Daşkənddə Azərbaycan xalqının qəhrəman oğlu İbad Hüseynli ilə görüş keçirilib
2 May 2019 15:51 SosialAzərbaycan xalqının qəhrəman oğlu İbad Hüseynli cari il 24 -30 aprel tarixlərində Özbəkistanda səfərdə olmuşdur. Azərbaycandan gələn qonaqlar arasında tarixçi- jurnalist, Milli Elmlər Akademiyasının böyük elmi işçisi Rizvan Hüseynov, araşdırmaçı -jurnalist, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbud da iştirak edib. Səfər zamanı Özbəkistanın Daşkənd, Səmərqənd şəhərlərində qəhrəman İbad Hüseynli ilə görüş keçirilmişdir.
Səfər çərçivəsində Özbəkistanda fəlaiyyt göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olan qonaqlarla Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla görüş keçirilib.
Görüşdə Samir Abbasov Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına qarşı döyüşən İbad Hüseynlinin qəhrəmanlığından danışaraq, Vətən torpaqları uğrunda öz canını belə fəda etməyə hazır olan xalq qəhrəmanını yeniyetmə və gənclərin tanımasının vacib olduğunu qeyd etmiş, milli vətənpərvərlik hisslərinin, düşmənə qarşı mübarizə ruhunun yüksəlməsində İbad Hüseynli kimi qəhrəmanlarından rolundan danışıb.
Samir Abbasov ölkə rəhbərliyinin siyasəti, Azərbaycan xalqının mübarizliyi nəticəsində Vətən torpaqlarının işğaldan azad olunmasına inandığını qeyd edərək, ölkəmizdə qəhrəmanlara, şəhid ailələrinə daim diqqət və hörmətlə yanaşıldığını qeyd edib.
Şəxsinə göstərilən diqqət və hörmətə görə öz təşəkkürünü bildirən İbad Hüseynli keçdiyi şərəfli yol haqqında danışmış, Vətən torpaqlarının azadlığı və bütövlüyü üçün hər bir vətəndaşın mübarizə aparmasının vacib olduğunu qeyd edib. O, xalqımızın apardığı mübarizənin haqq işi olduğunu və gələcək nəsillərdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsinin vacibliyini xüsusi qeyd edib.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzində foyedə qəhrəman İbad Hüseynlinin Mərkəzə hədiyyə etdiyi kitablara baxış keçirilib. Sərgilənən kitablar arasında "Xüsusi Təyinatlı", "O bir qəhrəman", "Yaşayan Şəhid", "Qurd balası", "Qorxunu öldürən qəhrəman" və başqa nəşrlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivi, Özbəkistandakı azərbaycanlı fəallarla görüşən İbad Hüseynli öz xatirələrini bölüşmüş və onunla xatirə şəkilləri çəkdirilmişdir.