Azərbaycanda siyasi plüralizm təmin olunur
Demokratiya yolunu tutan, inkişafını bu istiqamətdə quran, eyni zamanda qeyd edilən sahədə zaman-zaman bu prinsiplərə sadiqlik nümayiş etdirən addımlar atan ölkələrdə bir qayda olaraq siyasi plüralizm də yüksək səviyyədə təmin edilir. Əslində söz, məlumat, fikir və ifadə azadlığı kimi siyasi plüralizm də bir ölkənin, cəmiyyətin demokratiya sahəsində necə inkişaf etdiyinin göstəricisidir.
1 May 2017 16:48 SosialDemokratiya yolunu tutan, inkişafını bu istiqamətdə quran, eyni zamanda qeyd edilən sahədə zaman-zaman bu prinsiplərə sadiqlik nümayiş etdirən addımlar atan ölkələrdə bir qayda olaraq siyasi plüralizm də yüksək səviyyədə təmin edilir. Əslində söz, məlumat, fikir və ifadə azadlığı kimi siyasi plüralizm də bir ölkənin, cəmiyyətin demokratiya sahəsində necə inkişaf etdiyinin göstəricisidir. Mübaliğəsiz, filansiz demək olar ki, bu gün Azərbaycanda siyasi plüralizm mövcuddur və bu prinsip də ən yüksək səviyyədə qorunur. Özü də bununla bağlı qanunvericlik bazası da mövcuddur və qeyd edilən məqamlar qanunlarda da öz əksini tapıb. "Siyasi partiyalar haqqında Qanun"da da öz əksini tapıb. İstər sözügedən qanunun mövcudluğu, istər həmin qanunda yer alan mühüm maddələrdə açıq şəkildə göstərilir ki, dövlət siyasi partiyaların mövcudluğu, onların inkişaf etməsində maraqlıdır və bu istiqamətdə məqsədyönlü addımlar atılır. Məsələn, "Siyasi partiyalar haqqında qanunun III fəslinin 13-cü maddəsində göstərilir ki, dövlətsiyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat verir. Həmçinin dövlət bu Qanunun 17-1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərir. Eyni zamanda qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə qarışmasına yol verilmir.
Digər bir müsbət məqam siyasi partiyaların normal fəaliyyəti məqsədilə dövlət tərəfindən maddi təminatın təşkilidir ki, bu da sözügedən qanunda öz əksini tapıb. Qanunun IV fəslinin 17-ci maddəsində göstərilir ki, siyasi partiyaların fəaliyyəti bu Qanuna uyğun olaraq dövlət büdcəsindən ayırmalar və əldə etdikləri digər vəsaitlər hesabına maliyyələşdirilir. Eyni zamanda qanunun həmin maddəsində siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılmasıməsələsi də qeyd edilir.Qanunda göstərilir ki, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir. Müsbət məqam ondan ibarətdir ki, məhz burada da plüralizm prinsipləri qorunur. Daha dəqiq desək Azərbaycanda siyasi plüralizmin mövcud olduğu təkcə sözdə deyil, eləcə də "Siyasi partiyalar haqqında Qanun"un qeyd edilən maddələrində də açıq şəkildə ifadə edilir. Dövlət tərəfindən siyasi partiyalara maddi yardəm ayrılanda da dünya təcrübəsi, demokratik prinsiplər qorunur, başlıca meyar kimi nəzər alınır. Məsələn elə həmin qanunun17-1.2 maddəsində yazılır ki. dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Sonrakı bənddə qeyd edilir ki, siyasi partiyalar Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, dövlət büdcəsindən ayrılan vəsait bu Qanunun 17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hər bir siyasi partiyaya ayrıca verilir.
Azərbaycanda siyasi plüralizmin mövcud olmasının digər bir göstəricisi ölkədə siyasi partiya və birliklərə verilən hüquqlar, onların qarşısında heç bir məhdudiyyətin tətbiq edilməməsidir. Hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşma, baxışlarını, bu və ya digər məsələlərə olan münasibətini ortaya qoyur. Bunun özü də heç şübhəsiz ki, siyasi plüralizmin mövcudluğunun göstəricisi sayıla bilər. Siyasi partiyalar və birliklərə verilən bu hüquqlar elə "Siyasi partiyalar haqqında Qanun"da da təsbit olunub. Qanunda qeyd edilir ki, siyasi partiyalar məqsədləri və fəaliyyəti barədə məlumatları sərbəst yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək, könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar, birliklər yaratmaq, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkilərində, habelə ümumxalq səsverməsi - referendumlarda iştirak etmək, dövlət orqanları tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək hüquqlarına malikdir. Bununla yanaşı siyasi partiyaların "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kütləvi informasiya vasitələri təsis etmək, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mitinq, nümayiş, yürüş, piket və yığıncaq keçirmək, rəmz kimi emblemlərə, bayraqlara, vımpellərə və nişanlara malik olmaq kimi hüquqları var.
Göründüyü kimi siyasi partiyalara bu və ya digər hüquqların verilməsi məsələsində də plüralizm qorunur, ən yüksək səviyyədə təmin edilir. Xüsusilə bu sırada partiya və təşkilatların mitinq, nümayiş, həmçinin bu və ya digər məsələlərlə bağlı etiraz aksiyası keçirməsini qeyd etmək yerinə düşər. Bu bir danılmaz faktdır ki, Azərbaycanda siyasi partiyaların bu kimi tədbirlər keçirməsi üçün heç bir qadağa yoxdur. İstənilən siyasi partiya və birlik istənilən zaman kəsiyində müvafiq strukturlarla razılaşdırılmış qaydada öz aksiyasını keçirə bilir. Hətta bu sahədə plüralizm o səviyyədə qorunur ki, mitinq, nümayişlər keçirmək məsələsində hakim komandadan, iqtidar partiyasından daha çox müxalifət partiyalarına və birliklərinə imkan, şərait yaradılır. Siyasi partiyalara vəzifələrin verilməsi məsələsində də eyni prinsiplər qorunur. Ən əsası odur ki, bu sahənin inkişaf etdirilməsi dövlətin, ölkə rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Çünki siyasi plüralizmin inkişaf etdirilməsinin demokratiyanın başlıca prinsipi olduğunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də çox gözəl bilir. Elə bu səbəbdəndir ki, dövlət başçısı öz çıxışlarında bu məqamı xüsusi qeyd edir. Hələ hakim Yeni Azərbaycan Partiyasının 2013-cü il, iyun ayının 7-də keçirilən V Qurultayında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demokratiyanın, demokratik ənənələri və dəyərlərin, prinsiplərin inkişaf etdirilməsinin zəruriliyini xüsusi vurğulayaraq qeyd edirdi: "Daxili siyasətlə bağlı deməliyəm ki, biz bundan sonra da Azərbaycanda demokratiyanı inkişaf etdirəcəyik. Söz azadlığı, vicdan azadlığı, din azadlığı, sərbəst toplaşma azadlığı - bütün bu azadlıqlar mövcuddur. Azərbaycanda azad internet fəaliyyət göstərir, heç bir məhdudiyyət qoyulmur. Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geridə qalmır. Bəzi hallarda bizdə olan demokratik vəziyyət başqa ölkələr üçün də örnək ola bilər və olmalıdır".
Amma bir reallıq var ki, bir sıra hallarda demokratiyadan, ölkədə bu istiqamətdə yaradılan şəraitdən, verilən imkanlardan siyasi partiya və bilriklər o qədər də səmərəli istifadə etmir. Əksinə yaradılan şəraitdən bəzən sui-istifadə edilir, demokratiyanın verdiyi imkanlardan tamamilə başqa məqsədlər üçün yararlanmağa cəhdlər göstərilir. Heç şübhəsiz ki, bu da qəbuledilməz bir haldır. Çünki bu kimi sui-istifadə halları bir çox hallarda dövlətçilik prinsipləri, milli maraqlara ziddiyyət təşkil edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də elə Yeni Azərbaycan Partiyasının V Qurultayında çıxışı zamanı bu məqama diqqət çəkərək deyib: "Çox istərdim ki, Azərbaycanda siyasi mübarizə dövlətçilik əsasında qurulsun. Əlbəttə, siyasi mübarizə olmalıdır. İqtidar-müxalifət münasibətləri də olmalıdır. Yəni, bizdə dövləti düşünən müxalifət nümayəndələri vardır və onların fikirləri ayrıdır, ölkənin inkişaf strategiyası, iqtisadi-siyasi sahə ilə bağlı öz fikirləri ola bilər. Bu, təbiidir. Ancaq əsas odur ki, dövlətçiliyə, müstəqilliyə bütün siyasi qüvvələr sadiq olsunlar".
Göründüyü kimi Azərbaycan müstəqil, demokratik bir respublika olaraq bütün demokratik prinsiplərə sadiqlik nümayiş etdirir, onların daha da inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar atır. Bu siyasətin bundan sonra da davam etdiriləcəyi göz önündədir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir