“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsi başa çatdı.
1 Dekabr 2020 16:39 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Bakı Nəqliyyat Agentliyi ilə birgə təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən "Yol hərəkəti qaydalarını öyrənək və öyrədək" layihəsi uğurla başa çatdı.
2020-ci ilin sentyabr ayından başlanan layihəyə ümumilikdə iştirak etmək üçün 250-dən çox müraciət daxil olmuşdur.
Layihə çərçivəsində təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 50 nəfər gənc iştirakçıya 12 dərs proqramına uyğun olaraq təlimlər keçirilib.
Layihənin icra planına uyğun olaraq ekspert qismində Bakı Nəqliyyat Agentliyinin nümayəndələri Hüseyn Abdullayev və Nahid Quliyevin iştirakı ilə "Əlçatan və dayanıqlı şəhər" mövzusunda onlayn görüş zamanı 30 nəfər layihə iştirakçısına "Dayanıqlı şəhər nəqliyyatının 10 prinsipi" adlı təqdimat keçirilmişdir. İştirakçılara müasir şəhər mobilliyinin prinsiplərini və paytaxt Bakının piyadayönümlü, əlçatan və dayanıqlı şəhər olması istiqamətində BNA-nın həyata keçirdiyi işlər və yaxın gələcəkdə planladığı fəaliyyətlər barədə ətraflı məlumat verilmişdir.
Həmçinin, perspektivdə şəxsi nəqliyyat vasitələrindən istifadənin azaldılması, bunun nəticəsində əldə olunan üstünlüklər və daha dayanıqlı nəqliyyat növlərinə keçilməsi gənclər arasında təşviq edilmişdir. Görüşün sonunda müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.
Layihəyə cəlb olunan "BELC" təhsil kompleksinin direktoru təlimçi Xalidşah Səlimov tərəfindənlayihə iştirakçılarına şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri-formal təhsil metodundan istifadə olunaraq təlimlər keçirilib. Sonda iştirakçılardan test imtahan götürülmüşdür. Təlimlərdə və imtahanlarda fərqlənən iştirakçılara layihədə iştirak etdiklərinə görə sertifikatlar təqdim olunacaqdır.
Layihə rəhbəri Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyevin qeyd etdiyinə görə, noyabr ayının sonuna qədər davam edən layihənin icrasının başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.