Koronavirusun yeni dalğasına qarşı necə mübarizə aparaq?

Hər dəfə virusun yeni dalğası gəlib bizi "qayalığa" çırpdıqca, ayağa qalxıb düzəlməyə çalışırıq. Yenidən əvvəlki həyatımıza qayıtdıq demək istəyirik ki, daha böyük dalğa özünü göstərməyə başlayır.
Artıq   Səhiyyə Nazirliyi tərəfindən virusun yeni dalğasının qarşıda olması təsdiqləndi. Yay aylarında artımın müşahidə olunması çox normal haldır. Səyahətlər, çimərliklər, isti hava və.s 
Ancaq təkcə vətəndaşlardan tədbir görülməsini tələb etmək yanlışdır. Ona görə ki, 40 dərəcə istidə insanlar gecikən avtobuslarda, bir-birinə yapışıq vəziyyətdə hərəkət edirlər. Ekspertlər, məsul şəxslər insanlara gigiyena qaydalarını əməl etmək lazımdır deməklə yanaşı, mövcud vəziyyəti də dəyərləndirməlidir. Bakının hər hansı bir yerindən digər yerinə gedən sərnişin, başqa ölkəyə səyahət edən sərnişin qədər risk daşıyır. 
Koronavirusun ölkəmizə gəldi gündən bu günə qədər yeni qaydalar ortaya çıxmağa davam edir. İnsanlara hətta öskürərkən əlini ağzına tutmaq qaydasını da izah etmək məcburiyyətində qalırıq. Çünki, bir çoxları ən adi qorunma üsullarından belə bixəbərdir. Ona görə də ekspertlər dəfələrlə eyni qaydaları təkrar edir, tətbiqinə çağırır. 
Çimərliklərdə antisanitar vəziyyət hökm sürür. Avtobusların şüşəsinə "Nəqliyyat vasitəsi hər gün dezinfeksiya ediilir" yazılsa da, pəncərələrin və tavanın çirki öz sözünü deyir. Virusa qarşı vətəndaşlar və məsuliyyət daşıyan qurumlar paralel şəkildə mübarizə aparmalıdır. Nə vətəndaşlar, nə də qurumlar məsuliyyəti digərinin  üzərinə ata biıməz. 
Səhiyyə Nazirliyinin   açıqlamalarını təhlil etsək, hazırda məhdudiyyətlər haqqında danışmaq tezdir. Problemlə bağlı infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Vasif Əliyev fikirlərini Olaylar.az-danışıb:

"Bütün dünyada olduğu kimi Azərbaycanda da yoluxma sayı artır. Avropada, xüsisilə azərbaycanlılar üçün maraqlı olan qonşu ölkələrdə də artım müşahidə olunur. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının direktoru insanlara yenidən maska taxmağı tövsiyə edir. "Booster" dozasının vaxtı keçən insanlara peyvənd olunması tövsiyə edilir. 
Yoluxmaların sayı artdığına görə önümüzdəki günlərdə insanlar daha da diqqətli olmalıdır. Hər bir insan fərdi məsuliyyətindən irəli gələrək, qapalı məkanlarda özlərini qoruma altına almalıdırlar. Sosial məsafəni gözləməli, maska taxmalıdırlar. Bu bir məcburiyyət və ya məhdudiyyət deyil. Sadəcə insanların özlərini qoruması üçün atdığı zəruri addımdır. İnsanlar bu qaydalara nə qədər ciddi riayət edərsə, yoluxmanı ləngidə bilərik. Təbii ki, önümüzdəki günlərdə yoluxmaların sayı artarsa, xüsusilə, xəstəxana şəraitində müalicə tələbi artarsa Operativ Qərargah tərəfindən bəzi qərarlar qəbul edilə bilər. Hazırda olan yoluxma sayına görə məhdudiyyətin olması real görünmür. Önümüzdəki günlərdə vəziyyəti incələrək addımlar atıla bilər. İnsanları qaydalara riayət etməyə, peyvənd olunmağa çağırıram".

 TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayevanın sözlərinə görə:

"Azərbaycanda koronavirusa yoluxma hallarında son həftələrin müşahidə dinamikası artım göstərir. İyun ayının əvvəlindən artıq bir sıra ölkələrdə- ABŞ, Avropa, Böyük Britaniya və.s ciddi şəkildə yüksəlmələr müşahidə olunur. İyun ayının əvvəlindən etibarən yeni dalğaya keçid mərhələsi başlayıb. Bilirik ki, viruslar dəyişkən olur. Yeni mutasiyalar əldə edirlər. Xüsusilə COVİD-19 dəfələrlə mutasiyaya uğrayıb. Sevindirici haldır ki, hər ştamm meydana çıxdıqca, ölüm halları və ağırlaşmanı daha az müşahidə edirik. Lakin yoluxduruculuq qabiliyyəti daha da artır. Statistikaya əsasən ölüm hallarının azalmasının digər səbəbi ölkənin böyük əksəriyyətinin vaksinasiyadan keçməsi ilə əlaqəlidir. Xəstəliyə qarşı bizim spesifik qoruyucu vasitəmiz peyvəndlərdir. Yoluxma sayının artdığı bir dönəmdə peyvənd olunmayan hər kəsi, ən çox da  "booster" doza vaxtı çatan şəxsləri peyvənd olunmağa səsləyirik. Xəstəlik nə qədər yüngül gedişata malik olsa da, əhalinin risk və həssas qruplrına aid olan şəxslər var. Xroniki xəstəliklər, şəkərli diabet,təzyiqi olan xəstələr, qaraciyər-böyrək xəstəlikləri, yaşı 65-dən yuxarı olan şəxslər hələ də risk qrupundadır. Bu şəxslər mütləq şəkildə peyvənd olunmalıdır. 
Yay mövsumunu səyahətlərin artdığı bir dövrdür. Nəqliyyatdan istifadə zamanı uzun müddət insanlar qapalı məkanda birlikdə olurlar. Bu da yoluxma üçün ən əlverişli şəraitdir. Səyahət planlaşdıran şəxslərə şəxsi, reperator gigiyena qaydalarına, vacib olan hallarda maska istifadəsinə riayyət etmələri tövsiyə olunur. Xəstəlik artıq yüngül simptomlarla keçdiyi üçün, xəstəxana müalicəsinə əksər hallarda ehtiyac olmur. Xəstələrin çox hissəsi yoluxduğu təqdirdə müşahidələri evdə aparırlar. Nəzərə alsaq ki, xəstəliyin hazırda spesifik müalicəsi yoxdur. Biz sadəcə dəstək müalicələri edirik. Xəstəxanada ağırlaşma hallarında xüsusi dərmanlardan istifadə edilir. Əhaliyə tövsiyə edirik ki, özlərində hər hansı əlamət hiss etdikdə ilkin olaraq izolizasiya olunsunlar. Testə müraciət etsinlər. PCR testdən sonra diaqnoz qoyularsa, sahə həkiminə müraciət etsinlər. Bol maye qəbul etsinlər. Yuxu rejiminə (7-8 saat) mütləq şəkildə əməl etsinlər. Qəti şəkildə antibiotiklərdən, antiviral dərmanlardan, qandurulducudan, venadaxili sistemlərdən istifadə etməsinlər. Xəstəxanaya ağırlaşmış şəkildə gələn  bəzi xəstələrin təhlilləri nəticəsində məlum oldu ki, onlar ehtiyac olmadığı halda külli miqdarda dərmandan istifadə ediblər. Həmin şəxslər yüksək qruplu dərmanlardan, antibiotiklərdən və.s istifadə etməsəydi, ağırlaşmayacaqdı. Əhalini öz səhhətinə qarşı daha diqqətli olmağa çağırırıq. Ambulator şəraitdə müalicədən daha çox müşahidə ön plana keçmiş olur. Onlar öz simptomlarını düzgün, sahə həkiminin məsləhətlərinə uyğun olaraq müşahidə etməlidirlər. Əgər, beş günü keçən yüksək hərarət varsa həkimə müraciət mütləqdir. Risk qrupuna daxil olan şəxslər qanda oksigenin miqdarını ölçən cihazlar vasitəsilə oksigeni ölçüb qeydiyyat aparsınlar. Bu rəqəm təxminən 90-92 arasında dəyişir. Azalma müşahidə olunarsa, sahə həkiminə müraciət mütləqdir. Yeni mütasiyaların digər özəlliyi ondan ibarətdir ki, onlar xəstəliyin ilkin variantından fərqlənirlər. Xəstəliyə yoluxmuş insanlar yenidən 2-ci, 3-cü dəfə yoluxa bilərlər".

Əfsanə kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31