Bəzi sahibkarlar uşaq əməyinin istismarına yol verirlər
İş adamları onlar üçün yaradılan yaxşı imkanlardan sui-istifadə edirlər
6 May 2019 12:04 Sosialİş adamları onlar üçün yaradılan yaxşı imkanlardan sui-istifadə edirlər
Milli Məclisin sonuncu plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik hesabatı dinlənilərək təsdiq edilib. Lakin hesabatın müzakirəsi zamanı millət vəkilləri bir sıra məslələrin həllini vacib sayıblar. Maraqlıdır, Azərbaycanda insan alverinə qarşı mübarizədə hansı boşluqlar müşahidə olunur? Yeri gəlmişkən xatırladaq ki, hesabatda qeyd olunub ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilib: "Aparılan yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 760 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin küçə həyatına məruz qalmış 75 yetkinlik yaşına çatmayan və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən uşaq mərkəzlərində ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilib. 2018-ci ildə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın yaşadığı ünvanlarda yerli icra hakimiyyəti orqanları tərəfindən monitorinqlər keçirilib, zəruri sosial yardımlar göstərilib". Hesabatda həmçinin göstərilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə ötən il respublika üzrə 4 məcburi əmək faktı müəyyən edilib. Aparılan araşdırmalarla 16 qurbandan 15-nin ölkə xaricində, birinin respublikada tikinti sahəsində istismar edildiyi məlum məlum olub. Hər bir fakt üzrə istintaq araşdırmaları aparılaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib. Millət vəkili Qənirə Paşayeva hesabatda dünyanın əksər ölkələrində insan alveri cinayətlərinin artdığı faktının öz əksini tapdığını vurğulayaraq, insan alverinə qarşı mübarizə tədbirlərinin daha da sürətlənəcəyinə, bu istiqamətdə maarifləndirmə işlərinin, bu işin xüsusilə televiziyalarda daha da genişlənməsinə xüsusi toxunub. Q.Paşayeva insan alveri ilə mübarizə aparan qurumlara və televiziya kanallarına çağırış da edib: "İnsan alverinə qarşı mübarizə aparan qurumları televiziyalarda daha çox sosial roliklərin nümayiş etdirilməsi üçün fəallıqlarını artırmağa çağırıram. İnsan alveri kimi neqativ hallara qarşı mübarizədə televiziya kanallarında "prime-time" adlanan vaxtda sosial roliklərin nümayiş etdirilməsi daha çox effektiv olar. Ona görə də yaxşı olardı ki, bizim yerli televiziyalar insan alverinə qarşı mübarizə məqsədilə sosial rolikləri ən çox baxılan vaxtda tez-tez nümayiş etdirsinlər". Deputat bildirib ki, hesabatda "Məcburi əməyin qarşısının alınması" hissəsində qeyd edilən bir sıra faktlar narahatlıq doğurur. Belə ki 79 tikinti obyektində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək münasibətlərinin monitorinq mərkəzi tərəfindən aparılan monitorinqlərlə 946 nəfər əmək və ya xidməti (mülki) müqaviləsi olmadan çalışdığı aşkar edilib və yol verilmiş pozuntularla bağlı bir sıra işəgötürən təşkilatlar barəsində ciddi tədbirlər görülüb: "Cənab Prezident tərəfindən sahibkarların fəaliyyətinə hər cür şəraitin yaradılması və yoxlamaların dayandırılması ilə bağlı verilən fərman və sərəncamlara baxmayaraq, bir sıra sahibkarlar onlar üçün yaradılan yaxşı imkanlardan təəssüf ki sui-istifadə edirlər və işçiləri əmək müqaviləsi olmadan çalışdırırlar. Əmək müqaviləsi olmadan çalışanların işə o qədər böyük ehtiyacları olur ki, gələcəkdə pensiya təminatlarını düşünmədən əmək və ya xidməti müqavilə olmadan işə razı olurlar. Bəs bu insanların gələcək pensiya təminatı necə olacaq? İnsanlarımızın bu istiqamətdə pozulan haqlarının müdafiəsi istiqamətində müvafiq qurumlar mübarizəni daha da gücləndirməlidir. Əmək müqaviləsi olmadan işçi çalışdıranlara qarşı ciddi tədbirlərin görülməsini daha da sürətlənməlidir. Biz əmək müqaviləsi olmadan çalışan şəxslərin gələcək pensiya təminatı ilə bağlı yaranacaq ciddi problemləri görməliyik və əmək müqaviləsi olmadan işçi çalışdıranlara qarşı mübarizə daha da sərtləşməlidir". Q.Paşayeva qeyd edib ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühiti, pedaqoji və ictimai təsir vasitələrindən kənar işləyən və dilənçilik edən 450 uşağın müəyyən edilməsi ilə bağlı hesabatda öz əksini tapan faktlar bizim hamımızı ciddi narahat etməlidir və bu hallara qarşı problemin kökünün araşdırılması üçün ciddi tədbirlərin görülməsi vacibdir: "Hesabatda vurğulanır ki, həmin uşaqların valideynlərinə qarşı inzibati-tənbeh tədbirləri görülür. Hesab edirəm ki, bu məsələdə tək valideynlərə qarşı inzibati-tənbeh tədbirləri ilə kifayətlənmək lazım deyil, həm də təhsil müəssisələrinin məsuliyyəti məsələsinə də xüsusi diqqət yetirməliyik. Başqa bir məsələ, dilənçiliklə məşğul olan uşaqların hansı ailələrdən olması ilə bağlıdır. Əgər bu uşaqların əksər hissəsi dağılmış və bunun nəticəsində çətin maddi-sosial vəziyyətlə üzləşərək çətin maddi-sosial vəziyyət içərisində olan ailələrin övladlarıdırsa, bu cür ailələrə dəstək proqramları artırılmalıdır. Mənim bir neçə dəfə parlamendə səsləndirmişəm və indi də qeyd edirəm ki, ölkədə Aliment Fondunun yaradılmasının vacibliyini xüsusi qeyd etmək istərdim. Məqsədimiz bu cür uşaqların sayının artmaması, tam əksinə azalması istiqamətində ailələr və təhsil müəssisələri ilə işin daha da gücləndirilməsidir". Millət vəkili Fazil Mustafa da ölkədə Aliment Fondunun yaradılmasını vacib hesab edib. Bildirib ki, illik hesabatda məcburi əməklə məşğul olan 450 uşağın aşkarlandığı bildirilir. Bu uşaqların gələcəkdə insan alveri qurbanına çevrilməsi ehtimalı istisna deyil. F.Mustafa bu uşaqların əksəriyyətinin valideynsiz olduğunu söyləyib: "Buna görə də ölkədə Aliment Fondunu yaratmaq lazımdır. Bunun üçün ilkin olaraq 10-12 milyon manat lazımdır. Uşağın günahı deyil ki, atası aliment ödəmir? Dövlət Aliment Fondu vasitəsilə həmin uşaqlar üçün vəsait ödəyə, sonra aliment ödəməyən valideynlərdən həmin pulları ala bilər. Digər tərəfdən, ölkədə yoxsuluq səviyyəsi rəsmi olaraq 5,5 faiz olsa da, uşaqlar arasında yoxsulluq faizi 10 faizdir".
Alim