Orduya aid yalan və məxfi məlumatların yayılmasının qarşısının alınması ilə bağlı tədbir keçirilib
28 İyul 2022 13:56 SosialAzərbaycan Mətbuat Şurasında sosial şəbəkələrdə və elektron mediada ordu ilə bağlı qorunan məlumatların, habelə dezinformasiyaların yayılmasının qarşısının alınması ilə bağlı tədbir keçirilib.
Tədbirdə ölkənin bir sıra media orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə çıxış edərək bildirib ki, son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən heç bir rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatlar yayılır. MŞ sədri bu kimi hallardan öz narahatlığını ifadə edib. O bildirib ki, xüsusən Azərbaycan Ordusu ilə bağlı tirajlanan saxta məlumatlar silahlı qüvvələrin nüfuzuna xələl gətirir.
Sosial media və sosial şəbəkələrin cəmiyyət üçün açıq qapı olduğunu vurğulayan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu isə deyib ki, burada asan şəkildə dezinformasiyalar yayıla bilir. O, bunun qarşısının alınmasının zəruri olduğunu bildirib. Baş redaktor onu da diqqətə çatdırlb ki, hazırda Azərbaycana qarşı informasiya müharibəsi Vətən müharibəsi dövründəkindən daha amansızdır və buna görə də media nümayəndələrini sosial şəbəkələr vasitəsilə daha da aktivlik nümayiş etdirməlidir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə sosial şəbəkələrin heç bir nəzarət mexanizmi olmadan fəaliyyət göstərdiyini vurğulayıb. Baş redaktor buna baxmayaraq, həm sosial şəbəkələrdə, həm də elektron mediada yalan və saxta məlumatlar, dezinformasiyaların yayılmasın yolverilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, əgər kimsə bilərəkdən yalan və saxta, eyni zamanda orduya xələl gətirən, böhtan atan məlumatlar yayırsa, bununla bağlı qərar verilməlidir.
Tədbirdə çıxış edən digər media rəhbərləri də mövcud durumdan narahatlıqlarını ifadə ediblər.