MUROV FATEHİ-ŞƏHİD SALEH MƏCİDZADƏ

ZAHİR  MƏLİKLİ

Saleh Nəriman oğlu Məcidzadə 16.07. 1994-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. 2000-2011-ci illərdə Nəsimi kənd Rafiq Rzayev adına orta məktəbdə oxuyub. 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Qusar rayonunda kəşfiyyat bölməsində xidmət edib. 2017-ci ildən xüsusi təyinatlı qüvvələrdə gizir kimi hərbi xidmətini davam etdirib.

10.10.2020-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin düşməndən azad olunması zamanı qəhrəmanlıqla döyüşərək şəhid olub. 12.10. 2020-ci ildə doğulub boya-başa çatdığı kəndlərində dəfn olunub.

Saleh 2011-ci ildən universal idman növü ilə məışğul olmağa başlayıb. Ölkədə keçirilən qatıldığı bütün idman yarışlarının qalibləri cərgəsində olub. Ordu idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edib.

Salehin atası Nəriman Gülməmməd oğlu Məcidovla anası Əzizə Kişi qızı Məcidova əmioğlu-əmiqızıdırlar. Lerik rayonunun Orand kəndində dünyaya göz açıblar. 1990-cı ildə evlənən cütlük 1991-ci ildə Biləsuvar rayonunun Nəsimi (o vaxtkı Notroski) kəndinə köçərək orada məskunlaşıblar. Onların üç oğlu olub. 1992-ci ildə dünyaya gələn böyük oğul Məcidzadə Əhliman da hərbçidir. Hazırda Azərbaycan Hərbi Hava qüvvələrinin hava hücumundan mühafizə bölməsində xidmət edir. Əhliman da Vətən Müharibəsinin iştiurakçısıdır. Evlidir, 3 övladı var.

Salehin kiçik qardaşı Əli Məcidzadə səhəti ilə bağlı hərbi xidmətə yararlı sayılmasa da o, müharibə başlayan kimi hərbi komissarlığa gedərək, "Mənim hər iki qardaşım cəbhədədir, mən evdə otura bilmərəm" - deyə müharibəyə göndərilməsini təkid edib. Onun adını qeyd etsələr də hələ ki, gözləməsini xahiş ediblər.

Saleh ortancıl oğuldur. O həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdaraq bu dəfə xüsusi hərbi təyinatlı qüvvələr üzrə TTM-də (Təlim Tədris Mərkəzi) kursdan keçəırək sertifikat əldə edib, gizir rütbəsi alıb. O 2016-cı il aprel döyüşlərində və Tovuzda düşmən diversiya qrupunun məhv edilməsində xüsusi məharət göstərərək komandanlıq tərəfindən təltif edilib. General Hikmət Mirzəyev keçirdiyi uğurlu əməliyyatlara görə Salehi dəfələrlə mükafatlandırıb. O, Vətən Müharibəsi başlayan gündən daim cəbhənin ən qaynar nöqtələrində olub. Xeyli düşmən qüvvəsini məhv edib, 5-dən çox düşmən texnikasını sıradan çıxarıb. Müharibə başlayan kimi Murov dağlarındakı ən yüksək strateji əhəmiyyətli yüksəkliklərin götürülməsi üçün cəbhənin şimal istiqamətindəki müvəffəqiyyətimizin açarı olan əməliyyatların üğurla həyata keçirilməsində Salehin rəhbərlik etdiyi qrup hamını mat qoyan nəticələr əldə edib. Murovda üstünlüyün qazanılması ilə Kəlbəcər istiqamətində bir çox strayeji əhəmiyyətli nöqtələrin və bir çox kəndlərin ələ keçirilməsində xüsusi xidmətləri olan Saleh və onun qrupunun yeri sonra komandanlıq tərəfindən Fizuli istiqamətinə dəyişdirilib və o burada dərinliklərə nüfuz etmək üçün ordumuzun çox əhəmiyyət kəsb edən hücum əməliyyatını öncədən təşkil etmək üçün xüsusi tapşırığı yerinə yetirərkən qəhrəmanlıqla vuruşaraq şəhid olub. Bu vacib əməliyyatın müvəffəqiyyətlə başa çatdırılmasında Salehin xüsusi rolu olmasını komandanlıq xüsusi qeyd edib.

Salaeh özü ən öndə vuruşsa da yaralı əsgərlərin müalicəsi və digər vacib ləvazimatlarla təmin edilməsindən ötəri şəxsi vəsaitindən min manatlarla cəbhəyə yardım etdirib. Bunu döyüş bölgələrində olan hərbi xəstəxanalarda hamı bilir.

Salehin hələ uşaqlıqdan hərbiyə çox marağı olub. Həmişə deyirmiş ki, hərbçi olacağam. Onun çox gözəl qəlbi olub, ailəsinə vurğun olsa da anasının etirazına baxmayaraq bu ağır peşəni seçib. O anasına deyib ki, ana, sənin məndən başqa 2 oğlun da var, mənim işim haqq işidir, torpaqlarımız işğaldan azad edilməlidir, mən xüsusi təyinatlıyam, hər vaxt ölümümə hazır olmağa öyrənin və başınızı dik tutun. "Qismət Allahdan" deyib. O hələ müharibədən əvvəl hər uğurlu əməliyyatından sonra ata-anasına zəng edərək sevinclə, "hər şey əladır" deyəndə evdəkilər onun hansısa əməliyyatdan qayıtdığını bilirmişlər.

Saleh bir az da qapalı adam olub. Sirrlərini heç kimə danışmağı sevməyən bu igid oğlan dövlətini, millətini çox sevirdi. Həmişə deyirmiş ki, prezident olmaq çox çətindir, prezidentə halaldır, Allah onu bizlərə çox görməsin, bu qədər əhalini idarə etmək asan deyil, adam öz ailəsini idarə edə bilmir. Deyirmiş ki, mən hələ bir qrup komandiriyəm, onu idarə etməyin nə qədər məsuliyyəti vardır görürəm.

Salehdən hamı razı olub. Yoldaşları deyir ki, o gözəl insan, gözəl gizir, əla komandir kimi, gözəl idmançı, gözəl döyüşçü kimi xatirəmizdə daim qalacaq.

Saleh çox savadlı idi. O rus, türk, erməni, ingilis dilində sərbəst danışa bilirdi. Dövlət həmin dillərin kurslarını keçirməklə Salehi xüsusi hazırlamışdı. O məşhur 052 sistemində Türkiyə, Rusiya, Gürcüstan, Pakistanda kurslarda iştirak etmişdi. Bir sözlə əsil peşəkar idi.

Saleh nişanlı idi. Pandemiya və müharibə olmasaydı çox möhtəşəm toyu olacaqdı. Qismət olmadı! Vətən sağ olsun!

Salehi yüksək komandanlığa qədər mahir dsöyüşçü kimi hamı tanıyır. Xüsusi təyinatlı qüvvələrdə, universal döyüş federasiyasında kimdən soruşsan Saleh Məcidzadəni hamı tanıyacaq.

Biləsuvarın Nəsimi kən qəbristanlığında uyuyan təkcə Saleh deyil. Burada bir-neçə igidimiz doğrudan qəhrəmanlıq dastanı yazraq özlərinə canlarını fəda etdikləri Vətən torpağında əbədi məkan seçiblər. Onların hər biri haqqında hələ çox yazılacaq. Müharibə yeni bitdiyinə görə igidlərimizin göstərdiyi qəhrəmanlıq səlnamələri hələ tam açılmayıb. Cəmi 44 gün çəkən bu haqq savaşımızın dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq hələ nə qədər səhifələri üzə çıxacaq. Onda yəqin ki, Murov qartalı Saleh Məcidzadə haqqında söhbət açdığımız bu qısa yazıya da çoxlu qəhrəmanlıq nümunələri əlavə ediləcək!

Rahat uyu İGİDİM, qoy sənin nakam ruhun dünyamızın səmalarından azad vətənimizi fəxrlə seyr etsin! Sən o torpaqlarda qəhrəmanlıq dastanı yazmısan


Şəhidimizin atası

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31