Əgər qazinin övladının məktəbə getməyə kitabı yoxdursa...- Züleyxa Nadir yazır

Əgər qazinin övladının məktəbə getməyə kitabı yoxdursa...-Züleyxa Nadir yazır

Züleyxa NADİR

"Sabahım bu xəbərlə açıldı: "Beş uşağım var, özüm qaziyəm, mənim övladlarımın dördü məktəbə getmir. Birini zor-güc məktəbə yollayıram, cəmi bircə kitabı var. Dərslikləri yoxdur, məktəb geyimləri yoxdur . Özüm də geyinilmiş mallar mağazasından iki manata ayaqqabı almışam dünən ayağıma. Ailəmdə heç kim işləmir".  Mənim əziz, sevimli kollektivim, vicdanına, ədalətinə güvəndiyim insanlar, əzizlərim. Ədalətinə güvəndiyim sayın nazirim Ceyhun Bayramov, Elnur Məmmədov, Cəsarət Valehov, Billurə Hacizadə,  dəstəyinizə ehtiyacı var bu ailənin. Heç olmasa beş məktəblini məktəbə göndərək".

***

Bu sözləri Zərdab rayonundan deputatlığa namizəd olan Jalə Mütəllimova-Seyidli  özünün facebook səhifəsində yazıb. Jurnalistin sosial şəbəkə vasitəsi ilə etdiyi müraciət cavabsız qalmayıb, on saat sonra kənd məktəbi uşaqları kitabla təmin edib. Nə gözəl! Amma bu məsələdə gözəl olmayan nəsnələr daha çoxdu - Qarabağ döyüşçüsünə hörmətsizlik, diqqətdən kənarda qalması, işsizliyi, məktəbin məsuliyyətsizliyi və s.

Məktəbdən başlayım. 2006-ci ildə Təhsil Nazirliyi "Ümumi təhsil sistemində dərslik siyasəti" adlı qərar verib. Həmin qərarın  8-ci maddəsinin 1-ci  bəndində deyilir: "Ümumtəhsil məktəbləri şagirdlərinə veriləcək dərsliklərin maliyyə vəsaiti Təhsil Nazirliyinə ayrılır. Həmin vəsait hesabına alınan dərsliklər məktəblərə pulsuz paylanılır". Göründüyü kimi qərarda heç bir istisna qeyd olunmayıb. Ailələr və şagirdlər arasında fərq qoyulması haqqında  nəinki bənd, balaca bir işarə də yoxdu. Bəs, Jalə xanımı narahat edən, onun əlaqədar şəxslərə və qurumlara müraciət eməsinə səbəb olan bu ayrı-seçkiliyin  adı nədi? Yeri gəlmişkən deyim ki,  bu problemə təkcə Zərdab rayonunda deyil, ölkənin digər yerlərində də rast gəlmək olur. Bu narazılıqlar ara-sıra mətbuatda və sosial şəbəkələrdə yayılıb, televiziyalarda səslənib. Guya dərsliklər çatmır deyə bəzi şagirdlər kitabla təmin oluna bilmirlər. İllərdi  dərs ilinin başlanğıcında yaranan etirazlara qarşı standartlaşmış bu cavab artıq insanlarda qıcıq və əsəb yaradır. Ola bilməz ki, Təhsil Nazirliyi plansız iş görsün. Bir dəfə, yarım dəfə olar. Amma , axı, aradan illər keçib, nazirliyin əməkdaşları bu qədərmi vecsizdirlər ki, 2016-ci ildən bu yana  səslənən fikirləri qulaqardına vursunlar?! Deyil, əlbəttə! Sadəcə orta məktəblər  özlərinin üst qurumunu, üst sistemini saya salmırlar.  Məktəb rəhbərləri işi düzgün qura bilmir, şagirdlər arasında ayrı-seçkilik salırlar. Dərsliklər paylananda bəzən kasıb, kimsəsiz, fağır, başıaşağı, sakit ailələrin uşaqları sonda xatırlanır, ya da qismətlərinə cırılmış, vərəqləri əzik-üzük kitablar düşür. Bu, kasıbın taleyidi. Sanki qanunauyğun bir halmış kimi, bəşər yaranandan kasıb tapdanır, əzilir, saya salınmır.

***

Bəşər yaranandan  torpaq uğrunda döyüşənlər, vətən yolunda əlil olanlar hörmət pilləsində oturub.  Dünyanın başqa ölkələrində müharibə iştirakçıları, veteranları  nəinki dövlət tərəfindən, həm də sıravi insanlar tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunurlar. Azərbaycanda da Qarabağ müharibəsi əlilləri  dövlətin rəsmi sənədlərinə əsasən hər cür qayğı ilə əhatə olunmalıdırlar. Ölkə prezidenti onların işlə, mənzillə və avtomobillə təmin olunması haqqında dəfələrlə göstəriş verib - həm rəsmi sənədlərlə, həm də  şəxsi söhbətləri ilə. Bu şəxslər hər zaman prezidentin diqqət mərkəzindədir, onların həyat şəraitinin daha da yaxşı olması üçün ardıcıl tədbirlər görülməsinə yol açır.

Amma əlaqədar qurumlar, məmurlar prezident qədər diqqətli və vicdanlıdırlarmı? Yox! Cəmiyyət dəfələrlə şahid olub ki, Qarabağ qazisi, əlil və veteranlar məmur özbaşınalığı nəticəsində  çıxılmaz  vəziyyətə düşüblər, hətta intihar etmək dərcəsinə belə çatanlar olub. Döyüşçü bu xalqın böyük nemətidi. Qazi millətin baş tacıdı. Müharibə veteranı dövlətin simvollarından biridi. Bunlara qarşı əks mövqedə dayanan məmur isə həm xalqın, millətin, həm də dövlətin üz qarasıdı. Halbuki məmur da, gücü çatan, sıradan bir vətəndaş da onu qoruyan, evində gecələr rahat yatmasına şərait yaradan, normal dolanışığın təmin olunması üçün yayın istisində, qışın şaxtasında keşiyini çəkən, düşmən gülləsindən yaralanan, əlil olan Azərbaycan kişisini başı üzərində saxlamalıdı. Onun bütün problemlərini sözsüz həll etməlidi, nəinki  Zərdabdan olan qazi kimi cəmiyyətin lap sonuncu qatından boylanmalıdı.

Jalə xanım təkcə deputatlığa namizəd kimi deyil, həm də jurnalist və vətəndaş mövqeyi nümayiş etdirərək bir nəfərin ailəsindəki  dərslik probleminin həllinə nail ola bildi. Amma hər qazinin yanında bir Jalə Mütəllimova yoxdu, axı. Bir də ki,  torpaq uğrunda döyüşmüş vətən oğlu niyə bu qədər kasıbdı, işsizdi, özgənin köhnəlmiş paltarına möhtacdı? Bəyəm onun yaşadığı ərazidə iş yeri yoxdumu? Bu adam oğurluqda yaralanmayıb, şəxsi münaqişə zəminində şikəst qalmayıb. Azərbaycan torpaqlarını düşmənə verməmək üçün əlinə silah götürüb, sinəsini güllə qabağına verib. O, illər öncə döyüşməsəydi bu gün uşaqlarını kitabla təmin etməyən məktəb rəhbərliyi, işə götürməyən vəzifəli şəxs, evinə bir  parça  çörək aparmaq üçün qapısını döydüyü məmur vəzifə kreslosunda otura bilməzdi.

Torpaq uğrunda qanını axıdan vətən oğullarına dirsək göstərən məmurlar,  toz basmış mənəviyyatınızı  təmizləyin, yatmış vicdanınızı oyadın.  Bu ölkə təkcə sizin deyil, bu Vətən hər kəsindi. Bir şeirdə deyildiyi kimi torpaq uğrunda ölən varsa, Vətəndi.

Torpaq uğrunda ölən Vətən oğullarının ruhu sizi rahat qoymayacaq - biləsiniz...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31