Qeyri-rəsmi əmək münasibətlərinə son qoyulacaq
Ölkədə qeyri-leqal əmək münasibətlərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, son illər ərzində ölkədə açılan yeni iş yerlərinin içərisində tikinti sektoru üstünlük təşkil edir.
2 May 2017 13:48 SosialTikintidə müqaviləsiz işləyənlərə kamera ilə nəzarət ediləcək
Ölkədə qeyri-leqal əmək münasibətlərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, son illər ərzində ölkədə açılan yeni iş yerlərinin içərisində tikinti sektoru üstünlük təşkil edir. Buna baxmayaraq elə tikinti sektoruanda da əmək müqaviləsi bağlamadan işləyənlərin sayı çoxluq təşkil edir. Bu isə əmək münasibətlərindən tutmuş təhlükəsizlik qaydalarına riayət rdilməsi, eləcə də vergidən yayınma kimi halların meydana gəlməsinə səbəb olur. Bu kimi hallar nəzərə alınaraq hələ aprel ayının 3-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Belə bir addımın atılmasında səbəb vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsindən ibarətdir. Etiraf edək ki, görülən tədbirlərin nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilib, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması təmin edilib. Qətiyyətlə demək olar ki, son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Hazırda ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Belə ki, Prezident İlham Əliyev tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılacaq. Sənədə əsasən tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılacaq. Dövlət başçısının imzaladığı fərmanda qeyri-lüqal əmək müqavilələrinin leqallaşdırılması mexanizmi də nəzərdə tutulub. Daha dəqiq, ilkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər həyata keçiriləcək. İlkin mərhələdə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmiş işçilərlə bağlı məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi yaradılaraq tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinə inteqrasiya ediləcək. Paralel olaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq.
Sənədə əsasən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılacaq. Monitorinqi Mərkəzi elektron reyestrin aparılması, tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılması, işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin yaradılması və idarə edilməsi, Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində həyata keçirdikləri tədbirlərə dair hesabatlarının və zəruri olan digər materiallarının müqayisəli təhlil edilməsi, müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyətı orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi, aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsi kimi funksiyaları həyata keçirəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə tikinti obyektlərində müşahidə kameralarının quraşdırılması yerlərinə və texniki parametrlərinə dair tələbləri müəyyən edəcək, Fərmanın icrası ilə əlaqədar görülən tədbirlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə və Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına hesabatlar təqdim edəcək. Fərmanda həmçinin Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti qarşısında konkret vəzifələr müəyyən edilib. Maliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ştat sayının azaldılması hesabına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddinin 50 ştat vahidi artırılması ilə bağlı müvafiq tədbirlər görəcək.
Ekspertlər hesab edirlər ki, fərmanın icrası məqsədilə görüləcək tədbirlər nəticəsində müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmləri təkmilləşəcək, iqtisadiyyatın sosial yönümlülüyü daha da artacaq. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsi təmin ediləcək. Məşğulluğun artırılması ilə əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsinı nail olunacaq. Bundan başqa, ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsini, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsini, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsini və bu sahədə dövlət orqanları arasında koordinasiya olunan siyasətin həyata keçirilməsini təmin etmək mümkün olacaq.
Zəka