Baş Prokurorluqda Ulu Öndərin doğum günü qeyd edilib

Baş Prokurorluqda Ulu Öndərin doğum günü qeyd edilib

Mayın 7-də Baş Prokurorluqda xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mərasim keçirilib. "Olaylar"ın məlumatına görə, mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində müstəqil Azərbaycan Respublikasının memarı və yaradıcısı Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.Tədbirdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlıdır. Müstəqilliyimizin xilaskarı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmış və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlamış, dövlətçiliyimiz üçün məhv olma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısına qoyaraq, radikal müxalifət və digər destruktiv qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırmış, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir.

Ümummilli Liderin dəyanəti və cəsarəti, mətinliyi və zəkası sayəsində xalqımız zamanın bütün çətinliklərinə sinə gərmiş, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə nail ola bilmişdir. Bütövlükdə Azərbaycanın ötən əsrin 70-ci illərindən başlayaraq bu günə qədər olan inkişaf tarixi "Azərbaycan tarixinin Heydər Əliyev dövrü" kimi səciyyələndirilməklə, onun Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı tarixi olan 15 iyun isə "Azərbaycan xalqının Milli Qurtuluş Günü" kimi təntənəli şəkildə qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31