Elçin Hüseynbəyli yazır... Daim yol gedən Aydın Tağıyev...
Aydın Tağıyevi tanıyanlar bilirlər ki, o, sakit dayanan adam deyil. Tanımayanlar da eşidiblər k, Aydın Tağıyev yorlumaq bilmir.
1 May 2017 13:55 SosialElçin Hüseynbəyli
Daim yol gedən Aydın Tağıyev...
Aydın Tağıyevi tanıyanlar bilirlər ki, o, sakit dayanan adam deyil. Tanımayanlar da eşidiblər k, Aydın Tağıyev yorlumaq bilmir.
Bizim kənddə bir dəmiryolçu vardı, bizə də qohumluğu çatırdı. Relslərin üzəriylə elə yeriyirdi ki, sanki uçurdu. "Fırfıra" adlı hekayəmdə onu təsvir edərkən belə yazmışdım.: "İmralının uşaqları onun yerişi kimi, tez-tez doğulurdular. Nə az, nə çox, iki arvaddan 14 uşağı vardı. "Qəhrəman ata" fəxri adı olsaydı, birinci ona verərdilər..."
Aydın Tağıyevin də kitabları onun həyat sürətinə uyğun dünyaya gəlirlər. Deməli, ən yüksək fəxri adlara layiqdir: təkcə kəmiyyətinə görə yox, həm də keyfiyyətinə görə. Hər dəfə Şabrana gedəndə mənə bir kitab bağışlamasa, ürəyi soyumaz. Bu dəfə də belə oldu: "Yoldur gedirik (portretlər, esselər, etüdlər)" kitabını mənə verdi. Kitabın adı mənə tez-tez işlətdiyimiz bir ifadəni xatırlatdı: Həyatdı da (yaxud ömürdü də) yaşayırıq.
Aydın Tağıyev dostcanlı adamdır, dostları və yaxınıları ilə nəfəs alır. Onda nostalji hisslər o qədər güclüdür ki, xatirələrsiz yaşaya bilmir. Bu xırda vücud o böyda ürəyi necə gəzdirir, məhəttəl qalırsan...
O da xətrini çox istədiyi yazıçı-publisist Novruz Nəcəfoğlu kimi keçmişi unutmur, ona sayğıyla yanaşır. Yəqin elə ona görə də "Yoldur gedirik" kitabında daha çox ona yer verib, dostuna yeddi etüd həsr edib.
Aydın həyatda olduğu kimi yazılarında da, hətta kitablarına qoyduğu adlarda da, rubrikalarda da, fəsillərdə də səliqəlidir.
Ən çox sevdiyi müəllimləri birinci yerə qoyur, dünyadan köçənlərə xüsusi ehtiram bəsləyir ("Yoxluqlarından sonra...", "Sizsiz gələn yaz...", "Şam başında pərvanə kimi...") axırncı fəsli isə dostlarına və qədrini bildiyi, xətrini uca tutduğu insanlara, sənətkarlara həsr eləyib ("Böyük yolun uolçuları..."). Yəqin fikirləşir ki, o dünyada olanlar yollarını bu dünyada bitirblər, sağlar isə hələ yol gedir və vaxt gələcək onlar da birincilərdən olacaq...
Aydın Tağıyev daha çox müəllimlərini yadda saxlayıb, onların xatirəsinə xüsusi ehtiram bəsləyir: Tamara Qasımova, Nurbala Quliyev, Babək Xubyarov və həkim Rafiq Mustafayev...
Hələ yol gedən isə bunlardır: Novruz Nəcəfoğlu, Sadıq Elcanlı, Nəcməddin Mürvət, Ramiz Rövşən, Elçin Hüseynbəyli, Məmməd Səfo...
Aydin Tağıyev həyatda pisliyi unudub, yaxşıları yadında saxlayanlardandır. Bu yaxınlarda məndən kəndimiz haqqında soruşdular. Mən də dedim ki, kəndimizin ən paxıl, mərdiməzar, deyingən, cığal adamlarını da çox sevirəm və hər dəfə onları görmək, onları xatırlamaq mənə xoşdur. Yəqin insan getdikcə qəlb, könül rahatlığı isəyir. Aydın isə elə yolun başlanğıcından bu cürdür...
Qələm dostumun "Yol gedirik" kitabı tərtibat baxımından zəngin, poliqrafiya baxımından çox sadədir, özü kimi. Mənim bu yazım da sizi aldatmsın. Sadəcə onun bu yığcam kitabı o qədər zəngindir ki, adama "yarımçıq stəkan" kimi dolu gəlir...
Zatən, elə mənim də yazım xırdadır, sanki Aydının boyuna biçilib. Qələminə yox ha, boyuna...
Mayın birinci günü, 2017