Ölkədə məlumat, ifadə azadlığı, plüralizm yaxşı şəkildə təmin edilməkdədir

Azərbaycan mediasının durumunu dəyərləndirmək təbii ki, bu sahədə böyük təcrübəsi olan qocaman jurnalistlərimizin edəcəyi bir şeydir. Mən təcrübəli jurnalistlərimizin dəyərləndirmələrindən gördüyüm, öyrəndiyim, eyni zamanda bir araşdırmaçı kimi müşahidələrimdən gəldiyim nəticələri deyə bilərəm.

Savalan Məmmədli: "Qərbin hər sahədə olduğu kimi, bu sahədə də, ikili standartlarının, qeyri - səmimi yanaşmasının, qərəzli mövqeyinin şahidi oluruq"

Ölkədə fikir, söz və məlumat azadlığının təmin olunması, bu istiqamətdə görülən işlərlə bağlı ensonxeber.az saytının baş redaktoru Savalan Məmmədlinin "OLAYLAR"-a müsahibəsi

-Savalan bəy, günümüzdə Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu necə qiymətləndirərdiniz?

-Azərbaycan mediasının durumunu dəyərləndirmək təbii ki, bu sahədə böyük təcrübəsi olan qocaman jurnalistlərimizin edəcəyi bir şeydir. Mən təcrübəli jurnalistlərimizin dəyərləndirmələrindən gördüyüm, öyrəndiyim, eyni zamanda bir araşdırmaçı kimi müşahidələrimdən gəldiyim nəticələri deyə bilərəm. Azərbaycan mediasının indiki vəziyyətini daha aydın dəyərləndirə bilmək üçün, bir neçə xarakterli müqayisəyə ehtiyacımız var. İlkin olaraq mətbuatımızın yarandığı dövrə qayıtmalı, sonra  SSRİ dövründəki mediamızı xatırlamalı, müstəqillik dövrümüzün ilk illərində yeni KİV - lərin yaranması dövrlərini müqayisə etməliyik. Son olaraq isə Azərbaycan kimi yeni müstəqil olmuş dövlətlərin mediası ilə müqayisə etməliyik. Bu qeyd etdiyim dövrlərin hər biri barədə çox geniş izahatlar vermək olar. Mən gəlmək istədiyim nəticə aydın olsun deyə qısa bir xülasə edəcəm. Hər dövrün öz siyasi - ictimai mühiti olub. Təbii ki, bu fərqli ictimai şərtlərin də media üçün doğurduğu tələblər də, çətinliklər də, azadlıqlar da eyni olmayıb. Bu çərçivədə mediamızın tarixi keçmişinə nəzər yetirdikdə bir çox dövrlərdə çeşidli məhdudiyyətlərin, çətinliklərin, siyasi qadağaların kölgəsində öz missiyyasını yerinə yetirməyə çalışıldığını görürük. Mediamızın inqilabi inkişafı isə aydındır ki, müstəqillik dövründən sonra olmuşdur. Bunun da səbəbləri aydındır. Artıq müstəqil dövlətimizin olması, senzuranın aradan qalxması, demokratik idarəçilik  sisteminə keçilməsi, dövlətimizin inkişafı ilə yaranan yeni imkanlar, rəqabət mühiti, dünyanın qloballaşması, informasiya cəmiyyətinin formalaşmağa başlaması ilə informasiyaya olan tələbatın əvvəlkindən qat- qat artıq olması və s. kimi yeni şərtlərin tələbi ilə artıq bugünki mediamız ortaya çıxmışdır.  Bu tarixi gedişatı indiki mediamızın vəziyyətini dəyərləndirə bilmək üçün xatırlatdım. Fərqli tarixi dövrlərinin  müqayisəsini edərək indiki mediamızın vəziyyətini aydınlaşdıraraq gördük ki,  cəmiyyəti informasiya ilə təmin etmək , kütləvilik, qloballıq, azadlıq baxımından mediamız keçmişlə müqayisədə tarixinin ən yaxşı dövrünü yaşayır. Müqayisəmizin digər bir xarakteri isə bizim ölkə ilə eyni müstəqillik tarixinə malik ölkələrin mediaları ilə müqayisələr aparmaqdır.  Keçmiş sovet ölkələrindəki media ilə, ölkəmizdəki medianı müqayisə etdiyimizdə də, mediamızın bu ölkələr içində mediası inkişaf etmiş bir neçə ölkədən biri oldğunu görürük.   Təbii ki, mediamızda təcrübə, proffesionallıq baxımından çox yüksək təcrübəyə sahib jurnalistlərimiz var. Tərəfsiz, azad, tam jurnalistika qaydalarını, jurnalistin peşə etikasına əməl edərək  professional fəaliyyət göstərən KİV - lərimiz mövcuddur. Bununla yanaşı qeyri - professional, qərəzli məlumatlar yayan, jurnalistin peşə etikalarına riaət etməyən bir sıra media orqanları da mövcuddur. Eyni zamanda siyasi xarakter daşıyan və daşımayan hər cür fərqli fikirləri təmsil edən bir çox KİV - lər fəaliyyət göstərməkdədir. Mediamızın durumu sualına yekun vurası olsaq, son olaraq belə deyim ki, mediamızın vəziyyəti tarixi dövrlə və indiki bizimlə eyni dövrdə müstəqillik əldə etmiş ölkələrin mediaları ilə müqayisə etdiyimizdə yaxşı vəziyyətdədir. Lakin təbii ki, inkişaf naminə onu da qeyd etməkdə fayda var ki, mediamızın təbii olaraq ümumi mənada problemləri, əksiklikləri də çoxdur. Bu əksikliklərin aradan qalxması, tam yerinə oturuşması üçün isə, sovet dövrü jurnalistikası ənənəsi ilə, yeni nəsl jurnalistika arasındakı indiki qarışıqlıq mühitinin durulması, yeni nəsil xeyli sayda keyfiyyətli jurnalistlərin yetişməsi lazımdır. Bu proses isə artıq təhsillə də, əlaqəlidir. Yəni aydın məsələdir ki, inkişaf zamanla olacaq.

-Ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması hansı səviyyədədir?

-Ölkəmizdəki söz və məlumat azadlığı sahəsində bir problemin olduğunu düşünmürəm. Ölkədə demək olar ki, hər fikrə, hər inanca aid insanların fikirlərini ifadə edə bildikləri qəzetlər, jurnallar və s. mövcuddur. Hətta çox radikal fikrə sahib insanların belə xəbər portalları, saytları, bir sözlə KİV - ləri mövcuddur. Bu sahədə problemlərin olduğunu qeyd edən insanlara diqqət etdiyimiz də, bu fikirlərini Azərbaycan ərazisində fəaliyyət göstərən hansısa qəzetlərdə yaza bildiklərini, Azərbaycanda fəaliyyət göstərən xəbər portallarında, milyonlarla izləyicisi olan sosial şəbəkə səhifələrində də illərdir ki hər gün istədikləri fikri yaza bildiklərini görürük. Əgər həqiqətən də belə bir problem olsa idi, bu hallar müşahidə edilə bilərdimi? Təbii ki xeyir.  Fikrimcə ölkəmizdə məlumat, ifadə azadlığının, plüralizmin təmin olunması gözəl bir şəkildə təmin edilməkdədir. Biz ölkəmizdə plüralizmin təmin edildiyini necə inkar edə bilərik? Həm elmi, həm dini, həm siyasi, həm mədəni plüralizmin mövcud olduğu bəlkə də seçilən ölkələrdən biriyik. Elmi olaraq hər fikrin, hər nəzəriyyənin  müzakirə edildiyi, hər dinə mənsub insanın dinini yaşaya bildiyi, fərqli siyasi fikirlərdəki insanların fikirlərini həm mediadan, həm sosial mediadan, həm də siyasi partiya fəaliyyəti şəklində ifadə edə bildiyi, mədəni olaraq çeşidli mədəni fərqliliklərin yaşana bildiyi bir azad cəmiyyət mövcuddur. Azərbaycanda ifadə azadlığının olmadığı fikrini biz ancaq  bəzi xarici təşkilatlarda müşahidə edə bilərik. Misal üçün sözdə  "hüquq müdafiəsi"  təşkilatlarından biri olan "Freedom House" tərəfindən hazırlanan "Mətbuat Azadlığı 2017" adlı hesabatda Azərbaycandakı söz və ifadə azadlığı barədə doğru olmayan dəyərləndirmələr edilib. Məsələ burasındadır ki, sözdə "hüquq müdafiəsi" təşkilatı olan bu qurumun işi əslində qərb dövlətlərinin  mənfəətini qorumaqdır. Yəni bu qurumu əslində dünyadakı söz, ifadə azadlığı maraqlandırmır. Bu qurumun marağı lazım olan siyasi qərarlarda təzyiqlər tətbiq edə bilmək üçün istifadə edilən bir klassik metoddur. Biz bu cür təşkilatların hesabatlarında heç vaxt, Avropa Şurasının elmi mövzularda qəbul etidyi despot qərarları görə bilmərik. Misal üçün Avropa Şurasının qərarı ilə Avropa ölkələrində həyatın mənşəyi ilə bağlı məcburi şəkildə sadəcə elmi əsası olmayan təkamül fərziyyəsinin tədris edilməsi barədə qətnamə var. Bu qətnamə açıq - aşkar elmi plüralizmin tapdalanmasıdır, açıq aşkar despotik bir qərardır. Lakin bu cür qurumların hesabatında heç vaxt bu halları görə bilməzsiniz. Bir neçə ay əvvəl Hollandiyada homoseksuallığın məktəblərdə məcburi təbliğ ilə bağlı qərar qəbul edilməsi ilə bağlı müzakirələr gedirdi. Hətta Hollandiyada bu qərara qarşı çıxan məktəblərə qarşı cərimələr tətbiq ediləcəyi haqqda müzakirələr aparılırdı. Homoseksuallıq kimi çirkin, iyrənc bir əxlaqın dövlət tərəfindən məcburi təbliğ edilməsinin və təbliğini qəbul edilməyən məktəblərə cərimə kəsilməsi halı barədə məlumatlara biz bu kimi qurumların hesabatlarında rast gələ bilmirik.  Bu məsələ ilə bağlı bu cür təşkilatların əlində əsas olaraq tutduğu digər bir məqam isə dövlət təhlükəsizliyi məsələləri olur. Misal üçün təzyiq edilmək istənən hər hansısa dövlətdə böyük bir hadisə baş verəndə, terror aktı, inqilaba cəhd, dövlət əhəmiyyətli məlumatların media yolu ilə sızdırılması və s. kimi hallar zamanı dövlətlər qanunlar gərəyi, dövlət təhlükəsizliyi üçün müəyyən addımlar atmalı olurlar ki, bu cür hallar da sözügedən təşkilatlar üçün bəhanə mahiyyəti daşıya bilir. Halbuki o cür "hüquq müdafiəçisi" təşkilatları Avropa ölkələrindəki bənzər eyni xarakterli halları heç vaxt görməzlər. Misal üçün bu yaxınlarda Fransada baş verən terror aktları zamanı  Fransanın bir neçə şəhərində aylarla davam edən Fövqəladə vəziyyət elan edildi. Buna da heç kim anormal baxmadı. Lakin eyni hal qərb dövlətlərinin maraqları ilə oturub - durmayan, müstəqil hərəkət edən başqa dövlətlərdə baş verəndə Avropa ayağa qalxır, bu cür təşkilatlar hesabatlar yayımlayıb o ölkələrdəki fövqaladə vəziyyəti qınayırlar. Yaxud başqa bir missal verim, yenə Fransada terror aktı zamanı terrorçular müəyyən bir sosial şəbəkədən istifadə edib bir - birlərinə məlumat ötürürdülər deyə qısa müddətlik o sosial şəbəkə Fransada blok edildi, və o terror aktı zamanı dövlət rəsmi açıqlama etmyincə mediyaya məlumat yaymaq qadağan edildi. Fransa dövlətinin bu addımlarına da heç kim anormal yanaşmadı. Hamı anladı ki, terror təhlükəsinin sovuşması üçün labüd addımlardır. Lakin eyni vəziyyət başqa bir ölkədə olanda bu cür təzyiq vasitəli qurumlar dərhal qınama çıxışlarına başlayıb o ölkələri söz və mətbuat azadlığının məhdudlaşdırılmasında günahlandırdılar. Yaxud başqa bir misal verim. Son illər hamımıza məlum olduğu kimi, bir sıra ölkələrdə bəzi jurnalistlər öz ölkələri əleyhinə müəyyən gizli məlumatların mediyaya sızdırılmasını təmin etdilər. O jurnalistlər ölkələrindən  qaçaraq başqa ölkələrin səfirliklərində yaşamağa məhkum qalıblar. Əgər öz ölkələrinə təhvil verilsələr tanınmış qərb ölkələri olmağına baxmayaraq o jurnalistləri ya edam, ya da ən yaxşı halda ömürlük həbs cəzası gözləyir. Lakin eyni hal başqa ölkələrdə olanda bütün Qərb bu ölkələr  əleyhinə hərəkətə keçir, söz, mətbuat, KİV azadlığında problemlər olduğu iddiası irəli sürürlər. Yəni biz  Qərbin hər sahədə olduğu kimi, bu sahədə də, ikili standartlarının, qeyri - səmimi yanaşmasının, qərəzli mövqeyinin şahidi oluruq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31