Erkən nikahların törətdiyi fəsadlar ailə institutuna ciddi ziyan vurur

 Cəmiyyət, yoxsa valideynlər günahkardır?

Bütün dünyada müşahidə olunan erkən nikah məsələsi Azərbaycanda da aktual  hesab olunur. BMT-nin qiymətləndirmələrinə əsasən, dünyada hər il 14,2 milyon nəfər 18 yaşına çatmamış qız nikaha daxil olur. Hesablamalara görə, onların 13,2 %-ni və ya 9,2 milyon nəfərini 15 yaşına çatmamış qızlar təşkil edir. Sirr deyil ki, respublikanın əksər bölgələrində qızların erkən yaşda  ərə verilməsi faktları var. Son vaxtlar isə belə halların artımı müşahidə olunur. Məsələ orasındadır ki, azyaşlı qızlar özlərindən dəfələrlə yaşlı kişilərə ərə verilir. "Verilir" ona görə yazıram ki, bu məsələdə valideynlər xüsusi canfəşanlıq göstərir. Başqa sözlə erkən nikahlar onların xeyir-duası ilə reallaşır. Ancaq fərqində deyillər ki, 17 yaşlı qızın 50 yaşlı kişi ilə ailə qurması gələcəkdə hansı fəsadlar törədə bilər. Məsələyə fərdi yanaşmada belə izdivacların insanların şəxsi məsələsi olduğunu əsas gətirərək ictimai qınağa ehtiyac olmadığını qabardırlar. Əslində isə uğursuz ailələrin sayının artmasının qarşının alınması məqsədilə mütəxəssislərin ortaya mövqe qoyması daha məqsəduyğun olardı. Məsələn heç kim zəmanət verə bilməz ki, 50 yaşlı kişi 17 yaşlı qızla evləndikdən beş il sonra ona qarşı münasibəti dəyişməyəcək. Çünki, istənilən halda maddi, mənəvi və ən əsası bioloji tələbatın ödənilməsi məsələsi ortaya çıxmış olur. Bu tələbatlar ödənilmədiyi halda ailəyə qısqanclıq "sindromu" daxil olur. Ardını yazmasam da olar, çünki insanların özlərinin həyat təcrübələri kifayət qədərdir və nəticə çıxarmağı da yaxşı bacarırlar. Ancaq ictimai qınaq olmadığından erkən nikahların sayı günü-gündən artır. Belə məlum olur ki, Azərbaycan ailələrində bir çox hallarda qadın və qızların tərbiyyəsi  düzgün aparılmır. Azərbaycanda qızlar başqalarının iradəsindən asılı, oğlanlar isə qadınlar üzərində idarəedicilik hüququ olan bir formada tərbiyə edilir. Əgər uşaqları tərbiyə edərkən onlara bərabər hüquqlarının olduğunu təlqin etsək, onda normal cəmiyyət qurmuş olarıq.

Məsələ orasındadır ki, erkən nikahlar gizlin saxlandığından və rəsmi qeydiyyata alınmadığından onların dəqiq statistikasını aparmaq mümkün deyil. Bəs, erkən nikahın cəmiyyətə zərəri nədən ibarətdir? Ekspertlərin qənaətinə görə, erkən nikah sosial məsələ olduğundan onun tamamilə aradan qaldırılması mümkün deyil. Nəticədə bu sosial bəlanın vurduğu ziyanın təsirini cəmiyyət daşımalı olur. İlk növbədə qeyd edək ki, erkən nikah şagirdlərin, xüsusilə də qızların təhsildən yayınması ilə yekunlaşır ki, nəticədə gənclər arasında savadsızlıq  genişlənir. Savadsız gənclərin iradəsi zəif olduğundan onları təsir altına salmaq daha asan olur. Araşdırmalar göstərib ki, məktəbdən yayınan şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür. Göründüyü kimi, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını da artırır. Elə qəbul imtahanlarının nəticəsi deməyə əsas verir ki, respublikanın cənub bölgəsindən ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Təbii ki, bu, bizim qızların erkən yaşlarından təhsil hüququndan məhrum edildiyinin göstəricisidir. Təkcə respublikanın cənub bölgəsindən ali məktəblərə sənəd verənlərin cəmi 10 faizinin qızlar olması, onların  erkən yaşlarından təhsil hüququndan məhrum edildiyini təsdiqləyir. O da bəllidir ki, erkən nikah ailələrdə bir sıra əlavə problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın tez bir zamanda  pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. Daha acınacaqlı məqam ondan ibarətdir ki, erkən nikahlar əsasən aztəminatlı ailələrdə geniş yayılır. Elə bu səbəbdən də kənd qızlarının işlə təmin olunmalarındakı müəyyən çətinliklərin, bir sıra hallarda çarəsizlik, ümidsizlik mühitinin erkən nikahların səbəblərindən biri olduğu göstərilir. Erkən nikahlarda rəsmi sənəd olmadığından məhkəmə yolu ilə aliment də tələb etmək mümkün olmur. Onu da nəzərə alaq ki, erkən nikahların sayının artması ölkədə  demoqrafik böhrana gətirib çıxara bilər. Bir tərəfdən ailələrin dağılması, digər tərəfdən isə dünyaya xəstə uşağın gətirilməsi təbii ki, demoqrafik prosesə təsirsiz ötüşə bilməz.

Hazırki situasiya deməyə əsasə verir ki, erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə və inzibati tədbirlər gücləndirilməlidir. Cəmiyyətə aşılanmalıdır ki,  erkən nikah halı baş verdikdə ailə quran həmin qızlar təhsildən kənarda qalır, onların sağlamlığına ziyan dəyir, gələcəkdə öz maddi müstəqilliyini təmin edə bilmirlər, bir çox hallarda isə bu,  özlərinin və körpələrinin hüquqlarının pozulmasına gətirib çıxarır. Ədliyyə Nazirliyindən bildirilib ki, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə tədbirləri davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli mütərəqqi islahatlar hər bir ailənin rifahının yaxşılaşmasına, cəmiyyətimizin həssas qrupu olan qadınların hüquq bərabərliyinin, uşaqların sağlam mühitdə inkişafına müsbət təsir göstərir. Bu istiqamətdə həmçinin, respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən tədbirlər çərçivəsində dövlət gənclər siyasətinə uyğun olaraq gənclər arasında ailənin və nikahın əhəmiyyətinə, onun qorunması və möhkəmləndirilməsinə xüsusi önəm verilir. Bu məqsədlə respublika Nazirlər Kabinetinin 23.06.2020-ci il tarixi Qərarı ilə "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası" qəbul olunaraq aidiyyəti qurumlarla birgə mütəmadi maarifləndirici tədbirlər keçirilir. Bununla əlaqədar Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən cari ilin 11 ayı ərzində əhali arasında erkən nikah mövzusuna həsr edilmiş 96 maarifləndirmə tədbiri həyata keçirilib, həmçinin nikaha daxil olmaq üçün müraciət etmiş 224 erkən nikah yaşında olan (18 yaşadək) gənc erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mümkün ola biləcək mənfi təsiri barədə məlumatlandırılıb. Eyni zamanda qan qohumları arasında bağlanan nikahın tibbi fəsadları barədə məlumatları özündə ehtiva edən "Qan qohumları arasında nikah və onun fəsadları" adlı maarifləndirici buklet hazırlanıb. Xatırladaq ki,  dünyada erkən nikahların səbəbləri müxtəlifdir. Onların bəziləri ümumi xarakterli, əksəriyyəti ölkələr və regionlar üzrə fərqlidir. Bu baxımdan erkən nikahların qarşısının alınması yalnız qanunvericiliyin təkmilləşdirilməsi və sərtləşdirilməsi hesabına mümkün deyil. Bu məsələnin həlli kompleks yanaşmanı və ictimaiyyətin bütün təbəqələrinin, o cümlədən dövlət orqanlarının birgə aktiv səylərini tələb edir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31