Züleyxa Nadir yazır...Toy sahibinə “toy tutan” müğənnilər və aciz ziyalılar
Məşhur filmdə deyildiyi kimi, elimizin toy kimi gözəl adəti var. Amma həmin gözəl adət bu gün öz formasını itirərək sosial bəlaya çevrilib. Pulu çox olanlar dəbədəbəli toy edirlər, kasıbların əli o cür toya çatmır, ortabablar isə bir-biri ilə bəhsə girirlər ki, başqasından dala qalmasınlar. Əslində bu toy biznesidi və həmin alverdə iri şəbəkə fəailyyyət göstərir. Bu şəbəkənin əsas dayaqları toyu yola vermək üçün 5 minlə 15 min manat arasında “qiymət oxuyan” müğənnilər və şadlıq saraylarıdı. Toy biznesində qazanan və itirənlər olur.
5 May 2017 15:10 SosialZüleyxa Nadir
Toy sahibinə "toy tutan" müğənnilər və aciz ziyalılar
Məşhur filmdə deyildiyi kimi, elimizin toy kimi gözəl adəti var. Amma həmin gözəl adət bu gün öz formasını itirərək sosial bəlaya çevrilib. Pulu çox olanlar dəbədəbəli toy edirlər, kasıbların əli o cür toya çatmır, ortabablar isə bir-biri ilə bəhsə girirlər ki, başqasından dala qalmasınlar. Əslində bu toy biznesidi və həmin alverdə iri şəbəkə fəailyyyət göstərir. Bu şəbəkənin əsas dayaqları toyu yola vermək üçün 5 minlə 15 min manat arasında "qiymət oxuyan" müğənnilər və şadlıq saraylarıdı. Toy biznesində qazanan və itirənlər olur.
Ən böyük qazanc adını çəkdiyim şəbəkədi, itirən isə toy sahibindən çox toya gələn qonaqlardı. Əvvəla deyim ki, sadlıq evləri, sözün həqiqi mənasında, soyğunçuluqla məşğuldur. Qiymətlər həddən artıq bahadı. Toy sahibinin qarşısında şərt qoyurlar: bundan aşağı olmaz. Dünyanın hansı ölkəsində süfrəyə 25- 30 növ yemək qoyulur? Toy sahibi bunların ixtisar edilməsini tələb etsə də mümkün olmur. Sahibkar deyir ki, uzaqbaşı 2-3 salatı menyüdən çıxara bilərəm, yesən də budu, yeməsən də. Təbii ki, bu da nə süfərəyə xələl gətirir, nə də restoran sahibinin biznesinə. Şişirdilmiş menyü toya gələnin cibinə girib onu soymağın ən vicdansız formasıdı. Çünki toya dəvət olunan adam biləndə ki, bir stolun qiyməti 50 manatdan yuxarı, hətta 100-150 manatdı, o da toy sahibinin yanında xəcalətli qalmasın deyə həmin məbləği verir.
Bütövlükdə toy biznesinin arxasında kim durur, onu kim idarə edir? Bildiyimiz iş adamları, yoxsa dövlət qulluqçuları olan məmurlar? Qazanılan milyonlarla manatdan dövlətə vergi ödənilirmi? Cavabı həm aydın, həm də cətin olan suallardı. Bu gün elə vəziyyət yaranıb ki, insanlar toya çağırılmağı az qala faciə kimi qarşılayırlar. Çünki onlar toy biznesinin qurduğu şəbəkə qarşısında itirən tərəflərdi. Qazanılan milyonlar toyda iştirak edən qonağın kisəsindən çıxardılır.
Bu günlərdə gündəmi zəbt edən 400 minlik toyun əks-sədası hələ də qulaqlarımızdadı. Nə dərəcədə, yalandı, doğrudu - bilmirəm, amma hər kəsin bildiyi bir fakt var ki, bəzi məmurların dəbdəbəli toyları uzun müddət danışılır. Toyda "çalınan havalar" xeyli müddət qulaqlardan çəkilmir.
Əslində toyun menyüsü ilə cibi üst-üstə düşən zəngin adamlar həmişə kasıb, ziyalı ailələr üçün bir buxov olur. Restoran sahibləri, toyxana rəhbərləri o cür adamların menyüsünü maddi tərəfdən bir neçə pillə aşağı olanlara sırımığa cəhd edirlər. Hətta bir çox hallarda buna nail olurlar. Və ziyalı bir valideyn övladına toy edərkən şadlıq evinin ona təklif etdiyi menyüdən boylanan qiymətlərin qarşısında çox acız qalır.
Bir də var toyu idarə edən musiqiçilərin "qiyməti". Özünü "toylar kralı", "toylar kralicası", "əjdaha müğənni", "elit müğənni" və s. bu kimi qondarma adlarla bəzəyən müğənnilər toyda oxumaq üçün elə rəqəm səsləndirirlər ki, adamın gözləri kəlləsinə çıxır. Məsələnin ağrılı tərəfi odur ki, beş min manatdan tutmuş bir milyon manatadək "qiymət oxuyan" bu adamlara meydan verənlər də məhz imkanlı, varlı-hallı insanlardı. Müğənni nə qədər istəyirsə etiraz etmir. Amma kasıbın belə imkanı yoxdu, axı. Hələ onu demirəm ki, müğənnilərin çoxu səviyyəsiz mahnılarla qonaqlara elə "toy tutur" ki, toy sahibi onu çağırdığına peşman olur.
Bütün bunlar toylarımızın pərdə arxasıdı. Bu, hələlik həllini bizim edə bilməyəcəyim məsələdi. Amma toyun görünən hissəsində olan məsələlər var ki, o birbaşa toy sahibinə, toyda iştirak edən qonaqlara aiddi. Əvvəla, toylar çox səsli-küylü olur. Yaşlı adamların bu səsdə əsəbləri tarıma çəkilir. Demək olar ki, rəqs mədəniyyəti, misiqi etikası bu səs-küyün içində yox olur. Bir neçə il əvvələ qədər toylarda aparıcı - tamada olurdu. O, toyu idarə edir, musiqilərin səsləndirilməsini nəzarətdə saxlayır, rəqslərin bir-birinə qarışmasına yol vermirdi. İndi bu yoxdu, ona görə də bir çox hallarda 300-500 nəfərlik toy şənliyi idarə olunmaqdan çıxır, hər kəs meydanda öz bildiyini edir. Rəqs edənlərlə musiqiçilər arasındakı tarazlığın ölçüsü bilinmir. Hamı topa şəklində ortaya çıxır, rəqs zamanı bir-birinə mane olur.
Bəzən müğənninin oxuması başdansovdu, "yola verdi" kimi bir təəssürat yaradır. Biz toya yemək üçün yox, şənlənmək, zövq almaq üçün gedirik. Amma şadlıq evlərindəki akustika normaya uyğun olmadığına görə evə dönəndə çox yorğun oluruq, sanki, daş daşımışıq, yaxud da qapıdan girəndən-çıxana kimi toyda oynamışıq. Bu da ondan irəli gəlir ki, ucadan səsləndirilən musiqi adamı gərgin vəziyyətdə saxlayır.
Bir çox hallarda milli musiqiyə, qədim musiqi alətlərinə üstünlük verilmir. Bu, bəylə gəlinin zala daxil olmasından tutmuş toyun sonunda səslənən disko rəqslərə qədər özünü büruzə verir. "Vağzalı" rəqsi Azərbaycan xalqının ən qədim, ən lirik, ən gözəl milli rəqsidi. Bu gün el arasında "gəlin havası" deyilən bu melodiyanın Mendelsonun "Toy marşı" ilə əvəz edilməsində hansı məntiq var? Nikah mərasimi də "Toy marşı"nın sədaları altında olur ki, bu da son nəticədə milli ənənələrimizin üstündən xətt çəkilib mənəviyyat tariximizdən silinməsinə səbəb olur.
İndi zaman başqa, tələblər ayrıdı. Zövqlər dəyişkən, baxışlar müxtəlifdi. Heç kimi məcbur etmək olmaz ki, toy şənliyini, məsələn, 30 il əvvəlin tərtibatı ilə etsin. Hərçənd o vaxtlar daha gözəl, daha elitar toylar olurdu. Təbii ki, dövrün tələbinə uyğun olaraq müasirliyə də yer vermək lazımdı. Amma bu müasirlik milli zəmin üzərində olmalıdır, hətta 30-40 il əvvəlin toy mərasimindəki gözəl bir elementi tətbiq etmək çox yaxşı effekt verər.
Ailə millətin özünütəsdiqidir. Nikah ailənin rəsmi tərəfidirsə, toy onun mənəviyyat ölçüsüdür. Toy şənliyini elə təşkil etməliyik ki, bir ömür yaddaşımıza hopsun - həm xoş xatirələri, həm də xoş məqamları ilə. Bu gün toy biznesinə dövlət səviyyəsində nəzarət yoxdu. Üstəlik də insanlar özləri problemin həllində maraqlı deyillər, bu məsələyə etinasız yanaşaraq əhəmiyyətsiz bir iş kimi yola verirlər. Nəticədə də toyun fəsadları bir ay, beş ay, bir il sonra özünü ailədə göstərməyə başlayır.
Təxminən 20 gündən sonra ramazan ayı başlayır. Dünya müsəlmanları tam 30 gün oruc tutacaq. Azərbaycanda da bu ayda toylar olmayacaq. Amma sonrakı on bir ayda toylarımız yenə öz dəbdəbəsi və öz "görkəzmə" problemləri ilə davam edəcək.
Nə vaxtacan, görəsən?..