Sabiq millət vəkilinin "Fikir və düşüncələrim, fərziyyələrim" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində sabiq millət vəkili Cahangir Hüseynovun "Fikir və düşüncələrim, fərziyyələrim" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində sabiq millət vəkili Cahangir Hüseynovun "Fikir və düşüncələrim, fərziyyələrim" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü  ilə açan müəllif həyat və yaradıcılığında söz açıb.  Bildirib ki, son 6 ili əsasən elmi fəaliyyətlə bağlı olub və bu günə  qədər bir neçə kitabı işıq üzü görüb.  Cahangir Hüseynov deyib ki, hətta  bir neçə kitabı Türkiyədə də işıq üzü görüb. Müəllif bir qayda olaraq kitabları  barədə  tənqidi fikirlərin səsləndirilməsinin də tərəfdarı olduğunu deyib  və qeyd edib ki, hər zaman tənqidi fikirlərə, yanaşmalara hazırdır.

Millət vəkili Nizami Cəfərov çıxışında bildirib ki,  Cahangir Hüseynovun əsərlərini tənqid etməyə maraqlı görünməsi də təqdirəlayiqdir. Sabiq millət vəkilinin dəyərli əsərlər ortaya qoyduğunu deyən Nizami Cəfərovun sözlərinə görə,  Cahangir Hüseynovun əsərləri bir növ bazis rolunu oynayır: "Müəllifin Nadir şahla bağlı kitabı da xüsusi qeyd  edilməlidir.  Əvvəla təəssüf hissi ilə onu qeyd edim ki  Nadir şah tarixdə öz layiqli yerini ala bilməyib.  Hər zaman Nadir şahı doğru olmayan formada təqdim ediblər. Akademik Ramiz Mehdiyev, yazıçı publisist Yunus Oğuz Nadir şahla bağlı dəyərli əsərlər ortaya qoyublar. Xüsusilə Ramiz Mehdiyev Nadir şahın Azərbaycan dövlətçilik tarixində olan rolunu qeyd edib, onun əhəmiyyətini üzə çıxarıb". Nizami Cəfərov qeyd edib ki, Cahangir Hüseynovun əsərləri həm də təhlil olunur, onların ictimai müzakirələri keçirilir: "Çox yaxşı haldır ki  Cahangir Hüseynov həm də dərin fəlsəfi fikirlərə məxsusdur".

Kitabın elmi redaktoru İzzət Rüstəmov deyib ki, Cahangir Hüseynovun kitabının düha çox oxumasını şərtləndirən məqam ondan ibarətdir ki, həmin kitablarda Nizami Cəfərovun da dəsti xətti var. İzzət Rüstəmov qeyd edib ki, kitabı oxuyanda təəccüb hissi keçirib. Bunun da başlıca səbəbi Cahangir Hüseynovun kitabda dərin fəlsəfi fikirlərə yer verməsidir. Xüsusilə, onun din tarixi, dini durumla bağlı fikirləri diqqətçəkicidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Sayman Aruz  ədəbiyyat, tariximiz,  adət -ənənələrimizin zənginliyindən danışıb. Bildirib ki, müstəqil Azərbaycanın varlığını hər zaman böyük bir qənimət. nemət hesab edib. Sayman Aruz onu da qeyd edib ki, AYB - də bəzi bayağı,  sevgi-eşq macəralarından bəhs edən kitabların təqdimatındansa, bu cür tarixi kitabların təqdimatının keçirilməsini məqbul sayır. O, hər kəsi Savalanın ətəyində kitab təqdimatına çağırıb.

Millət vəkili Əli Hüseynli Cahangir Hüseynovun həm yaxşı hüquqşünas,  həm dövlət adamı, həm də tarixçi olduğunu vurğulayıb. Əli Hüseynli deyib ki, Cahangir Hüseynovun müasir dövrlə bağlı fikirləri də olduqca maraqlıdır. Millət vəkilinin sözlərinə görə, biz azərbaycanıları digər müsəlman dövlətlərindən fərqləndirən  əsas mühüm məqam bizim zəngin dövlətçilik tariximizə malik olmağımızdır ki,  Cahangir Hüseynov bu məqama da müəllifi olduğu kitabda xüsusi olaraq toxunub: "Siz hər zaman ədalətli olmusunuz və bu kitabda da həmin  ədalət prinsipi qorunub. Bu da Cahangir Hüseynovun həm də ədalətli hüquqşünas olmasından irəli gəlir".

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun sözlərinə görə, Azərbaycanın ziyalıların, elm adamlarının tariximizi araşdırması və fikir - düşüncələrini ortaya qoyması yaxşı haldır. Onun sözlərinə görə  tariximizin gənc nəslə çatdırılması xüsusilə əhəmiyyətlidir. Çünki gənc öz tarixini yaxşı bilməli, özünü tarixi qəhrəmanlarına bənzətməlidir: "Son dövrlər hətta adını professor qoyan ziyalılar, şəxslər tarixi şəxsiyyətlərimiz barədə nəinki tənqidi, hətta təhqiri fikirlər səsləndirirlər. Bu da insanlarda tariximiz barədə şübhə yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, burada müəyyən xarici amillər də var. Məqsəd dövlətçiliyimizə, tariximizə zərbə vurmaqdır".

Cahangir Hüseynovun "Mənim elmi və xidməti fəaliyyətim" kitabının elmi redaktoru Ilham Həsənov isə müəllifin elmi yaradıcılığı, qələmə aldığı kitabların cəmiyyət üçün əhəmiyyətindən danışıb.

Tarixi romanlar müəllifi, yazıçı publisist Yunus Oğuz deyib ki, sözügedən kitabın əsas məğzi, yazıları ilə əvvəlcədən tanış olub. Çünki kitabda əksini tapan məqalələr əvvəlcə rəhbəri olduğu "OLAYLAR" qəzetində dərc edilib. Yunus Oğuz bildirib ki, ölkəmiz kimi tariximiz də parçalanlb.  Ona görə də Qarabağ məsələsində hansısa uğura imza atmağa imkan vermirlər. Nadir şahın fəaliyyəti və sərkərdəlik qabiliyyətinə toxunan Yunus Oğuz deyib ki, Nadir şah birləşdiricilik missiyası ortaya qoydu. Ona görə də bu tariximizi gənclərimizə çatdırmalıyıq. Çünki tariximizi bilməsək itirdiklərimiz çox olacaq. Yazıçı hesab edir ki, ermənilər bizdən əl çəkəsi deyil. Çünki onun arxasında dayanan qüvvələr bunu istəyirlər. Yunus Oğuz müəllifə gələcək elmi yaradıcılığında uğurlar arzulayıb.

Daha sonra çıxış edən natiqlər də Cahangir Hüseynovun zəngin siyasi, elmi fəaliyyəıtindən danışıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Çıxışlarda bir fikir xüsusi olaraq vurğulanıb ki, zəngin tarixi kieçmişimiz barədə çoxsaylı əsərlərin yazılıb ictimai müzakirəsinin keçirilməsi, onların gənc nəslə çatdırılması olduqca vacibdir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31