“Milli Kimlik” Araşdırma Mərkəzi ailə məsələsini dövlət qurumları ilə birgə müzakirə etdi
“Müasir İnkişaf” İctimai Birliyinin “Milli Kimlik” Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Milli kimlik və ailə” mövzusunda növbəti tədbir keçirilib.Tədbirdə çıxış edən “Milli Kimlik” Araşdırma Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı Aqil Eyvazov bildirib ki, artıq bir neçə ildir ki, təşkilat olaraq milli kimlik mövzusu üzrə araşdırmalar aparırlar.
1 May 2017 12:24 Sosial"Müasir İnkişaf" İctimai Birliyinin "Milli Kimlik" Araşdırma Mərkəzinin təşkilatçılığı ilə "Milli kimlik və ailə" mövzusunda növbəti tədbir keçirilib.Tədbirdə çıxış edən "Milli Kimlik" Araşdırma Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı Aqil Eyvazov bildirib ki, artıq bir neçə ildir ki, təşkilat olaraq milli kimlik mövzusu üzrə araşdırmalar aparırlar. O, keçirilən tədbirlərdən, "Azərbaycan Milli Kimliyi" kitabından söz açıb. A.Eyvazov bu işlərin görülməsi zamanı daha ciddi nəticələr almaq üçün "Milli Kimlik" Araşdırma Mərkəzi yaradıldığını və çox önəmli mövzularda müzakirələr təşkil edildiyini, Mərkəzin sıaralarında araşdırmaçıların, alimlərin birləşdiyini bildirib. O, cəmiyyətimiz üçün önəmli olan məsələlərlə bağlı fayda vermək istəyən bütün araşdırmaçıları birgə əməkdaşlığa dəvət edib. İqtisadçı alim müzakirəsini təşkil etdikləri mövzunun aktuallığından danışaraq, əldə ediləcək nəticəni müvafiq qurumlarla bölüşəcəklərini qeyd edib. "Müasir İnkişaf" İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü təşkilatın 12 ildir ki, Azərbaycanla, milli kimlik, milli-mənəvi dəyərlər, vətənpərvərlik mövzularında tədbirlər təşkil etdiyini, çalışmalar həyata keçirdiyini bildirib. M.Göyüşlü hər zaman bu işləri dövlət qurumları ilə birgə etdiklərini xüsusi vurğulayıb: "Sevindirici haldır ki, hökumət QHT münasibətləri ünsiyyət səviyyəsindən əməkdaşlıq səviyyəsinə yüksəlib". O, mövzu ilə bağlı deyib ki, bu gün cəmiyyətimizdə baş verən bir çox məsələlər ailə sahəsində ciddi problemlərin olduğunu göstərir: "Məhz bu səbəbdən də "Milli Kimlik" Araşdırma Mərkəzi bu mövzuda müzakirə təşkil edib". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Rafiq Mahmudov gender məsələləri ilə bağlı qanunvericiklikdə əks olunan məsələlərdən danışıb. O, qadın hüquqlarının, ailənin qorunmasının vacib olduğunu qeyd etdi və bu istiqamətdə Komitə tərəfindən görülən işlər barədə məlumat verdi. R.Mahmudov 2016-c ildə boşanmaların sayının artmasını narahatçılıqla dilə gətirib. Çıxışçının sözlərinə görə, bu statistika 15-20 faiz arasında dəyişir. "Boşananlar xasiyyətlərinin tutmamasını, uşağın omamasını, xəyanəti, zərərli vərdişləri qeyd edirlər" - deyə Komitə nümayəndəsi fikrini ifadə edib. O, eyni zamanda erkən nigahlarla bağlı mövcud olan problemli vəziyyətdən də söz açıb. R.Mahmudov bu istiqamətdə bütün qurumlarla əməkdaşlıq etməyə, onlardan gələn təklifləri dəyərləndirməyə hazır olduqlarını deyib.