"Jurnalist olan şəxs gedib qapı-qapı gəzib, kimdənsə maddi maraq güdməz" - Müşfiq Ələsgərli

"Azərbaycanda qanunvericilik, eyni zamanda, Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları, yəni, jurnalistlərin etik kodeksi, mediadan jurnalistikada sui-istifadə hallarını istisna edir, buna qarşıdır, bu halı qanunsuz və etik standartlara zidd hesab edir".
Bu sözləri Olaylar.az- açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, jurnalist Müşfiq Ələsgərli deyib.
"Təəssüf ki, bəzən bizim ənənəvi media təmsilçiləri, çox vaxt da sosial media təmsilçiləri, bu qaydaları və etik standartları pozaraq, mediadan sui-istifadə hallarına yol verirlər ki, biz buna "reket jurnalistlər" deyirik. Yəni, kimlərisə yazdığı yazılarda, yaxud da ki, yazacağı yazılarla hədələyərək, bunun qarşılığında müəyyən maddi maraq güdən, müəyyən qazanc əldə etmək istəyən şəxslər bu cür neqativ əməl şəxləridirlər. Belə neqativ hallara qarşı Azərbaycanda həmişə mübarizə olub. Təəssüf ki, son vaxtlar bu cür neqativ əməl sahiblərinin, yəni, mediadan, jurnalistikadan, xəbər saytlarından sui-istifadə edənlərin sayı kifayət qədər çoxalıb. Bunun da xüsusi səbəbləri var. 
Səbəb odur ki, ənənəvi media müstəvisində, yəni, radioda, televiziyada, qəzetlərdə, jurnallarda, informasiya agentliklərində sıxışdırılıb çıxarılan bu cür əməl sahibləri özləri üçün internetdə yeni məkan seçirlər. İnternetin, sosial medianın inkişafı, bir texnologiya olaraq bu cür neqativ əməllərin, yəni, mediadan sui-istifadə hallarının çoxalması üçün münbit şərait yaradır. Burada xüsusi bir prosedur keçmədən, hər hansı bir təhsil, qanunvericilik bariyeri aşmadan, internetə çıxış imkanı olan mobil telefonu, kompüteri olan hər bir şəxs özü üçün domen adı alıb, bir sayt qurub, oradan özünü jurnalist və yaxud da ki, kütləvi informasiya vasitəsi subyekti kimi təqdim edə bilir ki, bu da həmin o dırnaqarası jurnalistlərin, KİV qurumlarının və ümumilikdə, mediadan neqativ məqsədlər üçün sui-istifadə edənlərin sayının artmasına səbəb olur. 
Bu hal o qədər inkişaf edir ki, onlar hətta bəzən mənəvi dəyərləri də aşmış olurlar. Hansı ki, biz 2021-ci ildən şəhid adından, şəhid ailələrindən hətta maddi umacaq uman, onları aldadaraq müəyyən qazanc əldə edən "jurnalistlərin" də şahidi olduq. Beləliklə, bu cür hallara qarşı mübarizə aparmaq kifayət qədər aktuallıq kəsb edir. Bugünkü mənzərə ondan ibarətdir ki, bu cür neqativ əməl sahibləri, yəni, "jurnalistlər", sosial media istifadəçiləri, təkcə kimlərdənsə qanunsuz vəsait tələb etməklə qaydaları pozmurlar. Onlar həm də hətta bəzən ölkə, dövlət, cəmiyyət üçün təhlükəli hala çevrilirlər. Yəni, bu cür jurnalistlər təkcə hansısa səlahiyyət sahiblərindən, iş adamlarından maddi maraq ummurlar. Onlar bəzən xarici şəbəkələrdən, qeyri-leqal qüvvələrdən, mərkəzlərdən də pul alaraq, onların maraqlarına uyğun olan informasiyaları yayırlar. Biz son vaxtlar bu tendensiyanın daha çox inkişaf etdiyini görürük. Kimlər ki, Azərbaycan ordusunun vəziyyəti barədə, guya Azərbaycanda sosial vəziyyətin pis olması barədə, siyasi sabitsizlik barədə yalnış, yalançı informasiyalar yayırlar. Araşdıranda məlum olur ki, bunun da qarşısında hansısa maddi maraqlar dayanır.
Beləliklə, Azərbaycan cəmiyyəti, Azərbaycan media ictimaiyyəti və Azərbaycan hüquq mühafizə orqanları bu cür hallara qarşı intensiv, operativ mübarizə aparmalıdırlar ki, bu tendensiya inkişaf edib, Azərbaycan dövlətçiliyi üçün hər hansı bir təhlükəyə çevrilməsin.
Bu cür neqativ hallara qarşı mübarizə aparmaq üçün 3 komponentin vahid hərəkət etməsi lazımdır. Bunlardan birincisi, cəmiyyət özüdür. Bizim cəmiyyət üzvləri bu cür hallarla rastlaşanda, yəni, kimlərsə onlara jurnalist kimi yaxınlaşıb, yazacaqları material və yaxud da ki, yazmayacaqları material qarşılığında hansısa maddi maraq, pul vəsaiti istəyirlərsə, onlar dərhal bilməlidirlər ki, bunlar jurnalist deyillər və jurnalist olan şəxs gedib qapı-qapı gəzib, kimdənsə maddi maraq güdməz. Cəmiyyət nümayəndələri bu cür hallarla rastlaşanda bizim peşəkar media qurumlarına, jurnalist təşkilatlarına və hüquq mühafizə orqanlarına xəbər verməlidirlər.
İkinci komponent kimi bizim media təşkilatları rol oynayırlar. Azərbaycan Mətbuat Şurası, Media Agentliyi, Audiovizual Şura mövcuddur ki, bunlar Azərbaycan jurnalistikasını təmsil edən ən böyük təşkilatlardırlar. Vətəndaşlar bu cür hallarla rastlaşanda bu qurumlara müraciət etməlidirlər və bu qurumlar özləri də hadisələri monitorinq edib, bu cür neqativ hallarla mübarizə aparmalıdırlar və aparırlar.
Burda üçüncü komponent isə hüquq mühafizə orqanlarıdır. Təbii ki, əgər mediadan istifadə edib, neqativ hal törədənlər əgər ictimai qınaqlara, media təşkilatlarının çağırışlarına cavab vermirlərsə, yenə də öz neqativ əməllərini davam etdirirlərsə, onda hüquq mühafizə orqanları hərəkətə keçməlidirlər və bu cür əməllərə qarşı kəskin mövqe bildirməlidirlər. Yaxşı haldır ki, Azərbaycan hüquq mühafizə orqanları, o cümlədən, Baş Prokurorluq son zamanlar bu hadisələrə intensiv reaksiya verir. 
Apardığımız monitorinqlər onu göstərir ki, son 2 il ərzində təqribən 20-ə yaxın bu cür neqativ əməl sahiblərinin əməlləri ifşa olunaraq, barələrində hüquqi ölçü götürülmüşdür. Hesab edirik ki, bu mübarizə davam etməlidir və burda sadaladığımız hər 3 komponent, yəni, cəmiyyət, media təşkilatları və hüquq mühafizə orqanları əməkdaşlıq edərək, bu neqativ halların kökünü kəsməlidirlər".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31