Dünyada 300 milyondan çox insan astmadan əziyyət çəkir

1 may Ümumdünya Astma ilə Mübarizə Günü qeyd olunur.

1 may Ümumdünya Astma ilə Mübarizə Günü qeyd olunur. Ümumdünya Astma ilə Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı günü keçirilir. Həmin tədbir ilk dəfə 1998-ci ildə keçirilib və Ümumdünya Bronxial Astma Forumuna 35 ölkə qoşulub. İldən-ilə həmin ölkələrin sayı artır. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a bildirilib ki, astma dedikdə müxtəlif mənşəli təngnəfəslik tutmaları başa düşülür. Lakin əsasən allergenlərin təsiri nəticəsində yaranan və tənəffüs yollarının xroniki iltihabi xəstəliyinə - çətin nəfəsalmaya və ya hətta təngnəfəsliyə, öskürəyə, sinədə xırıltıların yaranmasına səbəb olan bronxial astma nəzərdə tutulur. Xəstələr ağaclardan qopan tozcuğa, məişət tozuna, heyvan tükünə, bəzi qida və dərmanlara reaksiya verirlər.

Bəzən astmanın səbəbini müəyyənləşdirmək çox çətin və ya hətta mümkünsüz olur. Diqqətin bu problemə yönəldilməsi təsadüfi deyil: Dünya Səhiyyə Təşkilatının məlumatına görə, astma dünyada ən yayılmış xroniki xəstəliklərdən biridir və ondan 300 milyon nəfərdən çox əziyyət çəkən var. Bununla belə hər onillikdə onların sayı bir yarım dəfə artır. Astma istənilən yaşda yarana bilər. Uşaqlar bu xəstəliyə daha çox meyillidirlər. Xüsusilə 10 yaşına qədər olanlar arasında xəstəlik daha çox inkişaf edir. Üstəlik 2 yaşına qədər olan uşaqlar arasında digər xəstəliklər altında gizləndiyinə görə diaqnoz qoymaq çətin olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31