İçərişəhərdə tarixi memorandum – Bakıda İslam ölkələri əl sənətkarlığı festivalı keçiriləcək

İçərişəhərdə tarixi memorandum – Bakıda İslam ölkələri əl sənətkarlığı festivalı keçiriləcək

Bu gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi (IRCICA) arasında rəsmi memorandum imzalanıb.

Tədbir "Muğam Klub" adlı məkanda baş tutub.

Olaylar.az xəbər verir ki, memorandumu DTMQİ-nin sədri Əsgər Ələkbərov və IRCICA-nın baş katibi Xalid Ərən imzalayıblar.

Əsgər Ələkbərov bildirib ki, IRCICA Azərbaycanın mədəni irsinin tanıdılmasında böyük işlər görüb: "Bunun davamı olaraq, ötən il noyabrın 26-da İstanbulda qarşılıqlı əməkdaşlığa dair müqavilə imzaladıq. Bu gün isə müvafiq memarondum imzalayırıq. Bildiyiniz kimi, bu torpaqlarda tarix boyu böyük sənətkarlar yaşayıblar. Bu il keçiriləcək festivalda sənətkarlarımızın əl işlərini təqdim edəcəyik".

Xalid Ərən isə bu əməkdaşlığın daha da dərinləşməsindən məmnun olduğunu söyləyib: "Bir çox planımız var, onlardan biri də Qarabağdakı mədəni mirasın qorunması ilə bağlıdır. Bundan başqa biz  IRCICA olaraq "İçərişəhər" qoruğunun zəngin əl sənətlərini dünyaya tanıtdırmaq üçün çalışırıq. Bu məqsədlə sentyabr ayında sənətkarlıq festival keçirilməsi planlaşdırılır".

Baş katib bildirib ki, sentyabrda Bakıda İslam ölkələri əl sənətkarlığı festivalı keçiriləcək: "Bu gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi (IRCICA) arasında imzalanan memarandumun əsasını festivalın keçirilməsi təşkil edir. Festival "Nəsimi ili" çərçivəsində baş tutacaq. Bütün dünyadan əl sənətkarlığı ustaları Bakıya gələcək və öz sənətlərini nümayiş etdirəcəklər. Burda fəaliyyətdə olan bütün əl sənətləri yer alacaq. Bundan başqa festivalla əlaqədar əl sənətkarlığı simpoziumu da keçiriləcək. Festivalın sonunda isə sənətkarlar mükafatlandırılacaqlar".

"İçərişəhər" Muzey Mərkəzinin direktoru Əminə Məlikova 2019-cu ilin "Nəsimi ili" elan olunması ilə əlaqədar olaraq sənətkarlıq festivalının İmadəddin Nəsimiyə həsr olunacağını deyib.

Rəsmi mərasimdən sonra qonaqlar Azərbaycan milli musiqisinin incilərini dinləyib.

Qeyd edək ki, IRCICA 1980-ci ildə fəaliyyətə başlayıb, hazırda 56 İslam ölkəsini öz ətrafında birləşdirir.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31