Ziyalıya sayğı duruşu- Nigar Orucova yazır

Ziyalıya sayğı duruşu-Nigar Orucova yazır

Nigar Orucova

Millətin simasını müəyyənləşdirən seçilmiş şəxslər var. Hansıki hər bir millətin mövcudluğu və mənəvi inkişafı bu şəxslərin nisbətindən asılıdır. Ziyalı adlanan bu təbəqənin mədəni və mənəvi mühitin  yaradılmasında, milli mədəniyyətin tərəqqisində, elmin, maarifin inkişafında xalqına bəxş etdikləri mənəvi irs cəmiyyət nərdivanında ən yüksək pillədə yer tutur. Bu seçilmiş insanların silahı öz əqidələri və millətinə ötürdükləri ideyalarıdır. Əqidəsindən doğan ideyaları paylamayan "ziyalı", cəmiyyət üçün qaranlıq olan nöqtələri işıqlandıra bilməz. Qanında, canında xalqına, millətinə məhəbbəti olan ziyalı qaranlıq nöqtələri görər və hər kəsi işığa doğru yönləndirər. Elm ətrafına yığılan pərvanələr əhli millətin, vətənin tərəqqisini yalnız bu işıqda görərlər. Bu işıqdan məhrum olan xalq öz təfəkküründə məhrumiyyətlərə düçar olar, kor yaşayar. Bu günü gələcəyə daşıyan gənc nəsil xoşbəxtdir ki, onun tarixi soy-kökündə daxili zənginlik, mənəvi saflıq, yüksək ideyalılıq və əqidəlilik daşıyıcısı olan həqiqi ziyalıları var. İnsanların gözündə işıqlı bir sima olmuş bu adamlar yaddaşlarda silinməz iz qoyur, heç vaxt ölmürlər, onlara sadəcə vida edilir. Həm də xüsusi mərasimlə...

Həzin, klassik musiqi sədaları altında səhnəyə əklillər, gül çələngləri daşınır. Zalda adamların səsi bir-birinə qarışır. Səhnədə ziyalının fotosu izdihama tamaşa edir. İzdihamın səbəbi böyük alimlə vidadır. Tanınmış ziyalılar tabutun yanında səssiz-səmirsiz sayğı duruşuna dayanırlar. Çıxış edən dostların səsi titrəyir, qüssə onları boğur, sözlərinə güclə davam edirlər.

Mərasim bir müddət bu axarla davam edir...

Daha sonra musiqi səsi yüksəlir, elan edilir ki, mərasim başa çatır. Hər kəs ayaqlanır, zalı tərk etməyə başlayır. Tanınmış adamın doğmaları, sevənləri onunla vidalaşır. Yaxınları tabutu son mənzilə aparmaq üçün yola düşür...

Bu sadəcə vida mərasimlərinin görünən, ümumi tərəfidir. Birdə bunun görünməyən qaranlıq tərəfi var.

İnsanlar kimlə vidalaşmağa gəldiklərini unudurlar. Axı bu sıradan insan deyil, sənin mənsub olduğun xalqın ziyalısıdır. Bu gün yetişdirilməsi çətin olan ali təbəqədir. Özü ilə son vidaya bu qədər izdihamı toplamağı bacarıbsa demək ki, seçilmiş adamdır. Bəs bu izdihamın yarısından çoxu ümumiyyətlə hara gəldiyinin fərqindədirmi?

Sağında-solunda oturan insanların söhbətinə hələki qulaq vermədən sadəcə ətrafı izləyirsən. Baxırsan ki, 19-20 yaşlarında bir gənc bu qədər izdihamı idarə etmək üçün təyin edilib, mərasim iştirakçılarına harada əyləşməsinin lazım olduğunu göstərir. Bəs ona əhəmiyyət verən varmı? Xeyr. Tələbəni belə bir izdihamda böyük bir zalı idarə etmək üçün seçən insanlar onun bu iş üçün nə qədər uyğun olub-olmadığını düşünmürlər. Ona heç deyilsə sadə və xüsusi geyim belə təyin edilməyib. Tələbəni sanki dərsin yarısından çıxarıb qısa müddətdə zalın yerini göstəriblər. Heç kim gənci ciddi qəbul etmir, kim haraya istəyir, hər kəsə mane ola-ola oraya da yönəlir. Mərasimin başlamasından 1 saat keçməsinə rəğmən zalda bir dəqiqə belə sükut yaranmır. İzdihamın içində xaos yaradan adamlar harada oturcaqlarına hələ də qərar verə bilmir. Və nəhayət uzun bir müddət bütün oturacaqları sınaqdan keçirdikdən sonra zalı tərk edirlər. Axı alimlə, ziyalı ilə vidalaşmaq istəyən çoxdur, insanlar biri-birini əvəz etməlidir. Bu insan harada olduğunun mahiyyətinə varmadan zaldan çıxmalı olur, soruşanlara isə hələ mərasimin başlamadığını deyir. Axı mərasim başlamışdı, sadəcə sən həmin vaxt ərzində kiminlə, harada oturmaq istəyəcəyinə qərar verməklə məşğul idin...

Və beləcə boş qərarlarla gəlməyə belə layiq olmadığın yeri tərk edirsən.

Oturacaqları yeri təyin edə bilən mərasim  əhlinin bir qismi mənasız söhbətlə məşğuldur. Həmin vaxt səhnədə başqa bir ziyalımız duyğusal, gözləri, ürəyi dolu çıxış edir. Bütün fikirlərini ona yönləndirirsən. Lakin nə faydası var?! Çıxış edən akademikin səsi səndən getdikcə uzaqlaşır, artıq yaxında olanı daha çox eşidirsən. Hətta səslər o qədər artır ki, artıq sadəcə yanındakını eşidirsən.

Bu cür insanlar səssiz olmalı olduqları zamanda nədənsə susa bilmirlər. Onlar üçün zaman, məkan fərqi yoxdur. Bir ziyalının keçdiyi həyat yolundan danışılanda onlar da asanlıqla mərasimə gəldikləri magistral yoldan danışa bilərlər. Həm də yüksək səslə...

Harada olduğunun mahiyyətini dərk edən yalnız ön sıralardır. Bəs digərləri? Bu gün bir ziyalıyla əsalətlə vidalaşmağı bacarmaqda cəmiyyət olaraq niyə acizik? Yəni bu qədərmi çətindir!?

Heç olmasa bir neçə saat harada olduğunu dərk edib sayğılı olmağın bir məziyyət olmadığını düşünürəm. Biz xalqı, milləti adına böyük işlər görən ziyalılar üzərində heç bir haqq sahibi deyilik. Gəlin cəmiyyət olaraq üzərimizdə haqqı olan insanlara sayğıda qüsur etməyək...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31