2017-ci il Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq üçün uğurlu olub
2017-ci il Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq üçün uğurlu olub. Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ötən il ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində çoxsaylı layihələr həyata keçirib.
5 Yanvar 2018 15:30 Sosial2017-ci il Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq üçün uğurlu olub. Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ötən il ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində çoxsaylı layihələr həyata keçirib. Daşkənddə və Səmərqənddə Azərbaycan mədəniyyəti həftəsi, mətbəx festivalları, konsert proqramları, dəb sərgiləri təşkil edilib. Səmərqənd Dövlət Universitetinin nəzdində bu şəhərdə yaşayan tanınmış azərbaycanlı, maarifçi, pedaqoq, naşir Seyid Rza Əlizadənin adını daşıyan Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin açılışı olub. Bu Mərkəz ölkələrimiz arasında əlaqələri fəal şəkildə təbliğ edəcək, burada müxtəlif tədbirlər keçiriləcək. Ötən il iki ölkə arasında elmi, mədəni, ədəbi əlaqələrə həsr edilmiş konfranslar təşkil edilib. Mərkəzin layihəsi ilə Özbəkistanın Xalq Şairi Camal Kamalın Bakıda 80 illik yubileyi qeyd olunub, müxtəlif görüşlər keçirilib.
Bu fikirləri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müsahibəsində deyib.
S.Abbasov ötən il 12 özbək jurnalistin Azərbaycana mediaturunu reallaşdırdıqlarını söyləyib. "Onlar Özbəkistana qayıtdıqdan sonra Azərbaycanın əldə etdiyi nailiyyətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri geniş işıqlandırdılar. Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış və iki xalq arasında dostluq əlaqələrinə dair "Əzəli dostluq riştələri" adlı sənədli film hər iki ölkənin ictimaiyyətinə təqdim edilib, Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə Özbəkistanın elm, təhsil müəssisələri arasında, habelə iki ölkənin turizm assosiasiyaları arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. İlk dəfə olaraq tələbə və doktorant mübadiləsi həyata keçirilib, çoxsaylı qarşılıqlı səfərlər təşkil olunub", - deyə o bildirib.
Mərkəzin direktoru vurğulayıb ki, Özbəkistanda yaşayıb-yaratmış azərbaycanlıların irsi, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülüb. Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd vilayəti üzrə şöbəsinin keçmiş rəhbəri, tanınmış heykəltəraş Eynulla Əliyevin yaşadığı evin qarşısında onun barelyefinin açılışı olub. Mərkəzin təşkilatçılığı ilə Daşkənddəki Xarici Dillər Universitetində Özbəkistanda ilk maarifçilərdən olan, tanınmış pedaqoq, naşir Seyid Rza Əlizadənin 130 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sinin özbək dilinə tərcüməsi istiqamətində iş görülür. Artıq Camal Kamalın tərcüməsində böyük şairin "Xəmsə"sinə daxil olan "Sirlər Xəzinəsi", "Leyli və Məcnun" və "İsgəndərnamə"nin ikinci hissəsi olan "İqbalnamə" əsərləri çap edilib, "Şərəfnamə" üzərində isə iş gedir.
Perspektiv layihələr barədə danışan S.Abbasov deyib ki, bu ilin may ayında Daşkənddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş çoxsaylı tədbirlər planlaşdırılır. Bu münasibətlə "Azərbaycan-Özbək, Özbək-Azərbaycan" lüğətinin hazırlanmasına start verilib. Özbəkistan Mədəniyyət və İncəsənət Universitetində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və Musiqi Mərkəzinin, Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Nizami Gəncəvi adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin, habelə Özbəkistanda ilk dəfə olaraq Azərbaycan dili və ədəbiyyatı kafedrasının yaradılması nəzərdə tutulub.
"Bu il, həmçinin qədim Xivə şəhərində Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsini planlaşdırırıq. Özbəkistanın ali məktəbləri ilə birgə böyük Azərbaycan şairi Hüseyn Cavidin 135 illik yubileyi ilə əlaqədar "Hüseyn Cavid və özbək ədəbiyyatı" adlı beynəlxalq elmi konfransın keçirilməsini, habelə şairin özbək dilinə tərcümə olunmuş "Seçilmiş əsərləri"nin Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda nəşrini nəzərdə tuturuq", - deyə Mərkəzin direktoru qeyd edib.
Ötən il iki ölkə arasında turizm sahəsində əməkdaşlığın Mədəniyyət Mərkəzinin prioritet istiqamətlərindən olduğunu vurğulayan S.Abbasov deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda keçirilən bütün beynəlxalq sərgilərdə Azərbaycana dair xüsusi stendlər, guşələr yaradılıb, Azərbaycanın turizm potensialı geniş təbliğ olunub. Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı nümayiş etdirilib, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan turizminə dair göndərdiyi nəşrlər paylanılıb, Bakı Şopinq Festivalının təqdimatı keçirilib. Mədəniyyət Mərkəzi tərəfindən bu festivalla bağlı hazırlanmış xüsusi bukletlər paylanılıb və videoçarx nümayiş etdirilib. Aparılan təbliğat işlərinin nəticəsidir ki, Azərbaycana gedən özbək turistlərinin sayı ilbəil artır. 2013-2014-cü illərdə Özbəkistandan Azərbaycana gedən turistlərin sayı 14 minə yaxın olubsa, 2016-cı ildə bu rəqəm 20 minə çatıb. Apardığımız monitorinq nəticəsində məlum olub ki, özbək turistlərin əksəriyyəti Bakı şəhərinə gəzinti, alış- veriş, Naftalan şəhərinə isə müalicə məqsədilə səfər edir.
S.Abbasov deyib: "2018-ci ildə Özbəkistanın turizm firmalarının nümayəndələrinin, habelə bir neçə aparıcı telekanalın təmsilçilərinin Azərbaycana infoturunun təşkilini planlaşdırırıq. Azərbaycanın turizm potensialının təbliği və daha çox turist cəlb etmək məqsədilə qardaş ölkənin turizm şirkətlərinin təmsilçilərinin və media nümayəndələrinin Bakı, Qəbələ, Lahıc, Şəki, Gəncə, Qusar, Nabran kimi turizm mərkəzləri ilə tanışlığını, habelə burada çəkilişlər aparmağı planlaşdırırıq.
Keçirdiyimiz tədbirlərdə Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, tarixi İpək Yolunun bərpası, Azərbaycanın neft strategiyası, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlar haqqında məlumat verilir.
Bundan başqa, Azərbaycan və özbək ipəkçilik sənətinin təbliği istiqamətdə layihələrin həyata keçirilməsini nəzərdə tutmuşuq. Özbəkistanda ipəkçiliyin vətəni olan Mərgilan şəhərində hər il keçirilən ənənəvi İpək Festivalına bu il təşkilatçı kimi qoşulmaq və Azərbaycan-özbək ipəkçilərinin birgə sərgisinin, habelə ipəkçilərin məhsullarının satış yarmarkasının təşkilini nəzərdə tutmuşuq.
Planlarımız çoxdur. İnanıram ki, dövlətimizin uğurlu siyasəti ilə qarşımıza qoyduğumuz məqsədlərə nail olacaq, dostluğumuz və əməkdaşlığımız istiqamətində yeni-yeni nailiyyətlər əldə edəcəyik".