Dinin tədrisi təşəbbüsünün doğurduğu fikir ayrılığı
Dinin tədrisi təşəbbüsünün doğurduğu fikir ayrılığı
1 May 2019 13:35 SosialYaxud hansı tərəf haqlıdır?
Zaman-zaman orta və ali təhsil müəssisələrində dini tədrisin həyata keçirilməsi ilə bağlı təşəbbüslər gündəmə gəlib və təkliflər edilib. Hər dəfə də bu məsələ cəmiyyətdə ciddi fikir ayrılığına səbəb olub. Elə bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təhsil müəssisələrində dini tədrisin həyata keçirilməsinin mümkünlüyü barədə verilən açıqlama cəmiyyətdə birmənalı qarşılanmadı.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvusal Məmmədov da deyir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlum açıqlamasına münasibət fərqli oldu. Onun sözlərinə görə, gözə batan orasıdır ki, bizdə çoxları sağlam müzakirə, polemika ənənəsinə sahib deyillər: "Atmaca atmaq, lağa qoymaq, bilmədən danışmaq, ümumiləşdirmək, qısqanclıq, dinə nifrət, təəssüf ki, bu insanların əsas simasını əmələ gətirir. Din fənnini məsxərəyə qoyanlar arasında özlərini seçilmiş sinfə (həkimlər, jurnalistlər, bloggerlər, müəllimlər, vəkillər, ziyalılar) aid edənlər də var idi. Onların yaratdığı hay-küyün, haray-həşirin, özünəəlqatmağın ümumi məzmunu bu idi ki: "Ay-aman, məktəblər əldən getdi"; "Qoymayın astronomiyanı ixtisara salıb şəriət keçsinlər"; "Bura İran, Səudiyyə Ərəbistanı deyil"; "Ölkədə belə getsə şəriət üsul-idarəsi hakim olacaq" və sair cəfəngiyat. Yəni, söhbətin nədən getdiyini başa düşmək üçün mətbuatı düzgün şəkildə izləmək, aidiyyəti qurumların, şəxslərin bəyanatlarını, açıqlamalarını oxumaq bu qədərmi çətindir? Allah insana ağıl verib, düşünmək bacarığı verib. Ağıldan başqa hər şeyimizi işlədirik, buna görə də fikir bildirəndə dilimiz ağlımızı qabaqlayır: düşünmədən danışırıq. Etirazların "tonu"na nəzər salır və fikirləşirəm ki, 98 faizi müsəlman olan ölkənin övladlarına mənsub olduqları din haqqında tanışlıq səciyyəli sadə məlumatların öyrədilməsi bu qədərmi qorxuludur? O din ki, bu coğrafiyada Azərbaycan xalqının kimliyini formalaşdıran, mədəni nailiyyətlərinə xeyir-dua verən əsas elementlərdən biri kimi çıxış edir. Yəni, müsəlman ölkədə, müsəlman xalqın övladlarına öz dinlərini ibtidai səviyyədə, məhdud biliklər çərçivəsində tədris etmək haray-həşirə səbəb olacaq qədər cinayət əməldirmi? Orta məktəblərdə, yaxud ali təhsil ocaqlarında bir azərbaycanlının öz dini haqqında nəyisə öyrənmək hüququ yoxdurmu? Oxuduğum bir izahda deyilirdi ki, din fənni şagirdlərdə astronomiya, fizika, riyaziyyat, təbiətşünaslıq, biologiya, botanika, zoologiya fənlərinə həvəsi öldürəcəkdir. İnsafınız olsun. Din fənni dediyiniz şey nə olan şeydir? Xronika səciyyəli və faktoloji dini biliklərdən, sadə əxlaq məsələlərindən ibarət məhdud informasiya. Yəni, başa düşə bilmirik ki, indiyə qədər din dərsinin olmadığı məktəblərimizdə yuxarıda adını çəkdiyimiz fənlərin tədrisi və şagirdlərin bu fənlərə münasibətində hansı vəziyyət hökm sürür? Yəni, orta məktəblərdə şagirdləri əzbərçilərə çevirən, məlumat daşıyan disklər, bortlar (fleş-kartlar) halına gətirən dərs metodikamız və məktəb sistemimizin nə qədər yarıtmaz və çürük olduğundan heçmi xəbərimiz yoxdur? Din dərsi məsələsi gündəmə gələn kimi, hər şeyi bu günah keçisinə yükləyəcək qədər qərəzli olmaq, onsuz da məhv olmuş təhsilimizin əldən gedəcəyini utanmadan aləmə car çəkmək bir ziyalıya, obyektiv jurnalistə, həkimə, müəllimə yaraşarmı? Bununla yanaşı, bu qədərmi din düşmənçiliyi olar?" Elvusal Məmmədov hesab edir ki, bəzilərinin din düşmənçiliyi din haqqında məlumatlarının qısır olmağından irəli gəldiyi halda, bəzilərində bu, ideolojidir, dünyagörüşü məsələsidir: "İnanmayın, dini özünüzə dünyagörüşü və həyat tərzi seçməyin, öz işinizdir, bu işdə sərbəstsiniz, amma obyektiv olun, insaflı olun, bilmədiyinizi danışmayın. Dözümlü olun. Tolerantlıqdan dəm vurursunuz, amma dindən savayı hər şeyə tolerantsınız: yarıtmaz təhsil metodikasına, orta məktəblərdəki abı-havaya, şagirdlərdə nəinki intellektual, həm də mənəvi səviyyənin düşməsinə tolerantsınız, səsiniz çıxmır, amma mənəvi immunitetin qarantı sayılan dinin adı gələn kimi, cin atına minirsiniz! Bu da sizin liberallığınız, tolerantlığınız! Əslində heç liberal da deyilsiniz, tolerant da deyilsiniz! Sizin bir adınız var: qərəzlisiniz. Əsil ziyalı, düşünən, axtaran olsaydınız, dinin bu xalqın həyatında, bu coğrafiyadakı statusunda oynadığı rola etinasız qalmazdınız, ölkə vətəndaşlarının din öyrənmək hüququnu danmazdınız, nəyin dünyəvilik olduğunu, hansı hallarda dünyəviliyin əldən getdiyini dərk edərdiniz".
Füzuli