İstehsalatda bədbəxt hadisələrin qarşısı niyə alınmır?
Hər il dünyada istehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur və 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Odur ki, dünyada əməyin mühafizəsinin təşkili ən aktual məsələlərdən hesab olunur. Etiraf edilməlidir ki, istehsalatda bədbəxt hadisələrin baş verməsi Azərbaycanda da mütəmadi şəkildə müşahidə olunur.
3 May 2017 12:50 Sosialİşəgötürənlər əlverişli iş şəraitinin yaradılmasında maraqlı deyillər
Hər il dünyada istehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur və 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Odur ki, dünyada əməyin mühafizəsinin təşkili ən aktual məsələlərdən hesab olunur. Etiraf edilməlidir ki, istehsalatda bədbəxt hadisələrin baş verməsi Azərbaycanda da mütəmadi şəkildə müşahidə olunur. Belə halların baş verməsinə səbəb kimi əsasən işəgöterənlər tərəfindən əlverişli iş şəraitinin yaradılmamsı göstərilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından verilən məlumata görə, texniki əmək müfəttişlərin 2016-cı ildə həyata keçirdiyi yoxlamaların nəticəsi olaraq 1885 işçi əlverişsiz əmək şəraitindən, 59 ağır fiziki işə məruz qalmış işçilər iş yerlərindən çıxarılmış və 713 texnoloji avadanlıqlar təhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. Aparılan profilaktik nəzarətin nəticəsi olaraq yoxlanan müəssisələrdə hər 14 işçinin həyatı üçün risk faktorları aradan qaldırılıb. Keçirilən bütün bu tədbirlər və aparılan ardıcıl iş əməyin mühafizəsi və işçilərin zədələnmə və ölüm göstəricilərinə təsir edib. 2017-ci ilin birinci rübünün nəticələrinə görə 2016-cı ilin analoji dövrü ilə müqayisədə həmkarlar ittifaqlarının əhatəsində olan müəssisələrində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 71,5 faiz azalıb. Belə məlum olur ki, bir sıra müəssisələrdə hələ də əməyin mühafizəsi xidmətinin yaradılmasına, hətta işçilərin əməyin mühafizəsi ilə bağlı mütəmadi təlimatlandırılmasına biganə münasibət mövcuddur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə qeyd edib ki, əməyin mühafizəsi işinin təşkili idarəetmənin əsas təminatçısı sayılır. İşəgötürənlər Əmək Məcəlləsinin 223-cü maddəsinin tələbləri əsasında rəhbərlik etdiyi müəssisədə əməyin mühafizəsi xidməti yaratmağa borcludurlar. Xidmət heyətinin sayı barədə xüsusi normativ sənəd olmamasına baxmayaraq, işəgötürən istehsalat sahələrinin hamısını əhatə etməyə çata bilən sayda xidmət təşkil etməlidir: "Əslində müəssisənin bütün mühəndis heyəti və vəzifəli şəxsləri əməyin mühafizəsinin idarə olunmasında iştirak etməlidirlər.Bunun üçün müəssisədə əməyin mühafizəsinin təşkil edilməsi Qaydaları işlənib təsdiq edilməlidir. Qaydalarda vəzifəli şəxslər arasında iş bölgüsü, əlaqələrin qurulması, tabeçilik və kimin nəyə cavabdeh olduğu göstərilir. Eyni zamanda müəssisədə işçilərin əmək funksiyaları tərtib və təsdiq edilərkən əməyin mühafizəsi üzrə ona həvalə edilən məsələdə orada öz əksini tapmalıdır. Əməyin mühafizəsinin təşkili və idarə olunması məsələlərində işçilərə təlimatların keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, bir sıra müəssisələrdə işçilərə keçirilən giriş, ilkin, təkrar, vaxtaşırı və s. təlimatlar mükəmməl tərtib edilmir və vaxtlı-vaxtında keçirilmir. Hər bir peşə adamı üçün əməyin mühafizəsi üzrə təlimat hazırlanarkən o peşə üzrə tərtib və təsdiq olunmuş əmək funksiyasından istifadə olunmur. Halbuki, peşələr üzrə əməyin mühafizəsi təlimatları əmək funksiyasına müvafiq tərtib edilməlidir. Peşə sahiblərinə təlimatların çatdırılması və onların bu təlimatlarla tanış edilməsi heç də həmişə təşkil edilmir. Nəticədə bədbəxt hadisələr baş verən zaman xəsarət alanın təlimatla tanış olmadığı və yaxud onun barəsində səthi məlumatı olduğu təhqiqat zamanı aşkar olunur". O da faktdır ki, bir sıra hallarda müəssisələrdə işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, yaxud işçilərin onlardan istifadə məsələsi də arxa plana keçir. F.Əlizadə bildirib ki, işçilərin kollektiv və fərdi mühafizə vasitələrindən istifadəsi məsələsində də bir sıra çatışmamazlıqlar mövcuddur. Xüsusilə tikinti və tikinti materialları istehsalatları sahələrində işləyənlərin kollektiv və fərdi mühafizə vasitələrindən lazimi qaydada istifadə etmədikləri əmək müfəttişləri tərəfindən dəfələrlə müşahidə edilib. Bir də görürsən ki, hər-hansı hündürmərtəbəli binanın yuxarı mərtəbələrində armatur karkası quraşdıran işçinin başında dəbilqə, belində mühafizə kəməri, əlində əlcəyi yoxdur. Eləcə də tikinti materialları istehsalı ilə məşğul olan çoxsaylı daş karxanalarında əmək müqavilələri bağlamadan işə cəlb edilmiş vətəndaşın əynində heç bir fərdi mühafizə vasitəsinin olmadığının şahidi olursan. Əməyin mühafizəsi və o cümlədən texniki təhlükəsizlik qaydalarının pozulmasına dair çoxsaylı misallar çəkmək olar. Hansı ki, bu səbəblər üzündən istehsalatda bədbəxt hadisələrin baş verməsi halları artır". Xidmət rəisi əlavə edib ki, iqtisadiyyatın mühüm sahələrindən olan tikinti sahəsində baş vermiş qəza və texniki təhlükəsizliyin pozulması halları ilə əlaqədar olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 30 avqust 2007-ci il tarixli 624 nömrəli Fərman imzalamışdır. Bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyati dövlət orqanları ilə birlikdə tikinti sahəsində işçilərin əmək şəraitinin və iş yerlərinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına, işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyim ilə işəgötürənlər tərəfindən təmin edilməsinə və əmək müqaviləsi əsasında tənzimlənməsinə nəzarəti gücləndirməsi tapşırılmışdır: "Bu göstərilənləri nəzərə alaraq işəgötürənlər tərəfindən aşağıda qeyd edilən tədbirlərin həyata keçirilməsini vacib hesab edirik: Müəssisədə əməyin mühafizəsi xidmətinin yaradılması; Bütün peşələr, vəzifələr üzrə texniki təhlükəsizlik qaydaları barədə təlimatların işlənib hazırlanması və işçilərin tanış edilməsi; İşçilərin əməyin mühafizəsi və o cümlədən texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, onların biliklərinin mütəmadi olaraq yoxlanılması, təlimatların qeydiyyatının aparılması; Əməyin mühafizəsi məsələlərinə cavabdeh olan məsul vəzifəli şəxslərin, mütəxəssislərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməyin mühafizəsinə dair təşkil etdiyi kurslardan keçməsi; Əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsinə sərf etmək üçün lazimi maliyyə vəsaitinin və materialın ayrılması və təyinatı üzrə sərf edilməsi; İşçilərin xüsusi geyim və digər fərdi mühafizə vasitələri ilə təmin olunması, həmçinin fərdi mühafizə vasitələrindən istifadə olunmasına nəzarətin həyata keçirilməsi; İş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, normal əmək və istirahət rejiminə riayət olunmasının təmin edilməsi, işçilərin geyinib-soyunma, yuyunma və digər təyinatlı məişət otaqları ilə təmin olunması; İş yerlərinin əmək şəraitinə görə attestasiyasının aparılması; İşçilərin ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müyinədən keçirilməsi; İş yerlərinin ilkin tibbi yardım çantaları ilə təchiz olunması və bədbəxt hadisələr zamanı zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi barədə işçilərə xüsusi təlimatların keçirilməsi. Əlbəttə, bu tədbirlərin həyata keçirilməsi iş yerlərində əmək şəraitinin əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına uyğun olmasına imkan verəcəkdir".
Alim