Dünyəvilik - din təhsili verməyə maneə təşkil etmir

Dünyəvilik - din təhsili verməyə maneə təşkil etmir

DQİDK-nin orta məktəblərdə dini maarifləndirmə və ali məktəblərdə Dinlər tarixinin tədrisi təşəbbüsü təhsil qanunları və dünyəvilik prinsipi ilə heç bir ziddiyyət təşkil etmir. Demək olar ki, bütün dünyada bu və ya digər şəkildə din təhsili həyata keçirilir. Ümumilikdə, dünya təcrübəsində din təhsilinin əsasən iki istiqaməti mövcuddur: Konfesiional din təhsili (dini təlim) və Konfessional olmayan din təhsili (din təhsili). "Olaylar" xəbər verir ki, bunu deyən Aİİ-nun din sosiologiyası müəllimi, s.f.d. Asəf Qənbərov qeyd edib ki,"Konfessional din təhsili" modelində, müəyyən bir dinin həqiqət olduğu və bu dinin qayda qanunlarına görə yaşamağın zəruruliyi öyrədilir. Diğər dinlər haqqında verilən məlumatlar da öyrədilən dinin perspektivindən izah edilir: "Burada məqsəd dindar insanlar yetişdirmək, cəmiyyətdə dini inanc və fəaliyyətləri artırmaqdır. Dini tədris edənlərin özlərinin də dinə inanan müəllimlər olması gərəkir. Müəyyən bir dinə istinad etdiyi üçün bunu inanc təməlli din təhsili də adlandırmaq olar. Səudiyyə Ərəbistanı, Pakistan İslam Respublikası və İran İslam Respublikası kimi din və dövlətin ayrılmadığı və dövlətin rəsmi dini olduğu ölkələrdə bu tipdə din təhsili tətbiq edilir. Xalqın böyük əksəriyyətinin tək dinə mənsub olduğu ölkələr üçün səciyyəvi olan "konfessional din təhsili" pluralist cəmiyyətin inkişaf etməsi ilə cətinliklərlə qarşılaşır. Bu durumda bir çox dini qrup istəyinin əleyhinə olaraq etiqad etmədiyi dini inancları öğrənmək məcburiyyətində qalır. Buna görə də, hətta konfessional dövlətlərdə belə, (Məs. Pakistanda) konfessional din təhsili icbari xarakter daşımır. "Konfessional olmayan din təhsili" modelində, dünya dinləri haqqında obyektiv, sistematik informasiyaların verilməsi nəzərdə tutulur. Müəyyən dinin həqiqət olduğu və insanlara qəbul etdirilməsi qarşıya məqsəd kimi qoyulmur. Burada üç yanaşma mövcuddur: Dinlərarası din təhsili, fenomenoloji din təhsili və interpretativ din təhsili. Bir-birinə yaxın olan bu təhsil modelləri dinlərə qarşı tərəfsiz yanaşma prinsipinə uyğunluq baxımından dünyəvi dövlətlərdə tətbiqi məqsədəuyğun hesab edilir. Burada oyrəndilən dini bilgilərə inanma və tətbiq etmə tələb olunmadığı kimi, dinə inanan biri tərəfindən öğrədilməsi də şərt deyil. Hər hansı bir dinin əsaslarını öyrədilərək, o dinin üstünlüyü təbliğ edilmir. Tarixi və təsviri yanaşmalar əsasında təşkil edilir. Böyük Britaniya, Norveç, Almaniya və s. Avropa ölkələrində "dünya dinləri" fənni bu qayda üzrə keçirilir. Ölkəmizdə "Həyat bilgisi" dərsliklərində dini maafirləndirmə məhz bu metoda uyğun şəkildə nəzərdə tutulmuşdur. Ümumilikdə, konfessional olmayan din təhsilinin dünyəvi dövlətlərdə tətbiq olunması qarşısında heç bir maneə yoxdur və bu təhsil modeli demokratik prinsipləri - dini etiqad azadlığını pozmur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31