Özbəkistanda ilk dəfə  “Türkologiya” üzrə Beynəlxalq Konfrans keçiriləcək

Cari il 11-12 may tarixlərində Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı, Qazaxıstanda Türk Akademiyasının dəstəyi ilə "Özbək dilinin Beynəlxalq Türkologiyada rolu" adlı Beynəlxalq Konfrans keçiriləcək.

Qeyd edək ki, tədbirə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də dəstək göstərir və konfransda Azərbaycandan da bu sahə üzrə alimlər, yazıçıların iştirakı nəzərdə tutulub.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, habelə Rusiya Federasiyasından tanınmış alimlər, türkoloqlar iştirak edəcək.

Konfransda Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, Beynəlxalq Türk Akademiyasının prezidenti, professor  Darhan Kıdırali və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov təbrik çıxışı edəcəklər.

Seksiyalarda isə türkologiyanın aktual məsələlərinə dair müzakirələr və məruzələr nəzərdə tutulub.

Qeyd edək ki, Beynəlxalq Konfransda Azərbaycandan da geniş nümayəndə heyəti iştirak edəcək. AMEA-nın mütəxəssisləri, habelə tanınmış türkoloq alim Yunus Oğuz da konfransda türkologiyanın aktual məsələlərinə dair məruzələr edəcəklər.

Tədbir çərçivəsində Universitetdə Beynəlxalq  Turkologiya Tədqiqatları Mərkəzinin açılışı da nəzərdə tutulub.

Qeyd edək ki, Türk dünyasının aparıcı ölkələrindən olan Azərbaycan həmişə öz təşəbbüskarlığı ilə seçilmiş və təsadüfi deyil ki, 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində  türk dünyası ölkələri arasında ilk dəfə olaraq Azərbaycanın paytaxtı Bakı şəhərində
I Türkoloji Qurultay keçirilmişdir.  XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının həyatında bu Qurultay olduqca dərin izlər buraxıb. I Türkoloji Qurultayda qaldırılan ortaq türk dili, ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ortaq türk terminologiyası kimi qlobal məsələlər bu gün də olduqca aktualdır.

Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetindən bildirilir ki, Türkologiya Tədqiqatlar Mərkəzinin açılışının əsas məqsədi, türk xalqları arasında əlaqələri daha da yaxınlaşdırmaq və bu sahədə yeni-yeni ideyaların yaranması, layihələrin həyata keçirilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31