Uşaq Filarmoniyası Bilik Fondunun tədbirində
AMEA – nın Mərkəzi Elmi Kitabxanasında Bilik Fondunun təşkilatçılığı ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və “İslam Həmrəyliyi İli”nə həsr edilən “Bir günəşin zərrəsiyik” mövzusunda ikinci beynəlxalq şagird konfransı öz işinə başlayıb.
3 May 2017 15:48 SosialAMEA - nın Mərkəzi Elmi Kitabxanasında Bilik Fondunun təşkilatçılığı ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və "İslam Həmrəyliyi İli"nə həsr edilən "Bir günəşin zərrəsiyik" mövzusunda ikinci beynəlxalq şagird konfransı öz işinə başlayıb. Filarmoniyadan "Olaylar" - a bildirilib ki, tədbirdə Azərbaycanın bir sıra bölgələri ilə yanaşı Türkiyə, Rusiya, Gürcüstan, İsrail, Misir, Ukrayna və Türkmənistandan da məktəblilər qatılıblar. Konfrans çərçivəsində Bakı şəhəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Xətai rayonu Heydər Əliyev adına lisey, Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey, Zaqatala rayonu akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey, Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəb, Ankara şəhəri Heydər Əliyev İlk okulu, Tbilisi şəhər 64 nömrəli orta məktəb arasında "Qardaşlaşma sazişi" imzalanıb. Məktəblilər başqa ölkələrdə yaşamalarından, dillərinin müxtəlifliyindən asılı olmayaraq, dostluqlarının möhkəm və sarsılmaz qalacağınaəminliklərini bildiriblər.
Tədbirin sonunda isə Uşaq Filarmoniyası hazırladığı konsert proqramı ilə çıxış edib. Multikultural dəyərlərə əsaslanaraq proqramda bir sıra xalqların rəqslərinə - özbək, italyan, moldav, ərəb rəqslərinə - müraciət olunmuşdu. Rəqs kollektivləri ilə yanaşı əməkdar İncəsənət Xadimi Dilarə Əliyevanın rəhbərliyi altında Uşaq Filarmoniyası nəzdində fəaliyyət göstərən Uşaq Xor Kapellası,"Şəms" uşaq xoru çıxış edib. Sonda Xalq Çalğı Alətləri ansamblı və balaca xanəndələrin ifasında Qarabağ şikəstəsi zərbi muğamı tamaşaçıların aramsız alqış sədalarına səbəb oldu.