Züleyxa Nadir yazır... Həftənin gündəm emblemi
Dünyanın hər yerində gündəm yaradan xəbərlər vaxtaşırı mediada yer alır. Əsasən tanınmış müğənnilər, aktyorlar və digər sənət adamları özlərinin şəxsi həyatları ilə bağlı şaiyələr, dedi-qodular yazdırıb gündəmə gəlirlər. Bu ona hesablanır ki, yaddan çıxıb, unudulmasınlar.
1 May 2017 13:10 SosialZüleyxa Nadir
Həftənin gündəm emblemi
Dünyanın hər yerində gündəm yaradan xəbərlər vaxtaşırı mediada yer alır. Əsasən tanınmış müğənnilər, aktyorlar və digər sənət adamları özlərinin şəxsi həyatları ilə bağlı şaiyələr, dedi-qodular yazdırıb gündəmə gəlirlər. Bu ona hesablanır ki, yaddan çıxıb, unudulmasınlar.
Bizdə isə tam fərqlidi. Gündəm yaradan hadisələr bəzən gülməli, bəzən ağlamalı, bəzən də çox iyrənc formada medianı zəbt edir. Maraqlıdır ki, gündəmi idarə edənlər bunu çox məharətlə yerinə yetirirlər. Ölkənin ən vacib, gərəkli məsələləri qalır bir yanda, ortaya atılan ucuz söhbətlər günlərlə müzakirə olunur. Bəzən bir xəbər tam bir həftəni "başına alır", bəzən də bir neçə xəbər bir-birini dabanbasaraq izləyərək həftə ərzində cəmiyyətin canına daraşır. Bu baxımdan ötən həftə çox "zəngin" oldu.
Həftə qızına 400 minlik toy edən məmurun çaldırdığı toy "havası" ilə başladı. Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov gündəmi elə qamarladı ki, mediada həmin toyu yayınlamaq üstündə basabas düşdü, tıxac yarandı. Sanki rəis, qızı və kürəkəni "liftdə qaldılar". Xarab olmuş liftdən çıxmaq üçün üçlük müxtəlif yola əl atdı. Qaynata, kürəkən və qız saytlara açıqlama verdilər ki, yayılan xəbərlər yalandı, böhtandı, sabiq kürəkənin uydurmasıdı və s.
400 minlik dəbdəbəli və zəngin toyun havasına oynayanların təri soyumamış başqa bir toy xəbəri gündəmdə bomba kimi partladı. Goranboyda yaşayan bisnesmen Qalib Mustafayev Amon və İsida adlı itinə toy etdi. Əməlli-başlı yeyib-içmək olub, hətta məclisi aşıq musiqisi müşaiyət edib. Düzdü sonradan Aşıqlar Birliyi balaban ifaçısını birlik üzvlüyündən xaric etdi, amma aşığın bəxti gətirdi ki, birliyin qəzəbinə tuş gəlmədi. Çünki Aşıqlar Birliyinin üzvü deyilmiş...
Hər iki xəbər cəmiyyətdə müzakirələrə səbəb oldu. Bu toylara ağız büzən, irad tutan, ittiham edənlərlə yanaşı bəyənənlər, təqdir edənlər də oldu. Ağız torba deyil ki, büzəsən. Kim nə istəyir danışacaq, təbiidi.
Toy xəbəri pozitiv təsirli olur. İnsanlarda istər-istəməz müsbət əhval yaradır, ən azı, üzündə xoş təbəssümün əmələ gəlməsinə səbəb olur. Bir də var insanda qıcıq yaradan, əsəbləri tərpədən xəbər ki, bu, istər-istəməz bəzən adamı aqressiya ilə yükləyir. Bu cür mənfi emosiyalı elementləri özündə birləşdirən iki xəbər bu həftənin gündəm emblemi oldu.
Xəbər yayıldı ki, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi Bəxtiyar Tuncay hicabsız qadınları alçaldan, təhqir edən fikir söyləyib. Qısacası, başı açıq qadınları əxlaqsız adlandırıb. Doğrusu, bu xəbər şəxsən məndə qıcıq oyatdı. Ona görə yox ki, Bəxtiyar Tuncay alim şərəfi ilə bir tərəziyə gəlməyən söz söyləyib. Ona görə ki, ağlı başında olan, əxlaq normalarının nə ilə ölçüldüyünü yaxşı bilən bir folklorşünasın belə söz söyləməsinə inanmadım. Şəxsən tanımıram, amma bilirəm ki, onun oturub işlədiyi bina, məşğul olduğu sahə tələb edir ki, ağzından "rastamoşka edilməmiş" söz çıxarmasın. Əminəm ki, Bəxtiyar Tuncay bunu ürəyinin istəyi ilə deməyib, sadəcə gündəm olsun deyə ortaya belə bir məsələ atılıb. Ki... bir müddət yenə də insanların başı qarışsın. Bir də görəcəksiniz ki, bu elmi işçi saytlara büsahibə verib ki, mən elə söz deməmişəm. Necə ki, itinə və qızına toy edən biznesmenlə məmur bunu etdilər.
Həftəyə nöqtəni Mingəçevirdə fəaliyyət göstərən məscidin axundu Hacı Ələmdar vurdu: "Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin". Axundun deməyinə görə onun çıxışını konteksdən çıxarıb, dediklərini olduğu kimi verməyiblər, guya çıxışının əvvəlini və axırını kəsiblər. Əgər sözündə həqiqət varsa, deməli, bu da gündəm yaradanların çox məharətlə ortaya atdıqları videodu.
Dünyanın başqa ölkələrində gündəm yaradan məsələlər ayda-ildə bir dəfə olursa, bizdə hər həftə olur. Bu, ona görə belədir ki, insanlar belə ucuz söhbətlərin nə məqsədlə ortaya atıldığını bilmir, sanki, sanki, ucuz və mənasız söhbətlərin acıdırlar. Belə bir təəssürat yaranır ki, cəmiyyət hələ xamdı.
Bu yerdə ərz edim ki, mənim dediyim "xam" rusiyalı diplomat Mariya Zaxarovanın azərbaycanlıların ünvanına söylədiyi "xamstvo" ilə eyni mənanı vermir...