Şəhadətə yüksələcəyi günü sayanların adıdır ŞƏHİD...

Yadımdadır. Uşaq vaxtı parkda, küçədə gəzəndə qarşımıza yaxası medallarla dolu babalar çıxırdı. Hər zaman onlara böyük rəğbət hissi ilə baxırdım. Həm də yaşlarına görə. İndi isə həmin babaların yerini gənc oğlanlar alıb. Çoxunun yaşı məndən az olsa da, onlara da eyni dərəcədə rəğbət hissi bəsləyirəm. Hətta, daha çox...
Yaxınlaşıb sual edəndə özlərindən çox şəhid olan, birlikdə çiyin-çiyinə vuruşduqları əqidə yoldaşları haqqında danışırlar. Görünür, onlar da öz şəhid yoldaşlarına eyni qədər rəğbət hissi bəsləyir. Nəinki onlar, hər birimiz! Görəsən, elə bir oğlan adı varmı ki, Qarabağ savaşlarında həmin ad göylərə ucalmasın. Tanımadığımız, bilmədiyimiz minlərlə gizli qəhrəman var. Ortaq adları var onların-Şəhid! 
Elə bu ad yetir ki, qəlbində həm fərəh, həm də acı hissini birlikdə hiss edəsən...
O adlardan biri də Müslümdür. Müslümün anası oğlu haqqında elə həvəslə danışır ki, onu tanımadığı üçün peşman olur insan. Kifayət xanım deyir ki, 3 iyul 2001-ci ildə Müslüm onu ikinci dəfə oğul anası edib. Şüvəlanda dünyaya gələn Müslüm, uşaqlıqdan idman növlərinə olan həvəsi ilə qardaşlarından seçilib. Böyük  qardaşı hərbi xidməti başa vurduqdan sonra, növbə Müslümə çatıb. Müslüm və onun kimi bir çox əsgər Vətən müharibəsi dövründə əslində hərbidən qayıdacaqları günü yox, şəhadətə ucalacaqları günü sayıblar. Hərbçi olmağa həvəsi olsa da, burnunda olan "çəpər" problemi səbəbindən onun istəyi reallaşmayıb. Hərbi xidmətdən öncə A.S. Makarenko adına humanitar gimnaziyada təhsil alıb. Daha sonra maşın servis şirkətlərindən birində işə başlayıb. Vaxtı çatanda isə hər bir gənc kimi ordu sıralarına qatılıb. Tərtərdə, Suqovuşanda, Füzuli, Şuşada-işğaldan azad edilən bütün ərazilərdə vuruşan yüzlərlə oğuldan biri də Müslüm olub. Müharibə başlayandan cəmi 1 gün sonra-28 sentyabr 2020-ci ildə Müslüm Suqovuşanda şəhadətə yüksəlib. Vəliyev MÜSLÜM  VƏLİAĞA OĞLU ölümündən sonra "Suqovuşanın azad olunması uğrunda", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medallarına layiq görülüb. 
Kifayət ana deyir ki, hazırda kiçik oğlu Füzulidə hərbi xidmətdədir. O, əsl Azərbaycan qadınıdır. Bir oğlunu şəhid verdikdən sonra digərini də hərbi xidmətə yola salmağı özünə borc bilib. 
Müslümün  2 qardaşı, 1 bacısı var. Onların da Müslümlə eyni tərbiyəyə, əqidəyə sahib gənclər olacağından əminik. Xalq olaraq, şəhidlərə və onların ailələrinə sonsuz minnətdarıq...

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31