Fikrət Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi ilə görüşüb
Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edərək, təşkilatın rəhbər orqanları olan İcraiyyə Komitəsində və Senatında təmsil olunur.
3 May 2017 15:44 SosialAzərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edərək, təşkilatın rəhbər orqanları olan İcraiyyə Komitəsində və Senatında təmsil olunur. Ədliyyə naziri, Assosiasiyanın senatoru və fəxri üzvü Fikrət Məmmədovun ölkəmizdə səfərdə olan BPA-nın baş katibi Han Moraal və icraçı direktoru xanım Yanne Holst Hübner ilə görüşü olub. Nazirlikdən verilən məlumata görə, Azərbaycanın Assosiasiya ilə uzun illər sıx əməkdaşlıq etdiyini vurğulayan nazir 2002-ci ildə BPA-nın İcraiyyə Komitəsinin iclasının Bakıda uğurla keçirildiyini və komitə üzvlərinin ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunduğunu xatırladıb, təşkilatın rəhbər şəxslərinin dəfələrlə respublikamıza səfərlər etdiyini söyləyib. Həmçinin, ölkəmizin qurumun işində yaxından iştirakı, o cümlədən BPA-nın saytının və xüsusi internet şəbəkəsinin aparılması, sənədlərinin tərcümə edilərək nəşr olunması və prokurorlar arasında yayılması qeyd olunub. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə sistemində, ədliyyə və prokurorluq orqanlarında aparılan islahatlar və yeniliklər barədə faydalı fikir mübadiləsi aparılıb.
H.Moraal ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək son 25 il ərzində respublikamızın heyranedici hərtərəfli inkişafını və müsbət dəyişikliklərin geniş vüsət aldığını vurğulayıb, məhkəmə-hüquq islahatlarını, o cümlədən infrastrukturun müasirləşdirilməsini təqdir edib. Qonaq Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığını, uzun illər Assosiasiyanın işinə verdiyi dəyərli töhfələrini, güclü dəstəyini və fəal təmsilçiliyini qeyd edib. Həmçinin, qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini bildirərək gələn il BPA-nın İcraiyyə Komitəsinin iclasının Bakıda yüksək səviyyədə təşkil olunacağına əminliyini söyləyib.