7247 İİV ilə yaşayan şəxs rəsmi qeydiyyata alınıb
1 Dekabr 2020 11:17 Sosial"Birləşmiş Millətlər Təşkilatının HİV / QİÇS üzrə Birgə Proqramına (UNAIDS) görə, hazırda dünyada 38 milyon HİV ilə yaşayan insan var. Bunlardan 1.8 milyonu 14 yaşdan kiçik uşaqlardır. Artıq 25.4 milyon insan həyat üçün zəruri antiretovirus müalicəsinə (ART) başlayıb, 12 milyonu isə hələ də öz müalicə növbəsini gözləməkdədir. Təxminən 7,2 milyon insan yoluxduqlarını bilmir". "Olaylar" xəbər verir ki, bunu 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə ağlı açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib. Ölkəmizə gəldikdə, E.Alməmmədova qeyd edib ki, ümumilikdə, 1 dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1864 nəfər QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1082 nəfərdir. 2020-ci ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib. 484 nəfər (98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır.
Doktor Alməmmədovanın sözlərinə görə, İİV infeksiyasının yayılmasının qarşısını almaq üçün profilaktikanın təsirli bir vasitəsi əhalini xəstəliyin özü, yoluxma yolları və qarşısının alınması üsulları haqqında geniş məlumatlandırmaqdır, eyni zamanda vətəndaşları İİV testindən keçməyə sövq etmək də olduqca vacibdir. "Son onilliklər ərzində davamlı profilaktik tədbirlərin həyata keçirilməsi ölkəmizin əhalisinin testlərdən keçirilmə əhatəsinin daha da genişləndirilməsini təmin edib. COVID-19 pandemiyasına baxmayaraq, İİV testi ilə əhatə nisbəti azalmayıb: bu ilin 10 ayı ərzində 75.499 İİV testi aparılıb. 2020-ci ildə Avropa İİV Test Həftəsi çərçivəsində Azərbaycanda, ənənəvi olaraq, bahar və payız HİV test kampaniyası keçirilib (European HIV Testing Week). Qeyd etmək istərdim ki, "HIV in Europe" beynəlxalq təşkilatının bu təşəbbüsü çərçivəsində AR Səhiyyə Nazirliyi 2013-cü ildən etibarən test kampaniyaları həyata keçirir. Bu müddət ərzində ölkə daxilində on minlərlə vətəndaş pulsuz testlərdən keçib, vəziyyətlərindən xəbərdar olub, İİV-infeksiyasının ötürülməsi, qarşısının alınması və müalicəsi yolları haqqında məlumat alıb".