AĞRI- Züleyxa Nadir yazır
AĞRI-Züleyxa Nadir yazır
31 Yanvar 2020 14:10 SosialZüleyxa NADİR
Sovetlər dönəmində Azərbaycan televiziyasında "Qanun keşiyində" adlı veriliş var idi. Kriminal hadisələri şərh edən aparıcı hər dəfə üzünü partiya, komsomol və həmkarlar təşkilatına, eləcə də orta və ali məktəb rəhbərlərinə tutaraq soruşurdu: "Siz hara baxırsınız ki, bu cür hadisələr baş verir"? 70-ci illərin ən populyar verilişi olan bu proqram həqiqətən də əlaqədar təşkilatlara təsir edirdi. Kriminal hadisələrin qarşısının alınmasında hüquq-mühafizə orqanlarına xeyli köməyi dəyirdi. Dövrün komsomol, həmkarlar, hətta pioner təşkilatı belə ictimai nəzarət rolunda çox güclü idi. Televiziyada şou proqramlar yox idi, əxlaqı naqis olanlara meydan verilmirdi ki, onlar efirdən tamaşaçıya "əxlaq dərsi" keçsin. Səhər-axşam müğənninin bağ evindən, villasından reportaj verilmirdi, toyda-nişanda oxuyanları efirə çıxarıb onların şəxsi həyatını, uğursuz sevgisini, 2-ci, 3-cü dəfə evlənmələrini, qeyri-qanuni dünyaya gətirdikləri uşaqlarını müzakirə etmirdilər. Müğənni tayfasının işi ancaq mahnı oxumaq, tamaşaçını əyləndirmək idi. Kriminal və ailə münaqişələrinə şərh vermək, ictimai-siyasi hadisələrə ekspert rolunda baş vurmaq onların "girdiyi kol" deyildi. Şou-biznes nümayəndələrini indiki kimi örnək göstərmirdilər. Daha çox elmi proqramlar, intellektual və zehnin inkişafına təsir edən verilişlər olurdu. Həmin verilişlər vasitəsi ilə yeniyetmə və gənclər "kitablar aləminə səyahət" edir, biliklərini zənginləşdirirdilər. Təhsilə üstünlük verilir, ailə qurmaq ikinci planda dayanırdı. Demirəm bütün sovet ailəsi belə idi, amma 80-90 faiz ailələrdə dediyim bu parametrlər üstünlük təşkil edirdi. Cəmiyyətdə baş verən kriminal hadisələr də təhsilin fonunda görünməz olurdu.
İndi isə zaman dəyişib, dəyərlər itib. Sadaladığım nəsnələr arxa plana keçib. Elə bir gün yoxdu ki, əsəbilərimizə toxunacaq olay baş verməsin. Kriminal xəbərlərlə zəngin elə hadisələr eşidirik ki, qanımız damarlarımızda donur. Bıcaqlanma, güllələnmə kimi qətllər, yol qəzaları, oğurluq hadisələri, qız qaçırma, itkin düşmə və s. cinayətlər az qala adi məişət hadisəsinə çevrilib. Masallı rayonunda 16 yaşlı qızın gəlin köçürülməsi, toydan 20 gün sonra isə 19 yaşlı əri tərəfindən öldürülməsi üç gündü hər kəsin beyninə işləyib. Azərbaycanın dörd bir tərəfindən hadisəyə təpki verənlər fikirlərini sosial şəbəkələrdə yazır, günahkarın cəzalandırılmasını tələb edirlər. Əslində bu faciədə bir nəfər günahkar deyil. Qətlin baş verməsinin birinci səbəbkarları hər iki tərəfin valideynləri, qohum-əqrəbalar, eləcə də yaxın çevrədəki insanlardı.
***
Azərbaycan SSRİ kimi nəhəng bir imperiyanın tərkibində olanda qızlar ərə getməkdən çox ali təhsil haqqında düşünürdülər. Özü də zaman o zaman idi ki, elmi-texniki tərəqqi bu günkü kimi inkişaf etməmiş, internet vasitəsi ilə birbaşa dünyaya çıxış haqqında primitiv təsəvvür belə yox idi. Sual oluna bilər: yoxsa bu gün 16 yaşlı Fatimənin erkən ailə qurmasının səbəbi internetdi? Təbii ki, internet deyil, elmi-texniki tərəqqi də deyil. Səbəb bu inkişafdan geri qalan ailə başçılarının cahilliyi, avam düşüncəsi, həyata kor-korana baxışlarıdı. Səbəb Fatimənin qeyri-rəsmi nikahdan doğulması, anası ilə atasının ayrılmasıdı. Səbəb ananın ikinci dəfə ərə gedərək qızını nənəsinin himayəsinə verməsidi. Səbəb valideynlərin yalnız özlərini düşünmələri, dünyaya gətirdikləri qızlarının taleyini arxa plana keçirmələridi. Ana öz kefindən qalmasın deyə qızının əynindən məktəbli paltarını çıxarıb gəlinlik donu geyindirir. Daha başqa səbəblər də var. Fatiməni qətlə yetirən 19 yaşlı ərin (ona ər demək olarsa) valideynlərinin bu izdivacda oynadığı rolu da sadalanan səbəblərə əlavə etsəm, belə mənzərə alınır: hər iki ailənin başçıları qətiyyən övladlarının xoşbəxtliyini düşünməyiblər. Bəli, hörmətsiz ana, (bilərəkdən "hörmətli yazmadım) ən böyük günah səndədir. Qızına oxumaq, elmi başa salmaq, gələcəkdə öz ayaqları üzərində sərbəst durmağın yolunun ali təhsildən keçdiyini öyrətməmisən. Onu inandırmısan ki, "əl çörəyi yox, ər çörəyi yeməlidi". Orta məktəbi başa vurmamış Fatiməni məktəbdən ayırmaqda hansı doğru hərəkətə imza atdığına əminsən? Yoxsa qızının qəlbində sevgi baş qaldırdığını söyləyəcəksən? Bunu inkar etmirəm. O yaşda sevgi ola bilər, amma bu, ötəri bir hissdi, davamlı ola bilməz. 16 yaşında qızın qəlbindəki sevgi qığılcımını onun barmağına taxdırdığın əlvan metalla alovlandırdığını düşünürsən. Bəs, sabah toydan sonra tifil qızının ər evində hansı problemlərlə qarşılaşa biləcək ehtimalını niyə heçə saymısan?
Fatimə Qəmbərovanı qətlə yetirən İman Məmmədovun valideynləri görəsən niyə belə tələsiblər? Doğrudanmı anlamayıblar ki, 19 yaş ailə məsuliyyətinin daşıyıcısı ola bilməz? İndiki dövrdə bu yaşda oğlanı evləndirməzlər. Evlənmək üçün insan özünü hazır hiss etməlidi, kənardan onu buna məcbur etmək olmaz. Bu gün 19 yaşlı gənc hələ ailənin nə olduğunu, qarşıya cıxacaq problemləri, hər gün üzləşəcəkləri çətinlikləri necə həll edəcəyini bilmir. Bu yaş gəncliyə doğru gedən yolun ilkin pilləsidi. Bu pillənin üzərində duran gənci valideyn zorla qoparır, həyat adlı universitetə heç bir imtahan verməmiş onu həyatın amansız burulğanlarının qoynuna atır. Və nəticədə cinayət baş verir - qız qəbrə, oğlan həbsə! Bu da cahilliyin, yaxud da valideyn məsuliyyətsizliyinin nəticəsi. Ağrılı səbəbdi. XXI əsrin ikinci onilliyində insanların cahil düşüncələrlə ilə yatıb-durması, fikir yürütməsi, öz avam hərəkətlərinə uyğun planlar qurmasından ağrılı nə ola bilər ki?
Bəs, erkən nikahların qarşısını necə almaq olar? Zənnimcə, bu məsələdə maarifçiliyə çox böyük ehtiyac var. Televiziyalarda hər gün göstərilən şou-proqramların sayını minimuma endirib cəmiyyətdəki bu cür tərbiyəsizliyə qarşı ciddi təbliğat aparmağın vaxtıdı. Efirləri "əxlaq dərsi" deyənlərdən təmizləmək lazımdı. Ortaya 40-50 il əvvəl olduğu kimi insan yetişdirməyin, zehinləri aydınlaşdırmağın yollarından bəhs edən proqramlar qoyulmalıdı. Əminəm ki, bu yolla azyaşlı qızların ərə getməsinin qarşısını almaq olacaq. Əks halda gözəlliyi ilə öyündüyümüz Azərbaycanımızın mənəvi dəyərləri tamamilə sıradan çıxıb çürüyəcək.
Cəmiyyət bundan əvvəl 10 yaşlı Nərminin faciəli ölümü ilə üz-üzə gəldi. O dəhşətli qətl hələ yaddaşlardan silinməyib, hadisənin "alovu" sönməyib, balaca Nərminin məzar torpağı nəmdi, yerə axan qanı qurumayıb. Toplum həmin hadisənin şokundan ayılmamış indi də 16 yaşın faciəsinə ağrımalı oldu. İnsanı ən çox ağrıdan "16 yaşında qızı ərə verməkmi olar? 19 yaşında oğlanın evlənən vaxtıdırmı" suallarıdı. Sadə suallardı, amma cavabı o qədər qəlizdi ki, adam bilmir necə səsləndirsin. Təbii ki, bu suala məktəbin, eləcə də yerli hüquq-mühafizə orqanının da verəcəyi cavablar var. Ananın təkidi ilə məktəbin pedoqoji şurası Fatiməni təhsildən ayırıb. Halbuki məktəb rəhbərliyi bunu etməyə bilərdi. Hüquq-mühafizə orqanının nümayəndəsi isə söyləyib ki, guya onların gücü çatmayıb, azyaşlı qızın ərə verilməsinə mane ola bilməyiblər. Heç inandırıcı deyil. Əgər dövlətin güc strukturu öz varlığını sübut edə bilmirsə, bu o deməkdir ki, ona ehtiyac yoxdu. Əslində isə o, hər şeyə göz yumub, valideynlərin qanunu tapdalamasına şərait yaradıb. 70-ci illərin televiziya aparıcısının təbirincə, mən də sual verirəm: rayon təhsil şöbəsi, rayon icra aparatı, bələdiyyə və kənd icra nümayəndəsi, siz niyə erkən nikahların baş tutmasına göz yumursunuz? Bilməlisiniz ki, bu faciədə sizin rolunuz da az deyil. Siz də məsuliyyət daşıyırsınız. Əminəm ki, bilirsiniz: erkən yaşda nikaha girib ərə gedən qızların ailə münasibətlərinə daxil olması qanunla cinayətdi. Nədən belə cinayətə meydan verirsiniz? Qətli törədən İman Məmmədovla birlikdə siz də cəzalanmalısınız.
Ki... bu hadisə bir daha təkrarlanmasın.