Fermerlərə subsidiyalar verilir?

Fermerlərə subsidiyaların və güzəştli kreditlərin verilməsində şəffaflığı və çevikliyi təmin etmək məqsədilə ötən il Aqrar İnkişaf və Kredit Agentliyi yaradılıb

İnam Kərimov deyir verilir, bəs fermerlər?

"Fermerlərə subsidiyaların və güzəştli kreditlərin verilməsində şəffaflığı və çevikliyi təmin etmək məqsədilə ötən il Aqrar İnkişaf və Kredit Agentliyi yaradılıb. Fermerlərin qayğı və problemlərini daha yaxından dinləmək üçün bütün rayonlarda və nazirliyin aparatında Fermerlər Şuraları yaradılıb, Aqrar Könüllülər Hərəkatı formalaşdırılıb. Nazirliyin dəstəyi ilə son 6 ay ərzində 11 fermer assosiasiyası yaradılıb". "Olaylar"ın məlumatına görə bunu kənd təsərrüfatı naziri İnam Kərimov Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Nazir bildirib ki, fermerlərə dövlət dəstəyinin təkmilləşdirilməsi üçün subsidiyaların verilməsinin yeni qaydalarının layihəsi hazırlanıb: "Bu gün fermerlərimizi qayğılandıran digər məsələlərdən biri və yüksək diqqətinizə ünvanladıqları çoxsaylı xahişləri, həmçinin kiçikhəcmli kreditlərə çıxışın asanlaşdırılması və təbii hadisələrə qarşı aqrar sığortanın tətbiq edilməsidir. Aqrar sahənin üzləşdiyi digər çağırışlar kiçik parsellərə bölünmüş torpaqların sistemləşdirilməsi, şorlaşmış, şorakətləşmiş və əkinə yararsız torpaqların yararlı hala salınması, müasir suvarmanın və təsərrüfatlararası yolların düzgün qurulmasıdır".

Onun sözlərinə görə, ötən il nazirliyin prioritet vəzifələrindən birini Elektron Kənd Təsərrüfatı Sisteminin yaradılması təşkil edib: "Sistemin istifadəyə verilməsi dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək, subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Növbəti ildən subsidiyalar məhz bu sistem vasitəsilə veriləcək. Elektron sistem fermerlərə öz əkinlərini bazarın tələbinə uyğun düzgün planlaşdırmağa kömək edəcək, həmçinin bazarda məhsullar üzrə tələb-təklifin düzgün proqnozlaşdırılmasını asanlaşdıracaq. Bu günə qədər 100 mindən çox fermer sistemdə qeydiyyatdan keçib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31