Ramazanda susuzluğa necə tab gətirmək olar?
Ramazanda susuzluğa necə tab gətirmək olar?
13 May 2019 11:56 SosialRamazanın xüsusən isti aylara düşməsi oruc tutanlar üçün çətinlik yaradır. Çünki, isti aylarda suya tələbat daha çox olur, insan bədəninin 70 faizini isə su təşkil edir. Buna görə də, Ramazan ayında su insanlar üçün həyati əhəmiyyət daşıyır. Məlum olduğu kimi, susuz insan orqanizmində proseslərin baş verməsi, ürək, qan dövranı və həzm sisteminin fəaliyyəti mümkün deyil. Qızmar günəşli havalar insanların tərləməsinə, tez-tez susamasına səbəb olur. Gün ərzində mayenin az qəbul edilməsi isə su tarazlığını pozur və insan orqanizmində, xüsusilə həzm sistemində bir çox problemlər yaradır. Ona görə də, insanlar qida seçimində diqqətli olmalı, duzlu və ağır, qızartmalı yeməklər, sosis, kolbasa kimi duz məzmunlu qidaların yerinə tərəvəz və meyvə ilə zəngin, sulu yeməklər seçməlidirlər. Şirin məmulatların həddən artıq qəbul edilməsindən çəkinmək lazımdır.
Mütəxəssislər tövsiyə edir ki, iftarda su və sulu yeməklər, ayran və kompotun daha çox qəbul edilməsi faydalıdır. Qəhvə, çay, qazlaşdırılmış şirin içkilərdən uzaq olmaq məsləhətdir. Yaxşı olardı ki, yeməkdən yarım saat sonra yaşıl çaydan istifadə edilsin. Ümumiyyətlə, bitki çaylarından istifadə məsləhətdir. İmsakda yaşıl çaydan istifadə susuzluğa tab gətirmək üçün faydalıdır. Bu ayda dişləri sürtmək üçün lazım olan diş pastalarının da seçiminə diqqət etmək lazımdır. Tərkibində soda olan diş məcunlarını işlətmək olmaz. Çünki onlar insanı susadır. Flüorlu diş məcunlarını seçmək məsləhətdir. Sübh yeməyini isə bir az tez qurtarmaq lazımdır. Çünki dişləri təmizlədikdən sonra insan susayır. Su içməyə vaxt qalmalıdır. İmsakda su çox içilməlidir. Qeyd edək ki, orqanizmin gündəlik su ehtiyacı 2-2,5 litrdir. Çalışmaq lazımdır ki, bu ehtiyacın çox hissəsi sübh zamanı mənimsənilsin. Xüsusilə isti havalarda, ağır işlərdə tərləyən insanlar susuz qalmamağa çox diqqət yetirməlidir. Normalda içməmiz lazım olan 2 litr suyu Ramazanda daha da artırmaq və 10-12 stəkana çatdırmaq lazımdır. Bütün oruc tutanlar iftar sonrası səhərə qədər 2 litrə qədər su içməlidirlər. Ən azından 2 stəkan bitki çayı, bol-bol ayran, qatıq və albalı kompotu içmək vacibdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, yaz ərəfəsinə təsadüf edən müqəddəs Ramazan ayında oruc tutmaq qış aylarına nisbətən daha çətindir. Belə ki, getdikcə artan hava temperaturu imsak və iftarda tərkibində daha çox maye olan qidaların qəbul edilməsini şərtləndirir. Oruc açarkən nəzərə almaq lazımdır ki, fasilələrlə qidalanmaq orqanizmə daha çox faydalıdır. Öncə 1-2 stəkan su, zeytun, xurma, tərəvəz salatı və göy-göyərti ilə orucu açmaq, 15-20 dəqiqə fasilədən sonra isə əsas yeməklərə başlamaq olar. Gün ərzində davam edən aclıq səbəbindən qanda şəkərin miqdarı aşağı düşür, iftarda qəbul edilən yeməklərdən sonra isə əksinə yüksəlir. Bu isə "iftar sonrası ağırlığın və yuxu halının" meydana gəlməsinə səbəb olur. İftar süfrəsində kiçik porsiyalar şərti ilə istənilən növ və çeşiddə yemək ola bilər. Buraya tərkibində zülalla zəngin olan (ət, toyuq, balıq və ya paxlalılardan), karbohidratla zəngin olan (un və un məmulatlarından tutmuş müxtəlif növ plov, taxıl bitkilərindən hazırlanmış təamlar, kartof, sulu yeməklər və s.), həmçinin tərkibində müxtəlif vitamin və minerallar olan meyvə-tərəvəz, göy-göyərti və qatıq daxildir.
Xəmir xörəklərinin, qızartmaların, tərkibində sous olan kalorili yeməklərin Ramazan ayı boyunca iftar süfrələrində yer almaması tövsiyə olunandır. Belə ki, yüksək kalorili yeməklərin istehlakı həzm sisteminin işini çətinləşdirdiyi kimi, qaz, qastrit, mədədə yanma və s. narahatlıqlar meydana çıxarır. Bir neçə saat davam edən aclığa tab gətirə bilmək və qanda şəkərin miqdarını normada saxlamaq üçün imsakda lifli çörəklər istehlak edilə bilər. Bundan başqa, tərkibində yumurta olan səhər yeməyinə qatıq, yulaf və çia toxumu əlavə edilərsə, toxluq hissi daha uzunmüddətli olar. Gün ərzində 2 dəfə yemək yeyilməsi orqanizmdə təbii olaraq həzm siteminin fəaliyyətinə mənfi təsir edərək qəbzlik, şişkinlik, qarında qaz problemlərinin yaranmasına səbəb olur. Bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı və daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Bundan başqa, suyu əvəz etməsə də, maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir. İftardan sonra piyada gəzmək bağırsağın fəaliyyətini aktivləşdirir. Tərkibində lif olan yulaf, ərik, qaysı və s. bu kimi qidalara daha çox üstünlük verilməlidir.
Oruc açarkən yeməyi mümkün qədər asta və daha çox çeynəyərək yeməyə çalışın. Yemək zamanı daha bol su için. Əsas yeməklərdən bir neçə çeşid varsa, bir çeşidə üstünlük verin. Çörək istehlakında dilimlərin miqdarını nəzarətdə saxlayın, 1-2 dilimdən çox yemək məsləhət görülmür. Pendir, zeytun, mürəbbə az miqdarda qəbul edin. Bu kimi məhsullar sizə az kalorili gəlsə də, çox yeyildiyi təqdirdə artıq kilolara səbəb ola bilər. Mümkün qədər az yağlı yeməklərə üstünlük verin. İftar zamanı şərbətli şirniyyatları südlü şirniyyatlarla əvəz edərək, yarım payla ilə kifayətlənin. Ramazan ayı boyunca iftar zamanı sulu yeməklə başlayıb, az-az və fasilələrlə qidalanmaq tövsiyə olunur. Süfrədə az yağlı ət və ət məhsulları, tərəvəz salatı və s. bu kimi yeməklərin olması tövsiyə edilir. Əsas yemək olaraq əgər plov seçimi ediləcəksə, daha çox bulqurdan hazırlanmışa üstünlük verilməlidir. Yeməklərdən dərhal sonra şirniyyat qəbulu yolverilməzdir. Belə ki, yeməkdən sonra yeyilən şirniyyat kökəlməyə səbəb olur. Adətən şirniyyat yeməkdən 1-2 saat sonra qəbul edilməlidir. İftar imsak arası bol miqdarda su içilməsi tövsiyə edilir. Acılı, müxtəlif ədviyyatlı qidaların, həmçinin turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil.
Nurlan