Hansı əsərlərinizə film çəkilməsini istərdiniz?
Bütün əsərlərimə film çəkilməsini istərdim. Bir çox əsərlərimi özüm ssenariləşdirmişəm. Düşünürəm ki, dövlət tarixi əsərlərə filmlər çəkilməsini dəstəkləməlidi.
4 May 2017 13:35 SosialBudəfəki sorğumuzun sualı belə idi: "Hansı əsərlərinizə film çəkilməsini istərdiniz?" Yazarlarımızın maraqlı, fərqli cavablarını təqdim edirik.

Yunus Oğuz - Bütün əsərlərimə film çəkilməsini istərdim. Bir çox əsərlərimi özüm ssenariləşdirmişəm. Düşünürəm ki, dövlət tarixi əsərlərə filmlər çəkilməsini dəstəkləməlidi.

Elçin Hüseynbəyli - Əsərlərimin bir qismi vizual effektlidir. Serial kimi "141-ci Don Juan"ı, "Metro vadisi", "Yenə iki od arasında" romanlarını uyğun bilirəm. Bədii film kimi "Gözünə gün düşür", "Sel" hekayələrini (siyahını uzatmaq da olar), qısametrajlı film üçün "Ağsaqqal", "Qaracanın qara başı", "Qocanın axdığı gün" və s. hekayələrini.

Seyran Səxavət - Hamısına. Mənim əsərlərim kinoluqdu. Bunu oxuyanlar da qeyd edir. Bütün hekayə, roman və povestlərimə filmlər çəkilməsini istərdim.

Şərif Ağ - Təvazökarlıqdan uzaq olsa da deyim ki, yazdığım bədii mətnlərin əksərinə film çəkmək olar. Çox vaxt ideyalar da doğulub, ancaq yarımçıq, elə ideya olaraq da qalıb. Özüm də maraqlanmıram. Çünki kino sənayesinin şərtlərini, çəkiliş mexanizmlərini yaxşı bilirəm və mənim bir imza olaraq o şərtlərə uymadığım açıqca ortadadır. İnşallah nə vaxtsa müstəqil, azad kino sənayesi yaransa, inanıram ki, mənim yazılarıma müraciət edəcəklər.

Hədiyyə Şəfaqət - Mən öz mətnlərim arasında "İt" uzun hekayəsinin film kimi çəkilməsini arzulardım. Orada baş verənləri yazarkən sanki ekranda baxıb yazıya köçürürəmmiş kimiydim. Yəni fikrimdə bir "İt" filmi var, özüm öz içimdə baxıram arabir...
Üç il əvvəl "Barış" hekayəsi üzə çıxanda həqiqətən ciddi-ciddi film təklifi gəlmişdi. Rusiyada yaşayan tanımadığım bir iş adamı necə təsirlənmişdisə təklif etmişdi ki, hekayəni ssenari kimi hazırlayıb ona xəbər edim. Dediyinə görə, sponsorluq edib belə bir film çəkilməsini təşkil edəcəkmiş. Doğrusu, mənə inandırıcı gəlmədi, ortada iş adamı filan deyilincə də düşündüm ki, bu sənət adamı deyil, ədəbiyyat adamı deyil, film çəkilsə də ciddi heyət toplanmayacaq və ortaya ciddi sənət filmi çıxmayacaq... Gecikdirdim, gecikdirdim, adam bir neçə dəfə xəbər etdi, hətta düşündü ki, əvvəldən hesabıma pul köçürsün, inanım ki, bu elə-belə söz deyil. Təklif olunan məbləğ də az deyildi. Mən o məbləğlə orta vəziyyətdə adamlar kimi beş il yaşayardım, etmədim... Düzü bilmirəm, indi buna görə peşman olmalıyam, yoxsa sevinməliyəm...
Lakin bu yaxınlarda "Barış"-ı rejissor Mirbala Səlimli oxudu və qəribədir ki, o da eyni fikri səsləndirdi. Düşünür ki, "Barış" film ola bilər... Ola bilsin ki, hansısa hekayəmə film çəkilməsin, lakin deyəsən gələcək üçün filmlə bağlı çox ciddi ortaq işlər olacaq. İndi bunu açıqlamaq istəmirəm, çünki tezdir və işə başlanmamış açıqlanmaması ilə bağlı belə bir razılaşma var, amma hər an hər şey ola bilər.

Fəxri Uğurlu - Heç birinə. Ona görə ki, mənim yazılarımda qoyduğum problemləri kino dilinə çevirə bilən rejissor olmalıdı. Əgər, belə bir rejissor olsa, təxminən mənimlə eyni düşüncəyə sahib rejissor olsa, əlbəttə ki mümkün olar.

Mübariz Örən - "Qar tanrısı".

Sevinc Elsevər - Maraqlı sualdı. Bir dəfə tənqidçilərdən biri "Şəhər" romanım haqqında yazmışdı ki, əsər romandan çox film ssenarisinə bənzəyir. Haqlı idi. İxtisasca kinoşünasam. Amma rejissor olmaq ümidiylə İncəsənət Universitetinə gedib çıxmışdım. Yazdığım hekayələrdə bu azarımı öldürürəm. Bir neçə il əvvəl "Şəhər" romanı əsasında İntiqam Hacılı "Qız yükü" adlı serial çəkdi.
Yeniyetmələr üçün yazdığım "Donu qırmızı" romanı əsasında film çəkilməsini arzu edərdim. Ssenarini belə yaza bilərəm. Bəlkə nə vaxtsa özüm çəkərəm də. Təbii, maliyyə qaynağı olsa. Bir neçə hekayəm var ki, onları da ssenariləşdirmək olar.

Nəriman Əbdürrəhmanlı - Bunu demək bir az çətindi.Düşünürəm ki, yazdığım romanlar film üşün yararlıdı.Hamısının ekran variantını görmək istərdim. Təbii ki, bu mənim arzumla deyil.

İlqar Fehmi - Əsərlərimin çoxuna filmlər çəkilib. "Akvarium" romanıma film çəkilməsini çox istərdim. Hal - hazırda bununla bağlı işlər gedir.

Günel Anarqızı - "Lift" və "Ağac" hekayələrimə filmlər çəkilməsini istərdim. Bununla bağlı mənə müraciətlər də olub.
nigar_sema_qurbani