“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransı
Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
7 May 2019 11:15 SosialAzərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası" adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Olaylar.az bildirir ki, açılış mərasimindən öncə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla başda olmaqla, universitet rəhbərliyi, konfrans iştirakçıları və qonaqlar Ulu öndər Heydər Əliyevin büstü önünə əklil və tər güllər qoyulub.
Konfransda Azərbaycan Respublikasının dövlət himni və "Gaudeamus" tələbə himni səsləndirilib.
ADU-nun rektoru akademik Kamal Abdulla konfransda uzaq ölkələrdən yaxın dostların iştirak etdiyini söyləyərək qonaqları salamlayıb. Konfransın rəmzi məna daşıdığını söyləyən rektor ötən il keçirilən eyni məqsədli I beynəlxalq elmi konfransdan söz açıb. O bildirib ki, sözügedən konfransın bölmə iclaslarının müzakirələri dünyanın 11 ölkəsində və 14 universitetdə keçirilib. Rektor konfransın hazırkı müzakirələrinin ali təhsil müəssisələri ilə yanaşı, ölkənin köçkün məktəblərində də baş tutacağını bildirib. Universitet rəhbəri qeyd edib ki, konfransın miqyasının məktəblərə yayılması Heydər Əliyev ideologiyasının öyrədilməsi ilə yanaşı, universitetin həmin məktəblərə göstərdiyi qayğıdır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfransda iştirak etməkdən məmnun olduğunu bildirib.
YAP-ın icraçı katibinin birinci müavini professor Mübariz Qurbanlı akademik Kamal Abdullanın təşəbbüsü ilə ulu öndər Heydər Əliyev irsinin tədqiqi ilə bağlı konfransda iştirak etməkdən məmnunluğunu bildirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Azərbaycan xalqına xas olan multikultural və tolerantlığın göz önündə olduğunu bildirib.
Rumıniyanın Yasski Universitetinin Slavistika kafedrasının dosenti Lyudmila Bejenaru, Serbiyanın Belqrad Universitetinin professoru Ema Miljkovic (Petrovic), Rusiyanın Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, İsrail Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci müavini Avital Rozenberq, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fanani, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin mədəniyyət işləri üzrə müşaviri Yohan Şiterer konfransın işinə uğurlar arzulayıblar.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Sevinc Zeynalova konfransın işi haqqında məlumat verib. O, konfransın müxtəlif aktual mövzuların müzakirə olunacağı bölmə iclasları ilə davam edəcəyini bildirib. S.Zeynalova Amerika və Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin konfransa təbrik məktubları ünvanladıqlarını qeyd edib.
İkigünlük konfrans öz işini "Heydər Əliyev və müasir Azərbaycan", "Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm", "Qloballaşan dünyada dinlərin və mədəniyyətlərin dialoqu", "Müasir beynəlxalq münasibətlər və multikulturalizm", "Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu" mövzularında bölmə iclasları ilə davam edib.