Qəhrəmanlar ölməz, bədən dəyişdirər...
22 İyul 2022 10:07 SosialDüşünürəm ki, Tanrı hər birimiz üçün bir hekayə yazıb. Kimiləri üçün bu hekayə ahıl yaşında heç bir bir şey əldə etmədən bitir. Kimiləri üçün gənc yaşının zirvə nöqtəsində...
Həmin o məkanı cənnət olan gənclər qısa ömürlərini o qədər gözəl, səmərəli yaşayırlar ki, zirvə olurlar. Həm Allahın,həm də xalqın gözündə.
Birinci Qarabağ müharibəsindən olan hərbçilərin kadrlarını izləyərkən anladım ki, onlar ölməyib, sadəcə bədən dəyişiblər. Eynilə o vaxtlar olduğu kimi ürəkli, ölümlə burun-buruna olsa da, qulaqardına vuran gəncləri Böyük Vətən müharibəsində də gördük. Hər birinin həyatı haqqında dastan yazmaq olar. Hansı ordunun yaralı olduğu halda döyüşdə iştirak etməkdən imtina etməyən əsgəri var? Əlbəttə, Azərbaycan ordusunun.
Müharibə zamanı düşməni Azərbaycanın ən müasir texnologiyalarla əhatə olunan texnikasından daha çox canlı qüvvəsi qorxudurdu. Axı, onlar bizi yaxşı tanıyırdı və zaman qisas zamanı idi...
Köhnə döyüş avadanlıqları sıradan çıxsa da, ikinci Qarabağ savaşı zamanı tanklardan yetəri qədər istifadə edilirdi. Azərbaycanın Milli qəhrəman adı alan tankçısı Albert ermənilərin kabusu olmuşdu.
Üzərindən 30 ilə yaxın müddət keçdikdən sonra isə yeni Albertlər yetişmişdi artıq. Onlardan biri də tağım komandiri, Baş leytenant Vəliyev İsmayıl Mehman oğlu idi. Həyatını tanka, topa, Vətənə adayan həmvətənlərdən biri...
O, Naxçıvan Hərbi Məktəbinin, daha sonra Bakı Hərbi Akademiyanın məzunu olub.
Hələ 24 yaşında 2020-ci il iyul döyüşlərindən sonra Baş leytenant adını qazanır İsmayıl. Onlar, atdıqları hər addımda ölümün ola biləcəyini, şəhidliyə yüksələ biləcəklərini bilirdilər. İsmayıl və digər qəhrəmanlar da bilirdi ki, bəlkə də onlara heç zaman Qarabağda yaşamaq nəsib olmayacaq. Yenə də onlar üçün Vətən hər şeydən daha dəyərli olmuşdu. Bir kitabda oxumuşdum müharibə zamanı əsgərlər bütün istəklərini geri planda qoyur, yalnız bir məqsədə, cəbhəyə köklənirlər. Yoxsa, məğlub olarlar. Azərbaycan kişisinin isə Vətən sevgisinə söz ola bilməz. Ona görə də biz hər zaman qalib xalq olmuşuq.
İsmayıl Füzuli, Cəbrayıl, Zəngilan ərazilərində döyüş yolu keçib. Yüzlərlə kilometr məsafə qət edərək, hər cəbhədə düşmənə güclü zərbələr endirib. İndi evlərinə geri qayıdan həmvətənləriniz sizə sonsuz minnətdardır. Hər bir azərbaycanlı üçün Qarabağ müqəddəsdir. Həmin müqəddəs torpaqları həm azad etmək həm də ilk dəfə ayaq basa bilmək ancaq seçilən insanlara qismət ola bilərdi, İsmayıl. Tankdan sağ çıxmaq çətin olsa da, İsmayıl bunu bir dəfə bacarmışdı. Ancaq işini yarımçıq hesab etdiyi üçün dinclik tapmadı və istədiyi zirvəyə yüksəldi. İsmayıl çox sevdiyi tankında və canından çox sevdiyi torpaqlarda, əlində üçrəngli bayraq ilə şəadətə yüksəlir.
5 noyabr 2020-ci ildə Güləbrid kəndi yaxınlığında İsmayılın tankı tapılır. Həmin gün səmadan bir neçə ulduz düşür Yer Kürəsinə. Bu qəhraman ruhları yeni simaya daşımaq üçün...




Əfsanə Kamal