AzMİU ilə Özbəkistanın daha iki universiteti arasındakı əməkdaşlıq genişləndirilir
20 Dekabr 2022 13:29 SosialAzərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov Özbəkistanın İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetində ezamiyyətdə olub. Ezamiyyətin məqsədi iki universitet arasında əlaqələrin qurulması, inkişaf etdirilməsi və elmi-pedaqoji əməkdaşlıq üçün memorandomun imzalanması olub.
"OLAYLAR" xəbər verir ki, səfər çərçivəsində Nurməmməd Məmmədov Daşkənd Dövlət Texniki Universitetinin rəhbərliyi ilə görüşlər keçirib, AzMİU, o cümlədən universitetin ixtisasları, potensialı, imkanları, elmi-texniki naliyyətləri, xarici əlaqələri haqqında geniş məlumat verib. Görüş zamanı, həmçinin işğaldan azad olunan ərazilərimizdə aparılan tikinti quruculuq işləri, həmin ərazilərdə yaşıl iqtisadiyyatın komponentlərindən olan yaşıl enerji strukturunun qurulmasından bəhs olunub.
Nurməmməd Məmmədov Daşkənd Dövlət Universitetinin Energetika fakültəsində 2 mövzuda geniş təqdimatla çıxış edib. "Zəngəzur: əvvəl və sonra", "İnşaatda enerji səmərəliliyi qlobal ənənə kimi" mövzularında edilən çıxışlar zamanı hər iki mövzu ətrafında müzakirələr təşkil olunub, bu istiqamətlərdə Azərbaycan və Özbəkistan təcrübələri ilə bağlı fikir mübadiləsi aparılıb.