İnsanı tədricən ölümə sürükləyən bəla
Tarixə nəzər salsaq görərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, Roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir.
2 May 2017 13:56 SosialTarixə nəzər salsaq görərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, Roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarını azaldan vasitə kimi qəbul olunurdu. Xaşxaş qozasından alınan cirə - yəni tiryək isə tibbi məqsədlər üçün istifadə olunub. Ümumiyyətlə, tiryəkli preaparatlar orta əsrlərdə təbabətdə geniş yayılmışdı. Tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunurdu. Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilir ki, narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə çevrilib. Digər bir tərəfdən isə narkotik maddələrin qanunsuz dövriyyəsi gəlir əldə etmək üçün başlıca vasitə olub.
Narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdikləri prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək (cinayət təqibi) və s. lazımdır. Bütün bunlar Avropa ölkələrində tətbiq olunur və çox müsbət nəticələr verir.
Qeyd edildiyi kimi, narkomaniya insanın tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu olaraq özü-özünü ölümə məhkum edir. Belə ki, bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni fiziki gücdən düşməyə, həmçinin daxili orqanlar - qara ciyər, böyrək öz funksiyasını itirməyə başlayır. Bundan başqa, narkotik maddələr şəkərli diabet, hepatit kimi xəstəliklərin də yaranmasına səbəb olur. Ən nəhayət, QİÇS kimi təhlükəli bir xəstəlik qaçılmaz olur. Bu xəstəliyə yoluxanların əksəriyyəti narkotik maddə istifadəçiləridir. Bütün bunlarla yanaşı, narkotikin təsirindən həmin insanların yaxınları, ətrafındakıları ilə problemlər yaranır, onlar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməyə başlayırlar.
Mövcud problemə qarşı Azərbaycanda da səmərəli mübarizə həyata keçirilir. Belə ki, ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq Fərman imzalamışdır. Ümummilli lider Heydər Əliyevin qeyd olunan Fərmanı ilə ölkədə yeni strategiya müəyyən olundu. Həmin Fərmanın davamı olaraq 1997-ci ildə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. Ölkədə ilk dəfə 2000-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Dövlət Proqramı təsdiq olundu. Bu sənəd 5 ili əhatə edirdi. Proqram bütün dövlət qurumlarının, QHT-lərin qarşısında konkret vəzifələr qoyurdu. Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahədə imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2007-2012-ci illər)", eyni zamanda bu sənədin davamı olaraq 2013-2018-ci illər üçün eyni adlı Dövlət Proqramı narkomaniya ilə mübarizədə əldə olunan müsbət nəticələrin miqyasını daha da genişləndirdi.
Məhəmməd