ABŞ nümayəndə heyəti Multikulturalizm Mərkəzində
4 May 2017 11:13 SosialIV Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycana səfərə gələn ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub. Mərkəzdən "Olaylar" - a bildirlib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Los-Anceles Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez, Aydaho Ştatının senatoru Marv Hagedorn, Los Ancelesdəki Kral Fahad Məscidinin dinlərarası proqramın direktoru Mahomed Xan, ABŞ-ın Kolumbiya Ştatının Vaşinqton Hüquq Assosiasiyasında məsləhətçi Janna Skot, ABŞ Prezidentinin təyin etdiyi milli və yerli könüllü cəmiyyətlər xidmətinin səlahiyyətlisi Hyepin İm, Arizona ştatının keçmiş senatoru Karlayl Beqay, Pakistan-Amerika Məsələləri Şurasının nümayəndəsi Adnan Khanın təmsil olunduğu nümayəndə heyətini salamlayaraq onları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görməkdən məmnunluğunu ifadə edib. Dövlət müşaviri görüşdə Azərbaycanın multikultural durumu və çoxəsrlik tolerantlıq ənənələrindən söz açıb. Akademik Kamal Abdullayev Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə yaradılan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti və BBMM-in fəaliyyətindən danışıb. Dövlət müşaviri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb.
Senator Marv Hagedorn Azərbaycanın multikulturalizm modelinin təbliği və təşviqi ilə bağlı görülən işləri təqdir edərək bu istiqamətdə gələcək əməkdaşlıqların perspektivlərindən söz açıb. Xanım Janna Skot Azərbaycanın multikulturalizm təcrübəsini alqışalayiq dəyər kimi qiymətləndirib və gələcəkdə bu təcrübənin bölüşmək istiqamətində əməkdaşlıqların hər iki ölkə üçün faydalı olacağına inandığını deyib.
Səmimi şəraitdə davam edən görüşdə ABŞ universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisinin gələcək perspektivləri, Bilik Fondunun "qardaşlaşmış məktəblər" layihəsində Amerika məktəblərinin də iştirakı, hər iki ölkənin multikulturalizm təcrübəsinin qarşılıqlı mübadiləsi məsələləri müzakirə olunub.