Əli Həsənov: “Azərbaycan türkdilli dövlətlərin media forumunun Bakıda keçirilməsinə hazırdır”

Əli Həsənov: “Azərbaycan türkdilli dövlətlərin media forumunun Bakıda keçirilməsinə hazırdır”

"Türk coğrafiyasının dünyanın tanımalı olduğu şəxsiyyətləri var. Dünya bu cür şəxsiyyətləri daha yaxşı tanımalıdır. Bu tarixi şəxsiyyətlərlə bağlı filmlər türk, rus və ingilis dillərində olmalıdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Mədəniyyət Nazirliyi bu məsələnin reallaşmasına dəstək verməyə hazırdır". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin Bakıda keçirilən II toplantısında deyib. Prezidentin köməkçisi ortaq türk kanalı ilə bağlı bildirib ki, TRT AVAZ-ın tərkibində belə bir kanalın yaradılması məsələsi prezidentlərin qərarından asılıdır. O, "Euronews" nümunəsini misal çəkərək deyib ki, bu kanalda müxtəlif dövlətlərin səhmləri var. İnformasiya agentliklərinin jurnalist və təcrübə mübadiləsinin əhəmiyyətindən danışan Əli Həsənov deyib ki, AZƏRTAC bu istiqamətdə səylər göstərir, tərəfdaş agentliklərlə yaxşı əlaqələr qurub. Türk Şurasına üzv dövlətlər arasında xəbər platformasının yaradılmasının vacibliyinə toxunan Prezidentin köməkçisi qeyd edib ki, mətbuat nümayəndələrinin media forumlarının keçirilməsi tərəflər arasında əməkdaşlığı daha da gücləndirər. Azərbaycan türkdilli dövlətlərin media forumunun Bakıda keçirilməsinə hazırdır. Forumda təkcə telekanallarla bağlı məsələ deyil, ümumilikdə jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31