Avropa MOK nümayəndə heyətlərinin rəhbərləri Bakıda

Avropa MOK nümayəndə heyətlərinin rəhbərləri Bakıda

15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün seminar keçirir. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, nazir Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki iştirak edir.

Bununla yanaşı, seminara Avropa Milli Olimpiya Komitələrinin 40 ölkədən olan 70 nümayəndəsi, eləcə də, Avropa Olimpiya Komitəsinin nümayəndələri və AOK-un Bakı-2019 üçün xususi yaradılmış Əlaqələndirmə Komissiyası qatılıb.

Seminar, Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə texniki planlaşdırma və oyunqabağı keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti verməklə bərabər, onların Bakı-2019 haqqında ən son məlumatlara sahib olma və komandalarına müvafiq təlimlər verə bilmələri üçün təşkil olunub. Burada onlar geniş mövzuları əhatə edən iclaslarda iştirak edir, o cümlədən, idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edirlər. Eyni zamanda, seminarda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinə idmançılara təqdim olunacaq medallar da nümayiş etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31