Təkrar emal aksiyası
Təkrar emal aksiyası
14 May 2019 17:28 SosialEkoloji təmizliyin yaradılması, ona riayət edilməsi və ən əsası bu sahədə cəmiyyətin bütün fərdləri üçün yararlı ola biləcək layihələrin həyata keçirilməsi "İçərişəhər" DTMQİ-nin daim diqqətindədir.
Artıq bu qəbildən olan layihələrimiz arasında "Təkrar emal aksiyası" da yer alır. "İçərişəhər" DTMQİ, Green Baku, Animal Care Club təşkilatlarının təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn layihənin məqsədi istifadə edilmiş kağızların yenidən emal prosesini təşkil etmək və son nəticədə ekoloji tarazlığa dəstək olmaqdır. Belə ki, toplanan kağızlar qeyd dəftəri olaraq yenidən istehsal ediləcək, satışa çıxarılacaq və əldə edilən gəlirlə yeni tinglər alınaraq Qala kəndində əkiləcək. Bununla da təkrar emal prosesi dövr edərək son nəticədə təbiətə qaytarılacaq. Artıq 11-12 may tarixlərində layihənin ilk mərhələsi uğurla həyata keçirilmişdir. Belə ki, 2 gün ərzində ziyarətçilər İdarəyə 1 tondan çox kağız məmulatı təhvil vermişlər.
Lakin layihəmiz emal prosesinə keçmədən öncə 1 gün də əlavə olaraq istehlakçıların istifadəsiz kağız məmulatlarını qəbul etməyə hazırdır. Layihəyə töhfə vermək istəyən hər kəsi 18 may tarixində İçərişəhərdə yerləşən Dördbucaqlı Qalaya (Art Tower) dəvət edirik. Sadəcə içəri daxil olub kağızları sandığa atmağınız kifayətdir. Aksiya saat 12:00-17:00 arasında davam edəcəkdir. Ünvan: Kiçik Qala küçəsi,105.
Gəlin və təbiəti birlikdə xilas etmək üçün dəstək olun!