Vəkillər Kollegiyasının CCBE-yə daxil olması vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunmasına imkan verəcək
30 May 2022 10:53 SosialAzərbaycan Respublikasının ərazisində hər bir şəxs məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək hüququna malikdir. Ölkəmizdə bu prosesi həyata keçirən vəkillik institutu artıq müstəqil quruma çevrilib. Məhz bunun nəticəsidir ki, hazırda hər bir ölkə vətəndaşı pozulmuş hüquqlarının müdafiəsi məqsədilə özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna malikdir. Təsadüfi deyil ki, fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərməkdə olan vəkillər müstəqil institut olan Azərbaycan Respublikasının Vəkillər Kolegiyasında təmsil olunurlar. Qətiyyətlə demək olar ki, hazırda Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirən müstəqil hüquqi təsisatdır. Sirr deyil ki, Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir. Qurumda təmsil olunan vəkillər də öz növbəsində qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərirlər. Öz peşəkar fəaliyyəti ilə Azərbaycanda insan hüquqlarının müdafiəsinə töhvə verən Vəkillər Kollegiyası qısa müddət ərzində şəfərli yol qət edərək Avropa hüquq təsisatının üzvünə çevrilib. Belə ki, bu günlərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olunub. Artıq Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) Komitəsində Azərbaycan Vəkillər Kollegiyasını təmsil edəcək nümayəndənin adı da müəyyənləşib.
Maraqlı məqam ondan ibarətdir ki, vaxtilə Vəkillər Kollegiyasının fəaliyyətinə tənqidi yanaşan Avropa hüquq təsisatları indi bu qurumu öz ailələrinə daxil etməklə Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə qorunduğunu etiraf etmiş olurlar. Belə bir qərarın qəbul edilməsi insan hüquqlarının qorunması sahəsində əlaqələrin genişlənməsi, CCBE-nin nüfuzunun artması baxımından bu qurumun özünə də sərfəlidir. Məlum olduğu kimi CCBE Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında müşahidəçi statusunda iştirak edir. Başqa sözlə, bu təşkilat Avropa məkanında vəkillər kollegiyaları və hüquq cəmiyyətləri ilə bağlı olan vahid qurumdur. Elə bu səbədən də təkcə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası deyil, eləcə də Avropa və MDB ölkələrinin analoji qurumları sözügedən təşkilatda təmsil olunmaqda maraqlı görünürlər. Nəzərə almaq lazımdır ki, insanların hüquqlarının müdafiəsi ilə məşğul olan qurumların vahid təşkilatda təmsil olunması həm də təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.
Digər tərəfdən, belə bir seçimin edilməsi Vəkillər Kollegiyasında aparılan islahatların real nəticəsi anlaməna gəlir. Belə halda, həm beynəlxalq əməkdaşlıq, həm də vətəndaşların hüquqlarının yüksək səviyyədə, o cümlədən etibarlı şəkildə qorunması baxımından Vəkillər Kollegiyasının CCBE-də təmsil olunması təqdirəlayiq hal hesab olunur. Azərbaycan Vəkillər Kollegiyasının üzvləri avropalı həmkarları ilə əməkdaşlıqda bulunmaqla yanaşı, xaricdə yaşayan soydaşlarımızın da hüquqlarının müdafiəsində iştirak hüququ qazanmış olurlar. Nəticədə həm Azərbaycan dövləti, həm də Azərbaycan vətəndaşı udmuş olacaq.
Alim