“Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” - Tədbir

“Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 3 may - Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş "Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları" mövzusunda konfrans keçirilib.

Olaylar.az xəbər verir ki, konfransdan öncə  3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə ölkənin aparıcı media nümayəndələri Fəxri Xiyabanda Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib.

Tədbirdə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, tanınmış media nümayəndələri Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Azər Həsrət, Aqil Ələsgər, politoloq Arzu Nağıyev, Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Mirzəyev və başqaları iştirak edib.

Konfransda çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bu gün Azərbaycan mətbuatı kifayət qədər inkişaf edən realist, müstəqil, hadisələrə milli maraqlardan baxmağa qadir olan bir mediadır: "Azərbaycanda baş verən hadisələr bu və ya digər yolla - istər sosial şəbəkələr, istərsə də media vasitəsilə ictimaiyyətə çatdırılır. İstənilən şəxs bu yolla öz fikirlərini yaya bilir. Bu gün Azərbaycanda 3 milyon insan sosial şəbəkələrdən istifadə edir".

Ə. Amaşov qeyd edib ki, Azərbaycan mediası müstəqil mediadır: "Cəmiyyətdə nə hadisə baş verirsə, dərhal müzakirəyə çıxarılır. Bu müzakirə istər mətbuat, istərsə də sosial şəbəkə vasitəsilə aparılır. Bu da Azərbaycanda media azadlığından irəli gəlir. Təbii ki, mediamızda bəzi problemlər də var. Amma iqtisadi baxımdan çox güclü mediaya sahibik. Azərbaycan mediası heç bir zaman basqılara məruz qalmır. Biz bu yaxınlarda monitorinq keçirdik. Nəticələrini ictimaiyyətə təqdim edəcəyik".

Millət vəkili bildirib ki, Azərbaycan Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək: "Təkliflər paketində onlayn media ilə bağlı bir sıra zəruri məsələlər öz həllini tapacaq. Bildiyimiz kimi, onlayn media jurnalistikanın tərkib hissəsidir. Həmin təkliflərə əsasən, KİV-ə şamil olunan prinsiplər onlayn mediaya da aid ediləcək. Həmçinin həmin təkliflərdə onlayn medianın spesifik xüsusiyyətləri öz əksini tapacaq".

Ə.Amaşov qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qatilinin tapılmasının üçün hüquq-mühafizə orqanlarına müraciət edib: "Bilirsiniz ki, Azərbaycan mətbuatı "Əkinçi" qəzeti ilə başlayır. Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, Elmar Hüseynovun qatillərin tapılması istiqamətində köməklik göstərsinlər və qatilin kimliyini müəyyənləşdirib ona layiq olduğu cəzanı versinlər".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin sözlərinə görə, bu gün informasiya bolluğu şəraitində yalanla həqiqəti ayırd etmək çətin olur. Bu isə qlobal dünyada müəyyən neqativ hallara yol açır. Buna görə də informasiya seçimində diqqətli olmaq lazımdır.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, bu gün Azərbaycana qarşı bəzi çirkin işlərin aparılır: "Osman Mirzəyevin qızı Sevinc Osmanqızı bu gün xaricdə atasının canını qoyduğu Azərbaycan dövlətinə qarşı çirkin işlər aparır. Xaricdə jurnalist Elmar Hüseynovun qətli üzərində çirkin manipulyasiyalar aparılır. Onun adı ilə qrantların alınmasına son qoyulmalıdır".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışında vurğulayıb ki, müasir Azərbaycan mətbuatı özünün möhkəm ənənələrinə söykənməli, maarifçilik ideyalarının təbliğinə geniş yer ayırmalıdır.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, dünyanın bir çox ölkələrində mətbuatın siyasi rejimlərin, hətta kriminal aləmlərin əlində olmasının mətbuatın inkişafına mane olduğunu qeyd edib: "Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Bizdə mətbuat kimlərdənsə asılı deyil. Dövlət mətbuatın inkişafına maliyyə dəstəyi göstərir. Amma bu gün bu sahədə müəyyən problemlərin olduğu məlumdur. Əsas məsələ budur ki, bu problemləri həll etmək üçün imkanlarımız var".

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə gələcək jurnalistləri daha universal görmək istədiyini bildirib. O, jurnalistləri xarici dil xarici dil bacarığını təkmilləşdirməyə çağırıb.

Nigar Orucova 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31