Komitə: "Azərbaycanda ailə institutu qorunub saxlanılır"
7 May 2019 16:17 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Ailə Akademiyası" layihəsinin davamı olaraq, növbəti regional tədbir Qobustan rayon İcra Hakimiyyəti ilə birgə Qobustan, Ağsu, Şamaxı rayonlarının aktiv bələdiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə Qobustan rayon İcra Hakimiyyətində keçirilib. "Olaylar" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qobustan rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə Güləliyeva tədbir iştirakçılarını salamlayaraq, layihənin əhəmiyyəti barədə çıxış edib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdən biridir və bu sahə prioritet istiqamətlərdən sayılır. Qloballaşmanın cəmiyyətin təsisatlarına xüsusilə də ailə institutuna olan təsirləri barədə danışan A.Sofiyeva bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribanlıq, tolerantlıq şəraitində yaşayırlar.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, yerli özünüidarəetmə orqanları ilə birgə keçirilən "Ailə Akademiyası" layihəsi barədə məlumat verən A.Sofiyeva layihənin ictimai əsaslarla keçirildiyini və əsas hədəfin gənclər, xüsusilə gənc qızlar,yeni qurulan ailələr və sosial aktivliyi zəif olan insanlar olduğunu qeyd edib. A.Sofiyeva layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.