 21:55 SosialYevlax rayonunun Aşağı Qarxun kəndinin fəxri, qəhrəman şəhidimiz Yusifli Özal İdris oğlu Vətən müharibəsinə qatılanda yeganə yadigarı qızı Sahibə 11 aylıq idi. 2020-ci il sentyabrın 30-da körpəsini bağrına basıb, gənc həyat yoldaşı Elcanə ilə hallalaşıb, geridə qoyduğu dəyərlilərini qardaşlarına əmanət etmişdi. Bir daha övladını görməyən Özal, Suqovuşan və Talış kəndlərinin azadlığı uğrunda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Sahibə xeyli böyüyüb, artıq 3 yaşını tamamlayıb. Şəhidinə dəyər verən Yevlax rayonu ziyalıları, ictimaiyyətin nümayəndələri, Aşağı Qarxunlular dekabrın 23-də Özalın yadigarı Sahibənin doğum gününü qeyd etmək üçün onlara toplaşmışdı. Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev, Respublikanın Əməkdar jurnalisti Əminə Yusifqızı, Aran Regional Təhsil şöbəsinin rəhbərliyi, Aşağı Qarxun bələdiyyəsinin sədri Rövşən Bostanov və kollektivi, şəhid Xanlar Məmmədov adına tam orta məktəbin şagird və müəllim kollektivi, həmçinin Sahibənin getdiyi Aşağı Qarxun uşaq baxçasının kollektivi, kənd camaatı, qohum-əqrabalar 3 yaşlı Sahibəni tək qoymadı, ailə üzvləri ilə birlikdə onun ad gününü qeyd etdilər. Vətən uğrunda canından keçən şəhid Özalın əziz xatirəsi dərin ehtiramla yad edildi. Yevlax rayonunda hər şəhidə və onun ailəsinə daim diqqət və qayğı ilə yanaşmaq ənənə halını alıb. Onların doğum və anım günlərində ailələri və məzarları ziyarət edilir, övladlarının doğum günündə də onların yanında olmaq unudulmur.
Şəhidin atası İdris kişi, anası Pərvanə xanım nəvəsinin doğum gününün təbrik edilməsini ailəsinə göstərilən növbəti diqqət və qayğı kimi dəyərləndirib.
Gülnar Cavadova









