Azərbaycan nümayəndə heyəti Finlandiyadakı diasporumuzun fəalları ilə görüşüb

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiyaya səfəri çərçivəsində bu ölkədəki diaspor təşkilatlarımızın fəalları ilə görüşüb. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın Finlandiyadakı səfiri Adış Məmmədov Helsinkidə keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusundakı konfrans və nümayəndə heyətinin Finlandiyanın dövlət rəsmiləri ilə keçirdiyi görüşlərlə bağlı diaspor üzvlərinə geniş məlumat verib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiyaya səfəri çərçivəsində bu ölkədəki diaspor təşkilatlarımızın fəalları ilə görüşüb. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın Finlandiyadakı səfiri Adış Məmmədov Helsinkidə keçirilən "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusundakı konfrans və nümayəndə heyətinin Finlandiyanın dövlət rəsmiləri ilə keçirdiyi görüşlərlə bağlı diaspor üzvlərinə geniş məlumat verib. Səfir Finlandiyadakı Azərbaycan diasporunun fəaliyyəti və səfirlik-diaspor əlaqələri barədə nümayəndə heyətini məlumatlandırıb. Azərbaycan dövlətinin diaspor siyasətindən danışan Kamal Abdullayev bu siyasətin əsasında azərbaycançılıq ideyasının durduğunu, diaspor fəaliyyətinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib. O, Azərbaycan Prezidentinin xarici ölkələrdəki diasporumuza mütəmadi dəstək verdiyini qeyd edib. Kamal Abdullayev Azərbaycan həqiqətlərinin Finlandiyada daha geniş yayılması zəruriliyindən söz açaraq, bu işdə diasporun üzərinə mühüm vəzifələrin düşdüyünü deyib.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycanda dövlət-din münasibətləri və Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı məlumat verib. O, Azərbaycanın müxtəlif mədəniyyətlərin qovuşduğu mühüm bir coğrafi məkanda yerləşdiyini, dini dözümlülüyə və böyük mədəniyyətə malik ölkə olduğunu vurğulayaraq, ölkəmizdə müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin dinc şəkildə yaşaması üçün dövlət tərəfindən bütün zəruri şəraitin yaradıldığını bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın müxtəlif xalqları və dinləri birləşdirən ölkə olduğunu, respublikamızda tolerantlıq və dini dözümlülüyün bərqərar olduğunu bildirərək deyib: "Azərbaycan dövləti bütün etnik qrupların öz dillərini, dinlərini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamasına və inkişaf etdirməsinə hər cür qayğı göstərir. Ölkəmizdə dövlət dəstəyi ilə sinaqoqlar, məbədlər, məscidlər və kilsələr tikilir. Bütün bunlara görə ölkəmizin siyasətinin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsinin dəfələrlə şahidi olmuşam". Sonra nümayəndə heyəti həmvətənlərimizin problemləri, gündəlik qayğıları ilə maraqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31