Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı Bişkekdə beynəlxalq konfrans keçirilib

Bişkekdə Qırğızıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə “Heydər Əliyev və dövran” adlı beynəlxalq konfrans keçirilib.

Bişkekdə Qırğızıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə "Heydər Əliyev və dövran" adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Qırğızıstan Prezidenti Aparatının, hökumətin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, ictimai-siyasi xadimlər, akademiyanın rəhbərliyi və professor-müəllim heyəti, tələbələr, Azərbaycan diasporunun təmsilçiləri, jurnalistlər iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə akademiyanın foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolarla və kitab sərgisi ilə tanış olublar.

Sonra "Heydər Əliyev ilə bir gün" adlı sənədli film nümayiş etdirilib.

Akademiyanın rektoru Almaz Nasırov Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb. Bu dahi şəxsiyyətin doğum gününə həsr olunan beynəlxalq konfransın rəhbərlik etdiyi akademiyada keçirilməsindən şərəf hissi duyduğunu bildirib. Rektor vurğulayıb ki, Heydər Əliyevin həyat yolu gənclərə bir örnəkdir.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycan tarixindəki müstəsna rolu haqqında məlumat verib. Səfir Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışıb. Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir Ulu Öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik dövlət xadimi kimi xarakterizə edib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna xidmətləri olub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin səylərindən danışan səfir deyib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur. Səfir Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən söhbət açıb, ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin dünya miqyasında tanınmasında rolundan danışıb. O, böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbətlə yanaşdığını söyləyib. Diplomat bildirib: "Ulu öndər Heydər Əliyev deyirdi: "Manas"ın dili - bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq".

Qırğızıstan Xarici İşlər Nazirliyinin ikinci siyasi departamentinin direktoru Kanat Tursunkulov Heydər Əliyevin 1995-ci ildə Qırğızıstana səfərini xatırladıb, bu səfərin qırğız xalqının yaddaşından silinməyəcəyini, həmin səfər zamanı müasir dövrdə ölkələrimiz arasında əlaqələrin bünövrəsini qoyduğunu bildirib. O, Heydər Əliyevin fenomen şəxsiyyət olduğunu, bütün türk dünyasında olduğu kimi, Qırğızıstanda da hər zaman bu böyük siyasi xadimin yad edildiyini və sevildiyini qeyd edib.

Türkiyə, Qazaxıstan və Özbəkistanın Qırğızıstandakı səfirləri Mətin Kılıç, Ayımdos Bozjiqitov və Komil Rəşidov Heydər Əliyevin Azərbaycanın inkişafındakı böyük rolundan, onun dünya şöhrətli siyasi xadim olmasından, bu böyük siyasətçinin bütövlükdə türk dünyası qarşısındakı xidmətlərindən söhbət açıblar.

Qırğızıstan Baş nazirinin müşaviri, Qırğızıstan Xalq Assambleyasının sədri Tokon Mamıtov və Qırğızıstanda fövqəladə və səlahiyyətli səfir dərəcəsi olan professor Nurlan Aytmurzayev Ulu Öndərin SSRİ dövründə yüksək vəzifələrdə işlədiyi dövrlərdəki xidmətlərindən, ziyalılar arasında qazandığı hörmətdən söz açıblar.

Bölmələr üzrə keçirilən tədbirdə Dövlət İdarəçilik Akademiyasının professoru Baktıkan Toroqeldiyeva moderatorluq edib.

İkinci Dünya müharibəsi veteranı, Qırğızıstanın Əməkdar İnşaatçısı Əsəd Həsənov "Mənim Heydər Əliyev ilə görüşlərim", Özbək Milli-Mədəni Mərkəzinin sədri Baxtiyarjan Fəttahov "Heydər Əliyevin türk xalqları qarşısındakı rolu", Bişkek şəhərinin 44 saylı orta məktəbinin direktoru Flora Xəlilova "Dahi şəxsiyyətin tarixdəki rolu", Qırğızıstan Prezidenti yanında Əfv Komissiyasının üzvü Aydın Alaferdov "Heydər Əliyev - müstəqil Azərbaycanın qurucusu" və digər mövzularda məruzələr dinlənilib.

Almaz Nasırov səfir Hidayət Orucovun Bişkekdə qırğız və rus dillərində çap olunan "Heydər Əliyevin milli siyasəti" kitabının və Azərbaycanla bağlı çoxlu sayda kitabların akademiyaya hədiyyə olunmasına görə səfirliyə təşəkkür edib. AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31