Balıq ovu ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ
Balıq ovu ilə məşğul olan şəxslərə xəbərdarlıq
3 May 2019 14:51 Sosial"Balıq ovu ilə məşğul olan şəxslərə bir daha bildiririk ki, qadağan
olunmuş ov vasitələrindən istifadəyə son qoysunlar, balıq
ehtiyatlarının məhvinə şərait yaradan hərəkətlərdən çəkinsinlər"
Olaylar.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, brakonyerliyin qarşısını almaq məqsədilə Ekologiya və
Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən
respublikanın daxili su hövzələrində, Kür və Araz çaylarında son aylar
keçirilən birgə reydlər zamanı brakonyerlərdən qadağan olunmuş ov alətləri
və müxtəlif növ balıqlar götürülüb. Qanun pozucuları barəsində 8607 manat
məbləğində cərimə tətbiq olunub, 4 iş üzrə hüquq-mühafizə orqanlarında
cinayət işi açılıb.
ETSN rəsmisi bildirib ki, qadağan olunmuş ov alətlərindən olan
sintetik tordan, qarmaqbatırma alətindən, elektrik aparatından, kimyəvi və
partlayıcı maddələrdən istifadə etməklə qəddarcasına balıq ovuna, təəssüf
ki, hələ də rast gəlinir. Bir daha balıq ovu ilə məşğul olan şəxslərə bildiririk
ki, qadağan olunmuş ov alətlərindən istifadəyə son qoysunlar,
brakonyerlikdən çəkinsinlər.
"Ümid edirik ki, brakonyerlər görülən inzibati cəza tədbirlərindən,
təbiətsevərlərin, konstruktiv mövqedə dayanan sağlam düşüncəli
ictimaiyyət nümayəndələrinin qınağından nəticə çıxaracaqlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan, ictimaiyyət
nümayəndələrindən xahiş edir ki, brakonyerlik halları ilə rastlaşdıqda dərhal
nazirliyin 168 nömrəli "Qaynar xətt"inə məlumat versinlər".