İnsan alveri ilə bağlı 13 cinayətkar qrup zərərsizləşdirilib

İnsan alveri ilə bağlı 13 cinayətkar qrup zərərsizləşdirilib

Vilayət Eyvazov: " Azərbaycanda insan orqanlarının satışı ilə bağlı məlumatlar yayılsa da, təsdiqini tapmır"

Milli Məclisin mayın 3-də keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik hesabatı dinlnilib.  Hesabatı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edir. Milli Koordinator bildirib ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faizi və ya 34-ü tutulub.V.Eyvazov qeyd edib ki, insan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb: "Müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan Respublikasının vətəndaşı) 71-i istismar məqsədilə Türkiyə Respublikasına, 20-si Rusiya Federasiyasına, 3-ü İran İslam Respublikasına aparılıb, 2-si isə Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i isə Azərbaycanda istismara məruz qalıb. Zərərçəkənlərdən 95-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib, 61-i sosial xidmətlərlə əhatə olunması məqsədilə qeyri-hökumət təşkilatlarına, 92-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib. Nəticədə onlardan 32-si işlə təmin edilib, 46-sı peşə kursuna göndərilib, 69-u ailələrinə qaytarılıb, eləcə də hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib. Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 25 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 16-nın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 13-nə lazımi sənədlərin alınmasında köməklik edilib. Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı "152 saylı Qaynar xətt" telefon xidmətinə daxil olan 6 310 müraciət araşdırılaraq qanunauyğun ölçülər götürülüb, təşəbbüskarlara zəruri izahlar verilib". Milli Koordinator deyib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə ötən il respublika üzrə 4 məcburi əmək faktı müəyyən edilib: "Aparılan araşdırmalarla 16 qurbandan 15-nin ölkə xaricində, birinin respublikada tikinti sahəsində istismar edildiyi məlum məlum olub. Hər bir fakt üzrə istintaq araşdırmaları aparılaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan monitorinqlərlə 79 tikinti obyektində 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib. Yol verilən pozuntularla bağlı 6 işəgötürən təşkilat barədə Respublika Prokurorluğu tərəfindən cinayət işləri başlanılıb, 35-i haqqında 527 min manat həcmində inzibati cərimə, 27-si barədə 468 min manat miqdarda vergi sanksiyası tətbiq edilib. Məcburi əməyin profilaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yaşama qaydalarını pozan 19 210 əcnəbinin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 3 740 nəfərin respublikanın hüdudlarından inzibati qaydada çıxarılması olub".

V.Eyvazov həmçinin bildirib ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilib: "Aparılan yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 760 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin küçə həyatına məruz qalmış 75 yetkinlik yaşına çatmayan və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən uşaq mərkəzlərində ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilib. 2018-ci ildə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın yaşadığı ünvanlarda yerli icra hakimiyyəti orqanları tərəfindən monitorinqlər keçirilib, zəruri sosial yardımlar göstərilib".

Hesabatın müzakirəsi zamanı millət vəkilləri bir sıra məsələlərə toxunublar. Deputat Fazil Mustafa qeyd edib ki, uşaq əməyinin istismarı, onların insan alverinin qurbanına çevrilməməsi ilə bağlı ciddi işlər görülməlidir: "Hesabatda göstərilir ki, valideynlərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı tənbeh verilib. Bu, yetərli deyil. Bununla uşağın problemi həll olunmur. Bunun yolu odur ki, işlər aparılmalıdır. Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsi çərçivəsində burada iştirak edən məktəblilərimizlə əməkdaşlığı gücləndirməliyik. İkinci vacib məsələ odur ki, bu uşaqların böyük əksəriyyəti valideyn himayəsindən məhrum olanlardır. Ona görə də ölkədə aliment fondunun bərpası haqqında düşünməliyik. İqtisadçıların hesablamalarına görə bu fondun təşkili üçün 12-13 milyon vəsait lazımdır. Bu həm də o vəsaitdir ki, dövlət özü büdcəsindən alimenti uşaqlara bu fond vasitəsilə ödəyir. Sonradan onu aliment ödəməyən valideyndən məcburi qaydada geri alır". Deputat uşaqpulunun bərpası barədə də təklif səsləndirib: "Ələbttə, istərdik ki, bu, 18 yaşadək bütün uşaqlara şamil olunsun. Ancaq daha realist yanaşma tələb edir ki, problem mərhələli şəkildə həll olunsun. 6 yaşadək uşaqların sayı 1 milyon nəfərə çatır, ən azı bu kateqoriyadan olan yoxsul və himayəsiz ailələrin uşaqlarının normal qida, müalicə və geyimlə təmin olunmasına xeyli yardımedici addım olardı. Uşaqpulunu mütləq bərpa etməliyik. Ən azından 6 yaşına qədər uşaqlar arasında bu pul bərpa olunmalıdır. Statistika göstərir ki, uşaqlar arasında yoxsulluq səviyyəsi 10 % təşkil edir. Ona görə də düşünmək lazımdır.Ümid edirik ki, rəsmi məqamlar bu təklifləri müsbət yöndə dəyərləndirərək lazımi addımlar atacaq". Millət vəkili Tahir Kərimli deyib ki, onun yaşadığı binanda əxlaqsızlıq yuvası yaradılıb: "Hamı sözünü deputata deyir, bəs deputat üzləşdiyi problemi kimə deməlidir? Bu gün mənim yaşadığım binanın yarısını kimlərsə hostelə çevirməklə, orada insan alveri, əxlaqsızlıq yuvaları yaradır". Onun sözlərinə görə, qanunvericiliyə əsasən, çoxmənzilli binaların müəyyən qisminin hostellərə çevrilməsi gerçəkləşib: "İndi biz bunun acı nəticəsini yaşamaqdayıq. Bununla da olan-qalan abrımızı itiririk. Müraciət etmədiyimiz yer qalmayıb. Nəticəsi yoxdur. Odur ki, binanın sakinləri oradan köçmək məcburiyyətindədir. Buna bir çarə qılınsın və qarşısı alınsın. Hostellər üçün ayrıca girişlər olmalıdır".

Millət vəkili Siyavuş Novruzov isə Miqrasiya Xidmətinə müraciət edib: "Azərbaycana kənardan gələn insanların hesabına insan alveri problemi artır. İnsan orqanlarının qanunsuz satılması dünyanın hər yerində var, Azərbaycanda bunun qarşısı alınır".Deputat qeyd edib ki, bu gün on minlərlə insan Aralıq dənizində, Qırmızı dənizdə itir, onlar insan alverinin qurbanına çevrilir: "Ərəbistan yarımadasında da çoxsaylı insanlar insan alverinin qurbanına çevrilir. Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşir. Çalışmalıyıq ki, gələcəkdə belə hallar Azərbaycanda olmasın. Biz insan alverinə qarşı hesabatın formatına da yenidən baxmalıyıq. Bəlkə də Dövlət Miqrasiya Komitəsi də bu hesabatların təqdim edilməsində iştirak etməlidir". Deputat Elmira Axundova qeyd edib ki, insan alverindən danışarkən insan alverinin yeni forması Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun diqqətindən yayınıb: "Burada söhbət insan orqanlarının alverindən gedir: "Bu hal həm Azərbaycanda, həm də xaricdə yayılmaqdadır. Bu yaxınlarda ölkəmizdə "qara tranplantoloqlar" yaxalanıb, cinayət məsuliyyətinə cəlb olunub. Onlar bir neçə imkanı zəif olan insanları təhrik ediblər ki, öz orqanlarını sataraq qanunsuz əməldə iştirak etsinlər. Halbuki qanunvericiliyə görə, böyrək, qaraciyər və digər orqanların tranplantasiyası yalnız ailə üzvlərindən aparılmasına icazə verilib. Ona görə də bu sahəyə nəzarəti gücləndirmək lazımdır, belə faktlar hesabata daxil edilməlidir".

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov insan orqanlarının qanunsuz satılması və hostellərdən əxlaqsızlıq yuvası kimi istifadə məsələlərinə münasibət bildirib. Koordinatorun sözlərinə görə, Azərbaycanda 14 qurum bizimlə birlikdə insan alverinə qarşı mübarizə aparır. Bu sırada Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və digər qurumlar var.V.Eyvazov deyib ki, 453 uşağın insan alveri qurbanı olması təsdiqini tapmayıb: "Uşaqların insan alveri qurbanına çevrilməməsi üçün tədbirlər nəzərdə tutulur. Azərbaycandan 2005-ci ildən bu yana 3 qanunsuz insan orqanının qanunsuz satılması faktı qeydə alınıb. Bu, insan alverinin bir formasıdır və nəzarətdə saxlanılır. Bəzən böyrəklərin, digər orqanların qanunsuz satılması barədə xəbərlər yayılır. Bu xəbərlər yoxlanılır və onların heç bir əksini tapmayıb". Milli Koordinator bəzi uşaqların təəssüf ki, dilənçiliyi peşə seçdiyini bildirib: "Azərbaycan bu sahədə daha ciddi işlər görülüb". V.Eyvazov hostellərlə bağlı məsələyə də münasibət bildirib: "Sahibkarlıq obyektlərinin yoxlanılması ilə bağlı qanunvericilikdə məhdudiyyət var. İnzibati deyil, maarifləndirici yollarla bu problemin aradan qaldırılmasına nail ola bilərik". Müzakirələrdən sonra hesabat qəbul edilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31